Tez-tez mağazalarda, müxtəlif sosial şəbəkələrdə şok endirim kampaniyaları ilə bağlı müxtəlif reklamların şahidi oluruq. Lakin bəzən bu endirimlərin saxta olduğunu da görürük. Belə ki, məhsulun üzərinə endirimli qiymət etiketi qoyulur. Amma elə köhnə etiketdə də həmin qiymətin yazıldığını görürük. Yaxud da 50 manata satılan bir məhsulun qiyməti endirimə düşərək 49.99 manat olur. Belə “endirim siyasəti” ilə qarşılaşan müştəri nə etməlidir? Qanun bu məsələyə nə deyir?
Djb.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan marketoloq Bəylər Əlizadə bildirdi ki, bu məsələ qanunla tənzimlənmir:
“Endirim şirkətlərin marketinq kommunikasiyası ilə bağlı olan məsələdir. Əgər süni qiymət endirimi edilirsə belə, burada bir məsuliyyət olmalıdır və məhsulun üzərindəki köhnə qiymət çıxarılmalıdır.Sözügedən situasiyada şirkət öz müştərilərini itirir. Amma bu məsələnin qanunla tənzimlənən tərəfi yoxdur. Qeyd etdiyim kimi, endirimlər şirkətin daxili strategiyasına aiddir. Müştəri cəlb etmək üçün müxtəlif üsullardan istifadə edilir ki, bunlardan biri də məhsulların qiymətinə tətbiq edilən endirimlərdir”.
Ekspertin fikrincə, şirkətlər bunu müştərini aldatma kimi qəbul etmir:
“Şirkətlər, mağazalar belə “endirimlər”lə çoxsaylı müştəri cəlb edərək öz məqsədlərinə çata bilir. Təəssüf ki, qanunvericilikdə bununla bağlı bir məqam yoxdur. Belə halla rastlaşan müştəri ən yaxşı halda həmin mağazadan məhsul almaya bilər. Təcrübə göstərir ki, bu barədə indiyə qədər müştərilər tərəfindən hansısa şikayət olmayıb”.
Oxunub: 576