Xəzər Universitetinin Psixologiya departamentinin koordinatoru, Psixoloji Xidmət Mərkəzinin rəhbəri psixoloq Mələk Kərimova Erasmus+ proqramı çərçivəsində 2026-cı il mayın 4-də Türkiyənin Akdeniz Universitetində akademik mobillikdə iştirak edib.
Mobillik çərçivəsində Mələk Kərimova “Sənət terapiyası texniklərinin fərdi və qrupla psixoloji xidmətdə tətbiqi” mövzusunda mühazirə ilə çıxış edib. Təhsil fakültəsinin zalında oxunan mühazirə magistr və doktorant tələbə-müəllim heyəti tərəfindən maraqla qarşılanıb.
Mühazirədə sənət terapiyasının nəzəri əsasları, praktik tətbiq üsulları, fərdi və qrup terapiyasında istifadəsi, həmçinin, emosional ifadə və psixoloji rifahın gücləndirilməsində rolu geniş şəkildə təqdim olunub. Tədbir iştirakçıları interaktiv müzakirələrdə aktiv olublar.
Bu akademik səfər Xəzər Universiteti ilə Akdeniz Universiteti arasında beynəlxalq əməkdaşlığın inkişafına, təcrübə mübadiləsinə və psixologiya sahəsində elmi-pedaqoji əlaqələrin güclənməsinə xidmət edir.
Qeyd edək ki, Erasmus+ proqramı ali təhsil müəssisələri arasında akademik mübadilə və beynəlxalq təcrübənin artırılmasını dəstəkləyən ən nüfuzlu proqramlardan biridir.
Oxunub: 0