Biləsuvarda təhsil sahəsində beynəlxalq əməkdaşlığın inkişafına töhfə verəcək növbəti əlamətdar hadisə baş verib. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan Bağça-Məktəb-Lisey Kompleksində Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi Mərkəzinin rəsmi açılışı olub.
1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə keçirilən tədbirdə Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, elm və təhsil ictimaiyyətinin nümayəndələri, təhsil kompleksinin müəllim və şagirdləri iştirak ediblər.
Qonaqlar əvvəlcə Milli Qəhrəman Mübariz İbrahimovun təhsil ocağının həyətindəki möhtəşəm abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Kompleksdə yaradılan şəraitlə tanış olan qonaqlar şagirdlərin uğurlarını əks etdirən stendlərə baxış keçiriblər. Daha sonra Konfutsi Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsilib.
Qeyd edək ki, bir neçə ay əvvəl əsası qoyulan əməkdaşlıq çərçivəsində artıq mart ayından etibarən təhsil kompleksində Çin dilinin tədrisinə başlanılıb. Yeni yaradılan mərkəzdə dil tədrisi ilə yanaşı, Çin mədəniyyətinin öyrənilməsi, elmi-mədəni layihələrin və mübadilə proqramlarının təşkili də nəzərdə tutulur.
Mərkəzdə Çin xalqının zəngin tarixi və mədəniyyətini əks etdirən xüsusi guşələr yaradılıb. Burada nümayiş etdirilən eksponatlar və dekorativ elementlər qonaqlar tərəfindən maraqla qarşılanıb.
Tədbir daha sonra təhsil kompleksinin akt zalında davam etdirilib. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan bayram proqramında şagirdlər rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Çin dilində səsləndirilən mahnılar və təqdim olunan kompozisiyalar tədbir iştirakçılarının marağına səbəb olub.
Çıxış edən Kompleksin icraçı direktoru Aqşin Bağırov, akademik Kamal Abdulla, xanım səfir Lu Mey uşaqları təbrik edərək bildiriblər ki, mərkəzin yaradılması şagirdlərin xarici dillərə marağının artırılması, onların beynəlxalq təhsil imkanlarına çıxışının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, son illər ərzində beynəlxalq əlaqələrini sürətlə genişləndirən Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri qurub, beynəlxalq təcrübə proqramlarında fəal iştirak edib.
Təhsil ocağının əldə etdiyi ən mühüm uğurlardan biri isə yaxın zamanda rəsmi olaraq "Cambridge Beynəlxalq Məktəbi" statusuna layiq görülməsidir. Hazırda tədris prosesində Cambridge proqramının tətbiqi istiqamətində mühüm işlər həyata keçirilir.
2010-cu ildən fəaliyyət göstərən təhsil kompleksi hər il məzunlarının ali məktəblərə qəbulunda yüz faiz nəticələr əldə etməklə yanaşı, beynəlxalq təhsil məkanına inteqrasiya yolunda da inamla irəliləyir.
Mübariz Təhsil kompleksində fəaliyyətə başlayan Konfutsi Mərkəzi isə bu inkişafın və qlobal əməkdaşlığa açıq təhsil modelinin növbəti mühüm göstəricisi hesab olunur.
Samir Qurbanov
Oxunub: 0