Dünyada hər il təxminən 500 min zəlzələ baş verir. Bu zəlzələlərdən yalnız beşdə biri hiss edilir və təxminən 100-ü dağıntılara səbəb olur.
Zəlzələlərin 90 faizi yer qabığını təşkil edən lövhələrin sərhədlərində yaranır.
FaktXəbər-in məlumatına görə, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) açıqlamasında bildirilir ki, dünyada hər il irili-xırdalı baş verən təxminən 500 min zəlzələdən 100 mini hiss edilir.
Dünyadakı ən güclü zəlzələ qurşağını, böyük zəlzələlərin 81 faizinin baş verdiyi Sakit Okean Zəlzələ Qurşağı yaradır.
Aktiv vulkanların təxminən 75 faizinin yerləşdiyi Sakit okean hövzəsini əhatə edən bu qurşağa "Sakit Okean Alov Çevrəsi" adı da verilir. Bu qurşaq Sakit okeanın Asiya və Amerika qitələrinə qonşu olan sərhədlərində yerləşir.
Təxminən 40 min kilometr uzunluğundakı qurşaq Çilidən şimala doğru Cənubi Amerika sahilləri, Mərkəzi Amerika, Meksika, ABŞ-ın qərb sahilləri və Alyaskanın cənubundan Aleut adaları, Yaponiya, Filippin, Yeni Qvineya, Cənubi Sakit okean adaları və Yeni Zelandiyaya qədər uzanır.
1960-cı ildə Çilinin Valdivia bölgəsində baş verən 9,5 bal gücündəki zəlzələ bu günə qədər qeydə alınan ən dağıdıcı zəlzələ kimi qeydiyyata düşüb.
Zəlzələlərin 17 faizinin baş verdiyi ikinci böyük zəlzələ qurşağı İndoneziyadan başlayaraq Himalay və Aralıq dənizi üzərindən Atlantik okeanına qədər uzanır və Alp-Himalay Zəlzələ Qurşağı adı ilə tanınır.
İndiyə qədər baş vermiş ən dağıdıcı zəlzələlərdən biri də 2004-cü ildə İndoneziyanın Sumatra bölgəsində 9,1 bal gücündə baş verib.
Atlantik okeanı boyu uzanan ən sıx üçüncü qurşaq isə Atlantik Regionu Qurşağı kimi tanınır.
Qlobal Zəlzələ Təhlükəsi Qiymətləndirmə Proqramı (GSHAP) dünyada yaratdığı 20 mərkəzdən toplanan məlumatlarla zəlzələ qurşaqlarını, qitələrə və zəlzələ ölçülərinə görə təsnifləşdirilən dünya zəlzələ qurşaqları xəritəsini hazırlaıyb.
Coğrafi baxımdan bu siyahıda yer alan Asiya, Şimali Amerika və Cənubi Amerika yer üzündəki bütün zəlzələlərin 90 faizə yaxınının baş verdiyi Sakit Okean Alov Çevrəsində yerləşir.
Oxunub: 1 030