İspaniyanın “Barselona” klubu dördüncü transferini həyata keçirib.
Oxu.Az xəbər verir ki, Kataloniya klubu Münhen “Bayern”i ilə çilili Arturo Vidalın keçidi barəsində razılıq əldə olunduğunu açıqlayıb.
Tibbi müayinədən sonra dayaq yarımmüdafiəçisi olan Vidalla üç illik müqavilə bağlanacaq. Hamının Milan “İnter”inə keçəcəyini gözlədiyi bu futbolçuya görə “Barsa”nın 30 milyon avro xərcə düşdüyü deyilir.
Qeyd edək ki, “Barselona” daha əvvəl “Bordo”dan braziliyalı yarımmüdafiəçi Malkonu, “Qremio”dan Arturu və “Sevilya”dan fransız mərkəz müdafiəçisi Kleman Lanqleni transfer etmişdi.