Türkiyə Statistika Qurumu (TÜİK) 2025-ci ilə dair beynəlxalq miqrasiya statistikasını açıqlayıb.
Rəsmi statistikaya görə, 2025-ci ildə Türkiyəyə köç edənlərin sayı əvvəlki illə müqayisədə 25,2 faiz artaraq 393 min 829 nəfər olub. Onların 56,6 faizini kişilər, 43,4 faizini isə qadınlar təşkil edib. Türkiyəyə xaricdən gələnlərin 91 min 952 nəfəri Türkiyə vətəndaşı, 301 min 877 nəfəri isə xarici ölkə vətəndaşı olub.
Ötən il Türkiyədən xaricə köç edənlərin sayı isə 2024-cü illə müqayisədə 5 faiz azalaraq 403 min 216 nəfər təşkil edib. Bu şəxslərin 55,3 faizi kişi, 44,7 faizi qadın olub. Xaricə köçənlərin 155 min 119 nəfəri Türkiyə vətəndaşı, 248 min 97 nəfəri isə xarici ölkə vətəndaşı olub.
Yaş qrupları üzrə göstəricilər
2025-ci ildə Türkiyəyə köç edənlər arasında ən böyük payı 20-24 yaş qrupu tutub – 16,3 faiz. Onları 13,7 faizlə 25-29 yaş qrupu, 11,5 faizlə isə 30-34 yaş qrupu izləyib.
Türkiyədən köç edənlər arasında isə ən böyük pay 14,3 faizlə 25-29 yaş qrupuna məxsus olub. Sonrakı yerlərdə 20-24 yaş qrupu (12,5 faiz) və 30-34 yaş qrupu (12 faiz) qərarlaşıb.
Ən çox köç alan və verən şəhərlər
2025-ci ildə Türkiyəyə gələnlərin şəhərlər üzrə bölgüsündə ilk yerdə İstanbul qərarlaşıb. Ölkəyə gələnlərin 42,2 faizi bu şəhərdə məskunlaşıb. Sonrakı yerlərdə Antalya (9,1 faiz), Ankara (6,7 faiz), İzmir (3,1 faiz) və Bursa (2,9 faiz) yer alıb.
Türkiyədən xaricə köç edənlər arasında da ilk yerdə İstanbul olub. Xaricə gedənlərin 35,4 faizi bu şəhərin payına düşüb. Ardınca Ankara (8,7 faiz), Antalya (6,5 faiz), Mersin (4,3 faiz) və İzmir (3,7 faiz) gəlir.
Türkiyəyə ən çox hansı ölkələrdən köç gəlib?
2025-ci ildə Türkiyəyə gələn xarici vətəndaşlar arasında ilk yeri Türkmənistan vətəndaşları tutub – 23,4 faiz. Sonrakı yerlərdə Azerbaijan (8,3 faiz), Özbəkistan (6,9 faiz), Misir (6,1 faiz) və Əfqanıstan (5,8 faiz) qərarlaşıb.
Türkiyədən köç edən xarici vətəndaşlar arasında isə ilk sırada İraq vətəndaşları olub – 15,7 faiz. Onları Əfqanıstan (11,2 faiz), Rusiya (7,6 faiz), İran (6,3 faiz) və Türkmənistan (5,7 faiz) izləyib.
Oxunub: 0