“Ümumdünya Şəhərsalma Forumu (WUF) World Urban Forum bu gün qloballaşan dünyanın ən dinamik və eyni zamanda ən çox problemlərlə qarşılaşan sahəsini — şəhərlərin idarəolunması və inkişafını diqqət mərkəzində saxlayan ali platformadır. Forumun əsas fəlsəfəsi sürətli urbanizasiyanın gətirdiyi çətinlikləri ortaq ağıl və qlobal əməkdaşlıqla həll etməkdir”.
Bu sözləri Milli Məclisin deputatı Vüqar İsgəndərov mövzu ilə bağlı şərhində bildirib. Deputat qeyd edib ki, forum çərçivəsində şəhərlərin gələcəyi ilə bağlı strateji istiqamətlər müəyyən edilir. Onun sözlərinə görə, WUF-un əsas məqsədi şəhərlərin böyüməsi ilə paralel yaranan sosial, iqtisadi və ekoloji bərabərsizlikləri aradan qaldırmaqdır. Burada xüsusilə dayanıqlı urbanizasiya, plansız böyümənin qarşısının alınması, hər bir təbəqədən olan insan üçün əlçatan mənzil təminatı və “Ağıllı şəhər” texnologiyalarının tətbiqi kimi qlobal problemlərə fokuslanılır.
Deputat vurğulayıb ki, forum çərçivəsində davamlı şəhərsalma sadəcə binaların tikilməsi kimi deyil, bütöv bir ekosistemin qurulması kimi qəbul edilir. Bu konsept yaşıl iqtisadiyyat, resurslardan səmərəli istifadə, tullantıların sıfıra endirilməsi və şəhərlərin avtomobillər üçün deyil, insanlar üçün daha rahat formaya salınmasını nəzərdə tutan insan mərkəzli dizayn prinsipləri üzərində formalaşdırılır. Eyni zamanda, modernləşmə bəhanəsi ilə şəhərlərin tarixi və mədəni simasının itirilməməsi, keçmişlə gələcəyin harmoniyasının qorunması əsas xətt kimi vurğulanır.
Bu gün iqlim böhranından ən çox zərər çəkən və eyni zamanda karbon qazı emissiyasının böyük hissəsinə səbəb olan məkanların məhz şəhərlər olduğunu bildirən Vüqar İsgəndərov WUF-un bu istiqamətdə qlobal fəaliyyət planı rolunu oynadığını diqqətə çatdırıb. Forum şəhərlərin sel, quraqlıq və ekstremal təbiət hadisələrinə qarşı müqavimətinin artırılması, nəqliyyatın dekarbonizasiyası və yaşıl innovasiyaların digər ölkələrə transferi üçün mühüm beynəlxalq platformadır.
Milli kontekstə toxunan deputat əlavə edib ki, müasir Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri, yaşıl enerji zonalarının yaradılması WUF-un irəli sürdüyü qlobal dayanıqlı inkişaf hədəfləri ilə tam üst-üstə düşür və bu baxımdan forumun qərarları ölkəmiz üçün də mühüm praktiki əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan bütün qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyi kimi, bu böyük dünya əhəmiyyətli konfransı da ən yüksək standartlarda təşkil edəcək və indiyə qədər keçirilən forumlara nümunə ola biləcək səviyyəyə çatdıracaq.
Oxunub: 0