22 fevral tarixində Reha Təlim Tədris Mərkəzinin təşkilatçılığı, Kashalata Kafenin dəstəyi və təlimçi-pedaqoq Suğra Quliyevanın təşəbbüsü ilə “Müəllimlərin Açıq Müzakirə Görüşü” “Bilgi Yolu” layihəsi çərçivəsində uğurla həyata keçirildi.
“Bilgi Yolu” layihəsi müəllimlərin peşəkar inkişafını dəstəkləməyi, təhsil mühitində fikir mübadiləsi və əməkdaşlıq platforması formalaşdırmağı hədəfləyir. Layihə çərçivəsində təşkil olunan bu görüş açıq dialoq, təcrübə paylaşımı və inklüziv dəyərlərin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Azərbaycanda ilk inklüziv kafe kimi fəaliyyət göstərən Kashalata Kafe autizmli, Daun sindromlu və əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına və cəmiyyətə inteqrasiyasına şərait yaradan sosial təşəbbüs nümunəsidir.
Görüş zamanı iştirakçılar məkanın inklüziv iş modeli ilə yaxından tanış olmuş, burada çalışan autizmli gəncin musiqi ifasını dinləmişlər. Bu an tədbirin həm emosional, həm də sosial mesaj baxımından təsir gücünü artırıb.
Tədbir interaktiv formatda təşkil olunmuş, müəllimlər öz təcrübələrini, qarşılaşdıqları çətinlikləri və həll yollarını bölüşmüşlər. Görüşdə inklüziv təhsil üzrə ekspert Nailə Həsənzadənin fərqli baxış bucaqları və praktik təklifləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.
“Müəllimlərin Açıq Müzakirə Görüşü” “Bilgi Yolu” layihəsinin əsas məqsədinə uyğun olaraq, müəllimlər arasında həmrəyliyin gücləndirilməsi, peşəkar dialoqun təşviqi və inklüziv yanaşmanın praktik müstəvidə möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilir.
Oxunub: 0