dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıtda 9 il əvvəl atasını öldürən şəxsin yenidən məhkəməsi başlayıb

Sumqayıtda 9 il əvvəl atasını öldürən şəxsin yenidən məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 9 il əvvəl atasını öldürməkdə təqsirləndirilən Azər Yaqubovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda qeyd edilib ki, Sumqayıt sakini A.Yaqubov 2009-cu ildə atası Şaban Yaqubovu yatmış, köməksiz vəziyyətdə qətlə yetirib. Hadisəyə səbəb isə A.Yaqubovun işləməməsi olub. Belə ki, atasının onu tez-tez danlamasını bəhanə gətirərək onu öldürməyi planlaşdırıb. Bu məqsədlə də atasını yatan zaman balta ilə 3 dəfə vuraraq qətlə yetirib.

A.Yaqubov elan olunmuş ittihamla özünü təqsirli bilib və əməlini etiraf edib.

Məhkəmədə A.Yaqubova sərbəst ifadə vermək təklif olunub. O, dindirilən zaman atasını bir dəfə balta ilə vurduğunu deyib.

Məlum olub ki, A.Yaqubov 9 il əvvəl də istinataqa eyni sözləri deyib. Hakim xatırladıb ki, ekspertizanın rəyinə əsasən, A.Yaqubov atasına 3 zərbə endirib.

Prokurorun suallarını cavablandıran A.Yaqubov hadisəni törədən zaman atasının yatmadığını, televizora baxdığını və mübahisə etdikdən sonra vurduğunu söyləyib.

A.Yaqubov əməlindən peşman olduğunu bildirib.

Hakim cinayət işi materiallarında olan məlumatlara əsasən, A.Yaqubova xatırladıb ki, atasının oyaq olmasını sübut edəcək bir fakt yoxdur. Belə ki, mərhum Ş.Yaqubov hər gün səhər işə getdiyi üçün gecə saat 2 radələrinə qədər oyaq olması inandırıcı görünmür.

Həmçinin A.Yaqubov istintaqda deyib ki, ətrafa qan sıçramasın deyən atasının başına yorğanı çəkərək ona balta ilə zərb endirib. Hakim bildirib ki, bununla da məlum olur ki, mərhum həmin vaxt yatıbmış.

Daha sonra mərhumun hüquqi varisi kimi digər oğlu Anar Yaqubov da məhkəmədə ifadə verib. O, hazırda qardaşından şikayətçi olmadığını deyib.

A.Yaqubov psixi xəstəlikdən əziyyət çəkdiyi üçün bacısı Nigar Quliyeva ona nümayəndə təyin edilib. Onun səhhəti normallaşdığı üçün bacısı nümayəndəlikdən çıxarılıb və şahid qismində məhkəmədə dindirilib. N.Quliyeva həm zərərçəkmiş, həm də qardaşının nümayəndəsi olduğunu söyləyib. O qeyd edib ki, hadisə maddi çətinlik səbəbindən baş verib.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti prosesi yanvarın 26-na təyin olunub.

Xatırladaq ki, A.Yaqubov qətli törədəndən sonra psixi xəstəliyə tutulduğu üçün müalicəyə göndərilib. İndi səhhəti normallaşdığı üçün işinə yenidən baxılır.

Qeyd edək ki, Sumqayıt şəhəri 8-ci mikrorayon sakini A.Yaqubov ailə münaqişəsi zəminində atası Ş.Yaqubovu balta ilə vuraraq qətlə yetirib. O, hadisədən sonra psixi xəstəliyə tutulub.

2009-cu ildə məhkəmə onun psixi xəstəliyi ilə bağlı məcburi müalicəyə göndərilməsi ilə bağlı qərar çıxarıb.

Qanuna əsasən, A.Yaqubovun səhhəti normallaşdığı üçün barəsində olan cinayət işi üzrə yenidən məhkəmə istintaqı aparılmalıdır.

Oxunub: 721
Oxşar xəbərlər
SON XƏBƏRLƏR