Gənc Tamaşaçılar teatrı özünün 90 illik yubileyi ərəfəsində repertuarına yeni tamaşaları daxil etməklə, tamaşaçı zövqünü oxşamağa davam edir. Bu yeni tamaşalardan biri də Nicat Kazımovun quruluşunda hazırlanan "Öldürsənə məni canikom" tamaşasıdır. Tamaşa qadın tənhalığına həsr olunub. Əslində etiraf edək ki, bu hal bir çox qadının yaşam tərzidi. Lakin bu ilk baxışdan belə görünə bilər. Daha dərinə getdikdə isə bunun böyük bir faciə olduğunu dərk etmək çətin deyil...
Əri erkən ölmüş iki qadın bu faciənin içində boğulur. Tənhalıq güc gəldikcə, onlar hər şeyə hazırdılar... Hətta ən qatı cinayətkarın belə varlığı onları qorxutmur... Nəvazişə, qayğıya, sevgiyə susayan bu qadınlar kənardan gülməli görünsələr də ən böyük faciə ilə üz üzədirlər... Möhtəşəm üçlük tamaşaçını elə ilk səhnələrdən ələ alır. Respublikanın xalq artisti Naibə Allahverdiyeva "Sien" obrazını həmişəki kimi özünəməxsus ifa edir. Sien, onun ifasında tənhalıqla çarpışsa da optimist əhval-ruhiyyəsini tam itirmir. Obraz şirindi. Məxsusi xarizması var. Aktrisa haldan hala düşərək çox ustalıqla tamaşaçını inandırır... Tamaşaçı sona qədər ondan nəsə gözləyir. Bilir ki, hər dəyişən səhnədə o növbəti özünəməxsus jestlə yenilik edəcək. Tamaşa boyu səhnədə aktrisanın möhtəşəm plastikası obrazın daha dolğun portretini yaradır. Onun səhnədəki səmimiliyi, təbiiliyi nəinki Sien, bütün obrazları üçün keçərlidir. Aktrisa obraza tənhalıqla yanaşı müxtəlif rakurslardan baxmağı bacarır. Digər obraz "Diha" Res. əməkdar artisti Qəmər Məmmədovanın ifasında bir başqadır. O isə bir az sərtdi... Hadisələrə faktların reallığından boylanır. Diha da tənhadır... Onun da öz faciəsi var... Etiraf edim ki, bu tamaşada Qəmər Məmmədova ilə ilk tanışlığımdır... Amma maraqlı təəssüratlarla yaddaşımda iz qoyan aktrisa, düşünürəm ki, obrazının ən xırda ştrixlərini belə ustalıqla yaratmağa nail olmuşdur.
Diha, Qəmər xanımın ifasında ilk səhnələrdən deyil, tədricən sevilir... Bu da aktrisanın obraza maraqlı yanaşmasıdır.
Nəhayət iki qadın savaşının ən mərkəzdə olan qəhrəmanı Allahverdi Yolçuyev səhnədə görünür. Aktyor elə ilk səhnəyə çıxdığı andan özünü sevdirməyi bacarır. Qaz idarəsinin nümayəndəsi olan bu obraz sakit, mülayim görünür. İlk anlardan qadınların münasibətindən çaş-baş qalsa da tədricən məsələnin mahiyyətinə varır. Məlum olur ki, çox kasıb həyat tərzi yaşayan bu insan da xoşbəxt deyil... Allahverdi Yolçuyev illərin təcrübəsindən bəhrələnən istedadını tamaşada uğurla sərgiləməklə yanaşı, çox asanlıqla obrazını sevdirməyə nail olur. Qeyd edək ki, bu tamaşa həm də aktyorun 60 illik yubileyinə gözəl bir töhfədir.
Quruluşçu rejissor Nicat Kazımov deyir ki, bütün tamaşa qadın tənhalığı üzərində qurulub. Ən pik dərəcəyə çatan bu tənhalıq iki qadını da qatil etməyə nail olur ki, nəticədə qaz idarəsinin nümayəndəsi ölür.
Tənhalıq və ölüm... Əslində tənhalığa düçar olan insanı ölüdən nə fərqləndirir ki... Cismi yaşasa da ruhu ölü deyilmi? Əsl qatil tənhalıqdı... Bəli deyə bilərsiz ki, hər qadının daxilində bir tənhalıq yaşayır... Bəlkə də...
Nicat Kazımovun bütün tamaşalarında müasir tandemlər ön plandadır. Plastika, musiqinin süjetlə həmahəng olması, aktyorların düzgün seçimi və s. Yeganə məhdudiyyət akyorun improvizəsinə qoyulur. Rejissor bunun əleyhinədir. Əlbəttə bu da onun iş üslubudur. Əgər nəticə etibarı ilə hər şey uğurla nəticələnirsə niyə də yox... P.S. Bir çox dahilər etiraf ediblər ki, ən böyük şedevrlər məhz tənhalıqdan ilham alaraq yaranıb... Görünür bu, yalnız dahilər üçün keçərlidir. Adi həyatda isə qadın həyatının ən böyük kabusu tənhalıqdır.
Təranə Feyzullayeva
Oxunub: 968