dini radikalizm və ekstremizmlə mübarizə

EVİN BÖYÜK QIZI: BİR AİLƏNİN İLK BAHARI


Hər bir valideynin həyatında elə bir an olur ki, zamanın axarını tamamilə dəyişir. Bu, ilk övladın dünyaya gəldiyi andır. Əgər ailənin o ilk göz ağrısı, ilk sevinci bir qız uşağıdırsa, o evə sadəcə bir körpə deyil, həm də sonsuz bir bərəkət, zəriflik və fədakarlıq qədəm qoyur.
Evin böyük qızı olmaq - sadəcə təqvimdə digər bacı-qardaşlardan öndə olmaq demək deyil. Bu, hələ uşaq yaşlarından çiyinlərində böyük bir məsuliyyət daşımaq, ailənin görünməyən dayağına çevrilmək deməkdir. Böyük qız - ananın ən yaxın sirdaşı, atanın qəlbinin ən yumşaq yeridir. O, valideynlərinə ana-ata olmağı, ilk dəfə bir canı öz canından çox sevməyi öyrədən ilk müəllimdir.
Arxasınca gələn qardaşın, bacının addımlarına cığır açan, onlara həm sevgi, həm də analıq hissi ilə sahib çıxan yenə də evin böyük qızıdır. O, böyüdükcə ailənin ikinci anasına, hər kəsin çətin anında sığınacağı isti bir limana çevrilir. İllər ötür, fəsillər dəyişir, o körpə qız uşağı yetkin bir insan, bəlkə özü də bir ana olur. Zamanın qarşısıalınmaz sürəti ilə onun ömür səhifələri vərəqlənir, yaşının üstünə yaş gəlir. Lakin valideyn nəzərində onun yeri heç vaxt dəyişmir. O, 50-ni də keçsə, saçlarına dən də düşsə, valideynin qəlbində hər zaman o ilk qucağa alınan, qoxusu dünyalara bərabər olan məsum və əvəzolunmaz körpə olaraq qalır.
İlk qız övladı - bir ailənin təməli, sevgi ilə hörülmüş divarıdır. Bu gün bütün valideynlərin adından evin böyük qızlarına - o ilk səmimi duyğuları bizə yaşadan, ömrümüzə bərəkət və işıq qatan canparçalarımıza təşəkkür edirik. Varlığınız hər zaman evlərimizin ruzisi, qəlbimizin fərəhi olsun!

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR