dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır - ŞƏRH

ABŞ-NATO ixtilafı – Ştatlar Avropadakı müttəfiqlərdən uzaqlaşır - ŞƏRH


ABŞ Prezidenti Donald Tramp NATO ölkələrini yenə tənqid edib. O, "Fox Business"ə müsahibəsində bildirib ki, Əfqanıstan müharibəsi zamanı amerikalılardan başqa, NATO qüvvələri ön xətdən uzaq durmağa çalışıblar.

Tramp deyib ki, lazım olduqda NATO-dakı müttəfiqləri ABŞ-yə kömək etməyəcəklər. O, 2001-2021-ci illərdə Alyansa üzv başqa ölkələrin əsgərlərinin Əfqanıstan missiyalarında iştirakını şərh edərkən vurğulayıb: "Biz heç vaxt onlara ehtiyac duymadıq. Biz heç vaxt onlardan nəsə istəmədik. Onlar deyəcəklər ki, Əfqanıstana qoşun göndəriblər və bu, doğrudur. Amma onlar bir qədər arxada, ön xətdən bir qədər kənarda qalırdılar".

Bu açıqlama ABŞ-nin Alyansdakı müttəfiqlərinin kəskin etirazına səbəb olub. Almaniyanın müdafiə naziri Boris Pistorius deyib ki, Donald Trampın NATO-nun Əfqanıstandakı missiyasında başqa ölkələrin nümayəndələrinin "ön xətdən kənarda qaldıqları" barədə sözlərinə görə üzr istəməsi yerində olardı. Nazir qeyd edib ki, Trampın üzr istəməsi ləyaqət, hörmət və məntiqli düşüncənin əlaməti olardı: "Mən Amerika əhalisinin nailiyyətinə, ABŞ-nin 70 il ərzində bizimlə müttəfiqliyinə böyük hörmət bəsləyirəm. Ancaq hörmət qarşılıqlı olmalıdır".

B.Pistoriusun sözlərinə görə, almaniyalı hərbçilər Əfqanıstanda ümumilikdə 19 il xidmət ediblər: "Almaniya NATO missiyası zamanı böyük maliyyə sərf edib". O, ölkəsinin 59 əsgər və üç polis əməkdaşının döyüşlərdə, hücumlarda və ya qəzalarda həlak olduğunu vurğulayb: "Bir çox yaralı əsgərlər aldıqları xəsarətlərdən hələ də psixoloji, fiziki əziyyət çəkir. Bu onların ailə üzvlərinə də aiddir".

ABŞ Prezidenti Birləşmiş Krallığın Baş naziri Kir Starmerin də sərt tənqidinə tuş gəlib. Baş nazir onun sözlərinin ölənlərin ailə üzvlərinə, zərərçəkənlərə və yaxınlarına ağır təsir edəcəyini vurğulayıb: "Mən belə bir səhv etsəydim və ya bu sözləri desəydim, əlbəttə, üzr istəyərdim".

Rəsmi London bildirib ki, münaqişə nəticəsində müttəfiq qüvvələrin təxminən 3500 hərbi qulluqçusu ölüb. Onlardan 2456-sı amerikalı və 457-si britaniyalı olub. Məlumata görə, Böyük Britaniya 1950-ci illərdən bəri xaricdə ən ağır itkilərə məruz qalıb.

Əfqanıstanda iki dəfə xidmət edən Şahzadə Harri də NATO qüvvələri qurbanlarının hörmətəlayiq olduğunu bildirib: "Bu qurbanlar haqqında doğru və hörmətlə danışmaq lazımdır".

Britaniyada müxalifət lideri Kemi Badenok Trampın bəyanatını "rüsvayçılıq" adlandıraraq deyib ki, NATO müttəfiqləri arasındakı möhkəm əlaqəni zəiflədən belə yarımçıq şərhlər olmamalıdır.

Amma Vaşinqtonla London arasında diplomatik qalmaqal çox böyüməyib. Kir Starmerlə Donald Tramp arasında telefon danışığı zamanı tərəflər vəziyyəti müzakirə ediblər.

NATO-ya ən çox üzvlük haqqı ödəyənlərdən biri də Polşadır. Ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış müttəfiqlik öhdəliklərinə sadiqliyini sübut etmiş polşalı veteranlara hörmət etməyə çağırıb.

Donald Trampın açıqlaması ABŞ-nin Avropadakı müttəfiqləri ilə münasibətlərini daha da pisləşdirib. Ağ Evin indiki sahibi bu qitədəki müttəfiqlərinə az qala hər çıxışında sürpriz açıqlama ünvanlayır.

Tramp ikinci dəfə prezident olduqdan sonra ölkəsinin Avropadakı müttəfiqləri ilə aşağıdakı məsələlər üzrə ziddiyyət yaranıb:

- BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən ikisi, Böyük Britaniya və Fransanın Fələstinin müstəqilliyini tanıması;

- Donald Trampın irəli sürdüyü Qəzza zolağı ilə bağlı yaranmış "Sülh Şurası" planına ABŞ-nin Avropadakı müttəfiqlərinin hələ də qoşulmaması;

- Qitədəki müttəfiqlərin Qrenlandiya adası ilə bağlı məsələdə Danimarkanın ərazi bütövlüyü, suverenliyi, habelə adanın muxtariyyəti hüququnu müdafiə etməsi;

- Rusiya-Ukrayna müharibəsində rəsmi Kiyevin dəstəklənməsində yaranmış fikir ayrılığı;

- ABŞ-nin Yeni Milli Təhlükəsizlik Strategiyasında (MTS) Rusiyanın düşmən göstərilməməsi;

- İrandakı hakimiyyətə fərqli taktika ilə yanaşmaq (Fransa İrana qarşı hərbi əməliyyatları müsbət qarşılamır);

- NATO-nun genişlənməsinə münasibətdə müxtəlif mövqedən yanaşılması;

- ABŞ-nin Alyansa üzvlük haqqının ümumi daxili məhsul (ÜDM) istehsalının 5 faizi qədər artırılması;

- ABŞ-nin NATO-nun bir sıra layihələrindən çıxmaq istəməsi və s.

