Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbiri ilə bəzi banklar tərəfindən MKR-ə (Mərkəzləşdirilmiş Kredit Reyestri) ötürülən məlumatların vaxtında işlənilməməsi və qeyri-dəqiq verilməsi, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) həmin təşkilatlar tərəfindən verilən problemli kreditlərlə bağlı məlumatlarda uyğunsuzluq və subyektivlik halları müəyyənləşdirilib.
“APA-Economics”in məlumatına görə, bu, Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Sənəddə qeyd edilib ki, problemli kreditlərlə bağlı verilən məlumatlarla prudensial hesabatlar arasında çoxsaylı uyğunsuzluqlar olub, xarakterik təhriflərə və boşluqlara yol verilib. Bu da kredit təşkilatlarında uçot və hesabat sahəsində ciddi problemlərin mövcud olduğunu, xüsusilə balansdan silinərək balansdankənar hesabda qeydə alınan kredit borclarının uçotdan yayındırıldığını göstərir.
Hər iki devalvasiyaya görə 30 bank, 15 LPO bank və 47 BOKT üzrə ümumilikdə 1003067 kredit müqaviləsi Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən araşdırılıb və kompensasiya hesablanılaraq, ödəniş aparılıb. Büdcə vəsaitinə olan tələbatın 49,3%-i ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənişi üçün kredit təşkilatlarına yönəldilən hissədən, 50,7%-i fiziki şəxslərin sərəncamına yönəldilən, yəni müştərilərə çatacaq hissədən ibarətdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına müvafiq olaraq, fiziki şəxslərin 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi müəyyənləşdirilmiş qaydada hesablanaraq, dövlət büdcəsinin vəsaiti hesabına 3 aydan gec olmayaraq ödənilməsi həyata keçirilib. Bu istiqamətdə 629 mln. manat vəsait icra edilib.
Oxunub: 542