Səni itirdiyim gecə! Həyatımın ən əzablı, ən çətin, ən uzun gecəsi! Gözlərim baxa-baxa yox olub getməyini izlədim... Xəstəliyinə məğlun olmağını izlədim... Torpağa gömüldüyünü izlədim... Çarəsizcə izlədim... Bacarmadım, gücüm çatmadı, Ana! Səni yaşatmaq üçün özüm ölmək istədim! Onu da bacarmadım...
Uşaqlığımdan bəri ən böyük qorxum səni itirmək olub. Bu qorxuyla tam 48 il yaşadım...
İndi 11 ildir sənsizəm! Evə girəndə, salam Ana demək istəyirəm. Xoş gəldin, qızım, cavabını eşitmək istəyirəm... Amma... sən yoxsan! Olmayacaqsan... Gəlməyəcəksən...
Sənə ehtiyacım var, Ana! Səni qucaqlamaq, sənə sarılmaq istəyirəm. İçimdəki ağrı ovunmur... Sızıldayır... Kim deyir ki, zaman ən yaxşı dərmandır? Yalan!!! Ovuclarımın içindən su kimi axıb gedən zaman Səni - Ruhumu, Nəfəsimi, Sevgimi mənə unutdura bilərmi? Əsla!
Sənə aşiqəm, Ana! Sənin idrakının qarşısında baş əyirəm! Mənə həyat dərsi verdin, insanlıq dərsi öyrətdin! Dünya malında heç gözün olmadı! Sadədən də sadə yaşadın! Heç kimə, heç nəyə əyilmədin! Son nəfəsində də pıçıldadığın bu oldu: böyük düşünmə, aza qane ol, şükr et! Qulun olum, kölən olum, Ana! Zamanı qabaqlayan, gələcəyi illər əvvəl görən müqəddəsim! Dediklərin, öyrətdiklərin hamısı həqiqət imiş! Özündən başqa hamını düşünən, hamını xoşbəxt görmək istəyən, özü xoşbəxtliyə həsrət qalan, Ana! Yolumda özünü qurban edən, Ana! Bacarsan, məni bağışla!
Sənin illər əvvəl öz anana yazdığın şeirlərlə bu gecə sənə səslənirəm, səni oxşayıram, Ana!
KÖÇÜR O NAZLI DURNAM...
Yıxılım yoluna mən,
Fələk, qulun olum mən.
O mənim öz anamdı,
Qıyma, qərib durnamdı.
Fələk, saxla əlini,
sığallayım telini!...
Yollar üzünə bağlı,
Köksündə oba dağı...
Quş idi, havadaydı,
Ovçu vurdu, ayırdı.
Yaradanım, özün yet,
Yarasına çarə et.
Zavalı güclü gəldi,
Gələn sel ilə gəldi.
Gedəni gəlməz oldu,
Dərdi bilinməz oldu.
O taydadır avarı...
Yox başqa havadarı.
Avazı, sözü qərib,
Gözlər yola sərilib.
Solur o su sonası,
Xəbərsizdi anası!
Nənəm, di çal laylanı,
Təbrizdə...
oxşa cavan balanı
boş qalmış dizin üstdə...
Biz yüz idik, beş qaldıq.
Düzlərdə... peşman qaldıq...
Yurd uçdu, tozu qaldı
Bu nifaqı kim saldı?
Tanrım, nəzər et bizə,
Rəhm et rüzgarımıza.
O bilinməz dünyaya,
Yolu dönməz dünyaya,
Uçur bir nazlı durnam,
Köçür, o nazlı durnam.
Quzumdur, məxmərimdir,
Ayrıca Vətənimdir!
Qıyma, anamdı, Tanrım!
Öldürmə! Yalvarıram,
Əlləri buz anamdır...
Qərib durnamdı, Tanrım!
1977-ci il
ANAM BÖYÜKXANIMA
Uçdu, uçdu səadətim,
getdi əldən ibadətim,
İtdi ilkin məhəbbətim,
gözümdə söndü həsrətim.
Sevincim yarıda qaldı,
bağçam qapısı bağlandı.
Üstüm-başım duman oldu,
buludlarlamı qalandı?
Gəldi hicran, gəldi yaman,
ah, vermədi o bir aman,
Bu nə güzar, allah aman,
sızlar qəlbimdə bir kaman.
Hər yan soyuq, hər yan bumbuz,
söndümü o göynər ulduz?
Oh! Anam idi gətirdim,
bu ac torpağa yetirdim.
Qara gözləri itirdim,
zülmətlər içrə bitirdim.
Hicranının yaşı üstdən,
məzarının daşı üstdən,
Selləmə göz yaşım üstdən,
qəbrinin qar, qışı üstdən.
Biganə keçə bilmirəm,
dönmüşəm heçə, bilmirəm.
Ruhummu kor, ya gözümmü,
söndü odum, ya közümmü?
Günümmü qara, üzümmü,
ömrümdən əlim üzümmü?
Qapayar əlim üzümü,
yox ürəyimin dözümü,
Ana! Ölüm mən özümmü,
ya ki, anayam, dözümmü?..
1977-ci il
DARIXMIŞAM, ANA
Darıxmışam ana, köyrəlmişəm mən,
Darıxmışam, uzat əlini mənə,
Uzat, ana, könlü viran qalana.
Köyrəlmişəm ana, köyrəlmişəm mən,
Dəmir qapımızı döyən var axı,
Könlümə dəyən var, dəyən var axı!
Əfv elə, əfv elə, bağışla məni,
Torpağı, daşları oymaq istərəm,
Başımı dizinə qoymaq istərəm.
Darıxmışam ana, darıxmışam mən
Tapşır tanrına ki, götürsün məni,
O gəlməz yoluna yetirsin məni.
Gömülüb torpağa yanında qalsam,
Dolaşıb qoynuna solsam, saralsam
Əfv elə, bağışla, bağışla məni,
Darıxmışam ana, darıxmışam mən.
1979-cu il
HANI
Hanı, hanı?
Görə-görə gözlərini
Özüm öz əllərimlə ac torpağa gömdüyüm
o qadın hanı?
Hanı, hanı?
Hanı könlümün həyanı?
Gözlərini mənə verən, baxışını bağışlayan,
səsimə səsin hopduran,
tənha gecələrimdən bir ah qopduran
o qadın hanı?
Düşüb ayaqlarınıza,
ay insanlar,
yalvarıram.
Aranızdan bir ana –
öz anamı axtarıram.
Eşidiniz, bağırıram, bağırıram...
Telinin biri ağ, biri qara,
Arazın lal suları ürəyində ən böyük yara –
bir ana çağırıram!
Çəpərlənmiş yolların odundan
əlləri yaman istiydi,
Qərib idi, yol istədi.
Bacı, qardaş bir yana,
Bir ata sığalı,
Bir şirin ana nağılı
ahı, düyünü oldu.
“Həsrət” adlı bir nəğmə
dünəni, həm bu günü oldu.
Geysəm ayağıma bir dəmir çarıq,
o qadını tapammaram.
Gəzsəm bu yolları hər gün çıraqla,
o qadını tapammaram!
Ovunmaqçın, ay insanlar, aranızdan
bir ana verin mənə.
Bir ana verin mənə -
səsi layla tək həzin,
Qəlbinə toxunmamış olsun heç kəsin.
Boynu bənövşə bükülü,
baxışları yollara tökülü,
bir xoş, qəfil xəbərə bənd kimi
ceyran təki ürkülü bir ana verin mənə.
Bir ana verin mənə -
Qoyum başımı dizinə,
Gözümü dikim gözünə,
ayrılmayım, ayılmayım,
ölüm, yanında qalım.
Bir ana verin mənə, bir ana verin mənə.
1979-cu il
EŞİDƏRMİ GÖZƏGÖRÜNMƏZ
Havalıyam, bilmirəm,
Zavallıyam, bilmirəm,
Evimdəyəmsə,
dörd divarın içindəyəmsə,
hönkürə-hönkürə şəklinin üstünə getsəm,
Səsini, sözünü duymaq istəsəm,
Məlul baxışların susub, dinməsə,
haray çəkib, haylasam,
Ana! Eşidərmi, gözəgörünməz?
Havalıyam, bilmirəm,
Zavallıyam, bilmirəm,
Küçədəyəmsə,
bir qaranlıq gecədəyəmsə,
Pəncərələrdən küçəyə tökülən şaqraq,
xürrəm gülüşləri eşidərəmsə,
təbəssümünə ünüm yetməsə,
haylasam, haraylasam,
Ana! Eşidərmi, gözəgörünməz?..
1982-ci il
SƏNƏ BORCLUYAM, ANA!
Bu yazılar, sətirlər, bu düzümlər üçün mən
Sənə borcluyam, ana!
Sevgilər, titrəyişlər, təbəssümlər üçün mən
Düşüm ayaqlarına!
Damarından, qanından, əzandan nəşət aldım,
Sənə borcluyam, ana!
Yaxşı nə varsa canda, canından vüsət aldım, Düşüm ayaqlarına!
Günəşim də, tanrım da, eşqim, odum da səndin, Sənə borcluyam, ana!
Göz yaşım, yaradanım, səcdəm, duam da səndin, Düşüm ayaqlarına!
Bütün dünyam sən idin, səndin gecəm, gündüzüm Sənə borcluyam, ana!
Yenə sənsən, yalnız sən, çəmən, çöl, ətrim, düzüm, Düşüm ayaqlarına!
Sənə həsr edirəm mən, bu kitab-həyatımı.
O göyərçin ruhuna
Səpib səpələyirəm, ən şirin bayatımı,
Sənə borcluyam, ana!
Dolanım, fəda olum, o qara torpağına,
Düşüm ayaqlarına!
Sərilim, məlhəm olum, ürəyinin dağına!..
Sənə borcluyam ana!
1989-cu il
İTİRMİŞƏMBir işıq itirmişəm
anamın gözlərində.
Bir bayatı itirmişəm
anamın sözlərində.
Bir nağıl itirmişəm
anamın dodağında.
Bir çıraq itirmişəm
anamın sorağında.
Bir beşik itirmişəm
anamın qollarında.
Bir ömür itirmişəm
anamın yollarında...
Jalə Əliyeva
Oxunub: 66