Tərəflər arasında ziddiyyət yaradan məsələlərdən, bəlkə də, ən vacibi maliyyə məsələsidir. 2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq edildikdən sonra üzvlük haqqı ÜDM-in 2 faizi qədər müəyyən edilmişdi. Alyansın bütün üzvlərinin 2024-cü ilə qədər bu şərtə əməl etməsi nəzərdə tutulmuşdu.

Ancaq Donald Tramp yenidən prezident olandan sonra müttəfiqləri müdafiəyə kifayət qədər xərcləmədiklərinə görə tənqid edərək Avropanın təhlükəsizliyini ABŞ-nin hesabına təmin etməsinə narazılığını bildirmişdi: "Almaniya Rusiyaya qaz və enerji üçün milyardlarla dollar ödəyirsə, NATO-nun nə xeyri var?".

O, 2018-ci ildə bildirmişdi ki, ABŞ Avropanın müdafiəsinə pul ödəyir və ticarətdə milyardlarla dollar itirir. Donald Tramp onu da demişdi ki, müttəfiqlər 2025-ci ilədək müdafiə üçün üzvlük xərclərini məcburi minimum 4%-ə qədər artırmalıdır.

2024-cü ildə Alyans ölkələrinin heç də hamısı 2014-cü ildə qəbul edilmiş şərtə əməl etməmişdi. Bu müddətdə 32 ölkədən 23-ü iki faizlik hədəfə çatmışdı. Odur ki, ABŞ ilə Avropa ölkələri arasında xərclərdə əhəmiyyətli fərq qalmaqdadır. Belə ki, 2024-cü ildə NATO-nun ümumi müdafiə büdcəsinin 63,7%-i, daha dəqiq desək, 1,18 trilyon dollardan 754,7 milyard dolları Vaşinqtonun payına düşüb. Xərclərin mütləq həcminə görə ilk üçlüyə daxil olan Almaniya müdafiəyə 76,9 milyard dollar, Fransa isə bu məqsəd üçün 55,2 milyard dollar xərcləyib.

Belə qənaətə gəlmək olar ki, NATO-nun xərclərinin 3/2-sindən çoxunu ABŞ verdiyi halda o öz ətrafında yeni hərbi blok yarada bilər. O halda bir sual yaranır: ABŞ Avropadakı müttəfiqlərini qoruyursa, bunun Vaşinqtona faydası nədir?

Alyans vaxtilə SSRİ-dən qorunmaq məqsədilə Ştatların təklifi əsasında yaradılan hərbi-siyasi blokdur. Sovetlər artıq yoxdur. ABŞ onun varisi Rusiyanı yeni Milli Təhlükəsizlik Strategiyasına əsasən, düşmən saymır. Deməli, Şimal Alyansı mövcudluğunu davam etdirməsi üçün mahiyyətini itirir. Bu halda ehtimal etmək olar ki, ABŞ ya blok yaradacaq, ya da NATO-nun hədəflərində dəyişiklik olacaq.

MTS-də də vurğulandığı kimi, Donald Tramp Avropadakı müttəfiqlərinin güclənmələrini, müdafiələrini özlərinin təşkil etmələrini istəyir. Onun çıxışında bu şərt çox sadə qoyulub: ya avropalılar müdafiə xərclərini artırır, ABŞ onları qoruyur, ya da Ştatlar qitədə hərbi mövcudluğunu azaldır, müdafiəni Avropanın ixtiyarına buraxır.

"Sülh Şurası" ətrafında ABŞ-nin özünü yeni sosial-siyasi təşkilatını, blokunu yaratdığı da görünür. Buna Avropadakı müttəfiqlərin qoşulmaması, onu yeni BMT-yə bənzətmələri və buna ehtiyac olmadığını bildirmələri də təsadüfi deyil.

Belə düşünmək olar ki, ABŞ-nin xarici siyasi kursunda yeni mərhələ başlayır. Ağ Ev sovetdənqalma beynəlxalq qurumları yenisi ilə əvəzləmə xəttini həyata keçirmək istəyir. Avropadakı müttəfiqlərlə münasibəti hər addımbaşı pozmaq cəhdləri bundan xəbər verir.

O da sirr deyil ki, ABŞ Arktikanın təbii sərvətlərinin çoxuna yiyələnməyi hədəfləyir. Bu baxımdan, ehtimal etmək olar ki, bu prosesə avropalı müttəfiqlərini şərik etmək istəmir. Donald Trampın NATO üzvlərinin Əfqanıstandakı xidməti ilə bağlı açıqlaması da ABŞ-nin qitədəki dostları ilə əlaqələri zəiflətməyə hesablana bilər. Son zamanlar Ştatlarla Avropadakı müttəfiqlər arasında qarşıdurmaya dair tez-tez yayılan açıqlamalar da təsadüfi görünmür. Bu ABŞ-NATO, yoxsa Tramp-Alyans qarşıdurmasıdır? Bunun cavabı 3 il sonra bəlli olacaq. Ştatlarda isə hələ ki indiki prezidentin bu siyasətinə qarşı sərt çıxışlar müşahidə olunmur...(Report)


Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR