23 aprel 2026-cı il tarixində Gəncə Dövlət Universiteti-ndə “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” mövzusunda IV Beynəlxalq elmi-praktiki konfransın regional bölməsi təşkil olunub.
Açılış mərasimində Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və Xəzər Universitetinin rektoru Raziyə İsayeva çıxış edərək inklüziv təhsilin inkişafı və universitetlərdə inklüziv mühitin formalaşdırılması istiqamətində fikirlərini bölüşüblər.
Eyni zamanda, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Gəncə Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə inklüziv təhsilin dövlət siyasətindəki rolundan bəhs edib. Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov isə regionda həyata keçirilən layihələr və inklüzivliyin təşviqi istiqamətində görülən tədbirlər barədə məlumat veriblər.
Tədbir çərçivəsində “Fərəh” sosial təşəbbüs qrupunun uşaqları tərəfindən bədii proqram təqdim olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib. İclaslarda inklüziv təhsilin müxtəlif aspektləri, dayanıqlı universitet modelləri və bu sahədə beynəlxalq təcrübələr müzakirə olunub.
Qeyd edək ki, konfransın əsas məqsədi inklüziv təhsil yanaşmalarının genişləndirilməsi, ali təhsil müəssisələrində əlçatanlığın artırılması və cəmiyyətin bütün üzvləri üçün bərabər imkanların təmin olunmasına töhfə verməkdir.
Oxunub: 0