Bəzən Allah insanın qarşısına elə insanları çıxarır ki, onların varlığı özü bir məktəb, bir örnək olur. Mənim üçün Almaz İlahə Əhməd məhz belə bir insandır.
O, təkcə istedadlı yazıçı, peşəkar jurnalist, Dünya Jurnalistlər Birliyinin İdarə Heyətinin üzvü və Türkiyə–Azərbaycan dostluğunun yorulmaz təbliğatçısı deyil. O, hər şeydən əvvəl ürəyində Vətən sevgisini, insanlıq duyğusunu və dostluğa sədaqəti daşıyan böyük bir Azərbaycan qadınıdır.
Almaz xanımın ən müqəddəs adı isə mənim üçün Qəhrəman Anası adıdır. Çünki o, Qarabağın azadlığı uğrunda canını sipər edən, göstərdiyi igidliyə görə sağlamlığını itirmiş bir qəhrəmanın anasıdır. Belə övlad yetişdirmək yalnız böyük ürək sahibi olan analara nəsib olur. Hər bir qəhrəmanın arxasında dua edən, göz yaşı tökən, səbir göstərən müqəddəs bir ana dayanır. Almaz xanım da həmin analardandır.
Bu gün oğlu qəhrəmanlığının ağır izlərini bədənində və həyatında daşıyır. Ancaq mən inanıram ki, belə qəhrəman övlad böyüdən ana heç vaxt sınmaz. Çünki onun qəlbində həm Vətən sevgisi, həm də Allahın verdiyi güclü iradə yaşayır.
Almaz xanım harada yaşamasından asılı olmayaraq, Azərbaycanın adını uca tutur, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağlarının daha da möhkəmlənməsi üçün yorulmadan çalışır. O, sözü ilə də, qələmi ilə də, əməli ilə də Vətəninə xidmət edir.
Mən fəxr edirəm ki, belə dəyərli bir insanı rəfiqəm adlandıra bilirəm. Onun dostluğu mənim üçün böyük mənəvi sərvətdir. Belə insanlar cəmiyyətin vicdanı, millətin qüruru və gələcək nəsillərə örnək olan şəxsiyyətlərdir.
Əziz Almaz xanım! Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Allah sizi qorusun, qəhrəman oğlunuza şəfa, ailənizə səbir və möhkəmlik nəsib etsin. Uca Yaradan sizin Vətən, xalq və Türkiyə–Azərbaycan qardaşlığı naminə gördüyünüz bütün xidmətləri öz dərgahında qəbul etsin.
Sizin kimi insanlar Azərbaycanın mənəvi sərvəti, Türk dünyasının qüruru və hər birimizin fəxridir.
İndira Şəmsivari
Oxunub: 4