Kempo üzrə Avrasiya çempionu, səkkiz qat Azərbaycan çempionu Ceyhun Niyazov bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, 1994-cü il təvəllüdlü idmançı yaşadığı Ağcabədi rayonunda Cəlil Əsədov tərəfindən hücuma məruz qalıb və ağır yaralanıb. Məlumata görə, hadisə C.Əsədovun idmançının işlətdiyi kafeyə hücum etməsindən sonra baş verib.
Hadisə dekabrın 27-də baş verib. O, dünən xəstəxanadan evə buraxılıb, amma müalicəsi davam etdirilir.
Məsələ ilə bağlı Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimovun fikirlərini öyrəndik. Lakin gözlənilməz reaksiya ilə rastlaşdıq. Belə ki, İbrahimov Niyazovun bıçaqlanmasından saytlar vasitəsilə xəbər tutduğunu bildirdi. Onun sözlərinə görə, Ceyhunla əlaqələr itib:
“Mən onunla bir il çalışmışam. Müəllimi olmuşam. Lakin ilyarımdır ki, onunla heç bir əlaqəm qalmayıb. Buna görə də onun bıçaqlanmasından xəbərim olmayıb. Gərək adamın yanında olasan ki, ondan xəbər tutasan. Mən onun yanında deyiləmsə, haradan bilim ki, onu bıçaqlayıblar. Atanın üzünə qapı çırpmış oğuldan niyə xəbəri olmalıdır ki?”