Azərbaycanlıların Soyqırımından bəhs edən "Ünvansız qatar” tamaşası yenidən nümayiş olundu.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sona Qarayeva, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sona Mustafayevadır.
Tamaşada rolları Əməkdar artistlər Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova, Qəmər Məmmədova, Leyli Vəliyeva, Vahid Əliyev, aktyorlar Kərəm Hadızadə, Elşən Çarhanlı, Türkan Şahmarlı, Xalidə Əliməmmədova, Mehriban Hüseynova, Yasəmən Məmmədova, Xalidə Şərifova, İradə Rəşidova, Zemfira Əbdülsəmədova, Zülfiyyə Alhüseynova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Nuriyyə Əliyeva, Vahid Orucoğlu, Ramil Məmmədov, Manaf Dadaşov, İlham Əsədov, Ədalət Əbdülsəməd, Dilarə Fərəcullayeva ifa edirlər.
Tamaşada demək olar ki, bütün obrazlar ön plandadır. Yurdundan, yuvasından didərgin düşən, Bakıya pənah gətirən soydaşlarımızın yaşadığları ağrı-acını aktyor heyəti o qədər candan ifa edir ki, tamaşaçı özünü hadisələrin mərkəzində hiss edir. Ayrı ayrılıqda hər birinə təşəkkür edir və vaxtaşırı onlara həsr etdiyim yazıları sizə təqdim etmişəm. Bu dəfə isə istedadlı aktrisa Yasəmən Malik haqqında ətraflı söz açmaq istərdim. Açığını deyim ki, müxtəlif illərdə, müxtəlif tamaşalarda çalışan aktrisa sanki, “elitar” qadın obrazları ilə tamaşaçını daha çox cəzb etməyi bacarırdı. Buna misal olaraq “Ağabəyovlar”, “Bəxt üzüyü” və s . obrazları misal gətirmək olar. Məhz bu tamaşada aktrisa, streotipləri sındıraraq, xalqa daha yaxın, daha məsum obrazı ilə sübut etdi ki, aktyor istedadı sərhəd tanımır. Bu tamaşada o, obrazını o qədər içdən, səmimi ifa edir ki, insan tamaşaçı olduğunu belə unudur. Və istər istəməz hadisələri obrazlarla birgə yaşayır. Yasəmən xanım məncə öz istedad və ampluasına görə rejissorlar tərəfindən o qədər də istifadə olunmur, halbuki, onun potensial imkanı çoxşaxəlidir. Güman edirik ki, aktrisanı daha maraqlı obrazlarda görəcəyik.
Əsərin müəllifi Əli Əmirli məhz bu aktual mövzuya müraciət etməklə, uğurlu bir səhnə layihəsinə imza atmışdır. Belə əsərlər həm də tarixi yaddaşımızı gələcək nəsillərə ötürmək üçün böyük missiya daşıyır.
Təranə Feyzullayeva
Oxunub: 824