dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda investisiya xidmətinə dair yeni qaydalar bazara nə vəd edir?

Azərbaycanda investisiya xidmətinə dair yeni qaydalar bazara nə vəd edir?

Beş gündür ki, Azərbaycanda “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası” və “Marja ticarəti Qaydası” yenilənmiş formada qüvvədədir.

Onları Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti avqustun 31-də təsdiq edib. Bəs investisiya xidmətlərinə dair yeni qaydalar qiymətli kağızlar bazarına nə vəd edir?

"Report"a açıqlama verən ölkədəki investisiya şirkətlərindən birinin Nəzarət və Maliyyə İşləri departamentinin direktoru Elvira Məmmədova deyir ki, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”na dəyişikliklər potensial investorların işini xeyli asanlaşdırıb: "Məsələn, artıq müştərilər investisiya şirkətinə gəlmədən elektron şəkildə ("Elektron imza" və yaxud "Asan imza" ilə) müqavilə imzalayıb göndərə bilər. Həm müqavilənin bağlanılması, həm də hesab açılması elektron şəkildə - məsafədən mümkün olacaq. Bunun nə qədər işlək olacağını demək hazırda bir qədər çətindir. Çünki məsafədən hesabın açılması üçün gücləndirilmiş "Elektron İmza" tələb olunur. Amma hər fiziki şəxsin əlində belə bir vasitə yoxdur. Elə müştəri var ki, onun üçün "Elektron imza" almaqdansa, investisiya şirkətinə gəlmək daha rahatdır. Amma ən azı belə bir imkan yaradılır ki, bir qədər kənarda olan, investisiya şirkətinə gəlmək imkanı olmayan şəxs işini görə bilsin. Amma burada video görüntü tələbi də var”.

Bundan başqa, onun sözlərinə görə, yeni qaydalarda bir neçə investisiya şirkətinin eyni emissiya üzrə anderrayter olması öz əksini tapıb: "Bu da o deməkdir ki, bazara təklif olunan qiymətli kağızların daha çox müştəriyə çatması üçün imkan yaranacaq. Son nəticədə bazarın həcmi artacaq.

Digər yenilik isə odur ki, çirkli pulların yuyulması üzrə tələblər investisiya xidmətinin həyata keçirilməsi üzrə qaydalarda da öz əksini tapıb. Əvvəllər bu məsələ ümumi qanunvericilikdə var idi. Bundan sonra pulun mənbəyinə dair məsələlərə daha yaxşı aydınlıq gətiriləcək və müəyyən xoşagəlməz hallar aradan qalxacaq".

E.Məmmədova “Marja ticarəti Qaydası”na edilmiş dəyişikliklərə də aydınlıq gətirib: "Burda əsas məsələ peşəkar və institusional investorlara təklif olunan kredit həddinin 50:1 nisbətindən 100:1 nisbətinə dəyişdirilməsidir. Bu o deməkdir ki, peşəkar və institusional investorlar daha yüksək risk götürməklə daha çox gəlir əldə edə biləcəklər. Peşəkar olmayan digər investorlara görə də kredit həddi ilə bağlı dəyişikliklər olunub. Belə ki, əvvəl stabil olaraq 30:1 nisbəti əvəzində, artıq əsas valyuta cütlükləri üzrə 50:1, digər valyuta cütlükləri və qızıl indeksləri üzrə 20:1, səhm və əmtəələr üzrə (qızıl istisnadır) 10:1, kriptovalyutalar üzrə 2:1 nisbətində kredit hədləri təklif olunur. Bu o deməkdir ki, əvvəl sabit olan 30:1 nisbəti artıq maliyyə alətləri üzrə dəyişib.

Bundan başqa, marja ticarətinə dair məlumatların real vaxt rejimində "Bakı Fond Birjası" QSC-yə ötürülməsi tələbi də aradan qaldırılıb. Bu, texniki cəhətdən mümkün deyil. Yəni, bazarda gün ərzində kifayət qədər əməliyyat aparıldığından onların hər birinin real vaxt rejimində birjaya ötürülməsinin qeyri-mümkünlüyünü nəzərə alınıb".

Oxunub: 515
Oxşar xəbərlər
SON XƏBƏRLƏR