Xocalı rayonu Xanabad kəndində ilin sonuna kimi 41 evin təmir edilməsi planlaşdırılır.
"Report"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
Onun sözlərinə görə, Xanabad kəndində müasir tələblərə cavab verən infrastruktur layihələri həyata keçirilir:
"Xanabad kəndində 115-i yararsız, 161-i isə qismən yararlı olmaqla, ümumilikdə 276 ev var. İşğaldan azad edildikdən sonra kənddə aparılan təmir-bərpa işləri nəticəsində 120 ev təmir olunub. Bu ilin sonunadək daha 41 ev istismara hazır olacaq. Hazırda Xanabadda icra olunan sosial layihələr çərçivəsində kəndin bərpası zamanı evlərin və küçələrin abadlaşmasıyla yanaşı, kommunikasiya vasitələri də barpa edilib. Kəndin fasiləsiz elektirik enerjisi və təbii qazla təmin olunması üçün elektrik və qaz xətləri bərpa olunub, eyni zamanda, yeni elektrik, qaz və optik xətlər çəkilib.
Kənd ərazisində 3 transformator məntəqəsi inşa edilib. Kəndin su təminatı üçün Əsgəran qəsəbəsinin ərazisində nasos stansiyası inşa edilib, həmçinin, kənd ərazisində olan subartezian quyularında və su anbarında təmir işləri aparılıb. Hazırda mövcud tələbata uyğun olaraq, iki yeni su anbarının qurulması işlərinə başlanılıb. Bundan əlavə, kənddaxili yollar bərpa olunub. Xanabad gölünün sahilində park salınıb, estakada inşa edilib və Dövlət Bayrağı ucaldılıb".
Oxunub: 0