dini radikalizm və ekstremizmlə mübarizə

Elçin Məmmədovun poeziya inciləri



Bir ovuc dən atın göyərçinlərə...

Pas atıb dibini sarı ləyənin,
Bir ləyən bir ovcun üçü boydadır,
Bilirsən, ən böyük ayrılıqlar da
Bir yeşik, bir kitab, bir ağ, bir də ki,
Bir də ki... vücudun köçü boydadır.
Nədir ki bir ovuc?
Bir tikə ət, bir sıxma sümük,
Beş barmaq, hərəsi başqa ölçüdə.
Dua da o ovcun içi boydadır.
Bir ovuc duadan nə çatır göyə?
Bir ovuc dən atın göyərçinlərə.

Ac qalar gözünün qarasın yeyər,
Çəkər yerə tərəf yağışı, qarı,
Yeyər, buludların sırasın yeyər.
Yeyər həyətdəki iti, pişiyi,
Yeyər küçələri, evi, eşiyi,
Yeyər e atılmış körpə beşiyin.
Boz yurdda ac qalan balasın yeyər.
Bir ovuc dən atın göyərçinlərə.

Ovudar nə kəndir, nə dar, kiriməz.
Adəmin almasın dadar, kiriməz,
Çəkər Qobustanın daş yaddaşını,
Çəkər qayalardan yallı səsini,
Atar Xəzərlərə, atar, kiriməz.
Udar qətrə-qətrə gölü, dənizi,
Dəclədən Fərata nə var...kiriməz,
Jannanın külünü udar, kiriməz.
Bir ovuc dən atın göyərçinlərə.

Gəzər, kimi tapar ömrünü dənlər,
Torpağın çat atmış səbrini dənlər,
Süd qoxan körpənin qəbrini dənlər,
Hadinin ömründən itkin illəri,
Müşfiqin köksündən mərmini dənlər.
Bir ovuc dən atın göyərçinlərə.

Yer üstə atılan əsanı yeyər,
Dənizi qurudar, Musanı yeyər,
Yol tapar Məryəmdən çarmıxa qədər,
Yeyər, tanrı oğlu İsanı yeyər.
Bir ovuc dən atın göyərçinlərə.

Bir də qan qoxuyar səhərlər birdən,
Tanrı bəlkə ötməz bu yerdən bir də.
Sonuncu cəsədi çəkər qəbirdən...
Göydə qara-qara tüstünü didər,
Qan ilə örtülmüş qara torpağın,
Eşər məhvərini, üstünü didər,
Dimdiyin külüngə çevirər bir də,
Didər, nəhənglərin büstünü didər.
Bir ovuc dən atın göyərçinlərə.

Göyə tilov atmış bu yer xətrinə,
Quyudan bağıran o sirr xətrinə,
Quyuya atılmış səbr xətrinə,
Dərisi soyulmuş şair xətrinə,
Bir ovuc dən atın göyərçinlərə.

Dibini pas atıb sarı ləyənin...

Elçin Məmmədov

Gedirəm…

İlahi, saymısanmı heç?
Bu neçənci daxmadır ki,
Bu payızdan tək çıxacaq.
Bu neçənci gecədir ki,
Sabaha
bir adam əskik çıxacaq.

Bir ruh sivrilib çıxacaq,
Bir bədən və bir ömür arasından.
Qoca,idbar ölüm gəlib,
və düşünmədən asacaq
Kimisə öz əsasından.

Sırasını gözləmədə,
Bir ulduz da axmaq üçün
Yerində keşik çəkəcək.
Bu gedişin aclığını
Evdə üç adam çəkəcək,
Çöldə bir pişik çəkəcək.

Bir çətir az açılacaq
bu payız buludun altında.
Neçə üsyan qalxacaq e...
Ki, tanrıya,
Bu boz sükutun altından.
Bir çiyin əskik gələcək
Gedən tabutun altında.

Bu ölüm deyil,
Mən belə ölmərəm, ölmərəm.
Ağlama,
Gedirəm...tanrının dilin öyrənəm.

Bir dəfə…

Ayağı yorulmuş,dizi bükülmüş,
Dodağı çatlamış, qan alıb gözü,
Önü yaraşıqlı,sağı bəzəkli,
Solu gül-çiçəkli,qaralıb üzü...
Allah,
Allah,bu karvanın haradır üzü?
Üstündə nə boyda dəfinə gəlir?

Bu ağrı deyil ki, bu dağ deyil ki,
Bu vücud tabuta dustaq deyil ki,
Bu tabut bu cismə yataq deyil ki.
Bu şəhid deyil ki
Üstünə sərdiyi bayraq deyil ki,
Bəzəkdir
Bir oğul bəzənib evinə gəlir.

Bu soyuq,bu külək üşütmür,
Yaydır,ilahi
Bu hansı hesabdı,saydı, ilahi?
Belə al-qırmızı yas ola bilməz,
Qurulan bu yasdı,toydu, ilahi?
Hansı bəxtəvərdi çiyinlər üstə,
Evinə sevinə-sevinə gəlir.

Susayan torpağa içirib
Son damla qanın,
Nəfəsi torpağı isidib,
Vücudu donub,
Vətənə atılan namərd qurşunun,
Sıxıb Vətən boyda qəlbinə,gəlir.

Bir dəfə...Barı bir dəfə
Yarımçıq yazından çəkin,ilahi,
Çəkin e, özündən çəkin,ilahi,
İncimə,
Göy üzündən çəkil, ilahi,
Bir bəndən ən uca yerinə gəlir.

Gedib Tanrıya çatmır

Tanrıların gözündən
Yayınmış məmləkətin
Tinində,dalanında
İtlər qarovulçudur,
Bu şəhrin adamları
Dağılmış, çiliklənmiş,
Yolun azmış yolçudur.

Tam yazılan ömürlər
Ayaq açmış, yerimiş,
Gəlib yarıya çatmış,
İntihar kəndirləri
Yarımçıq ömürlərdən
Özünə calaq edib,
Gedib tanrıya çatmış.

Yollarında daşlar da
Yorulub, əldən düşüb,
Day yalın ayaqları
Əzərək yara etmir,
Məsum dilənçilərin
Ovcunu qabar etmiş
Qara üzlü qəpiklər
Tiranların, şahların
Üzünü qara etmir.

Ən bədheybət yuxular,
Gəlir burda çin çıxır.
Gecə lampalarından
Gecə ağrı tökülür,
Gündüz vaxtı cin çıxır.

Vaxtsız güllələdilər
Ən təmiz sevgiləri
Və ən təmiz hissləri,
Neçə xain gizlənir
Altında, kölgəsində
Bu yalançı büstlərin.

Titrəyir yer də,göy də
Bu dərbədər ruhların
Qan qoxan üsyanından...
Günün günorta vaxtı
Cənazə namazını qıldılar, ömrüm-günüm,
Sonuncu ümidin də,
Sonuncu gümanın da.

Ya məsafələr uzaq,
Ya da ki, yol qaranlıq,
Ədalət kürsüsündə
Bizimçün sıra çatmır,
Dur e, gedək, Yasəmən,
Daha burdan dualar,
Gedib tanrıya çatmır.

Oxunub: 144
Oxşar xəbərlər
SON XƏBƏRLƏR