dini radikalizm və ekstremizmlə mübarizə

Aİ “müşahidəçiləri”nin sərhəd “ralliləri” - Ermənistanın Ukraynaya çevrilmək təhlükəsi - TƏHLİL

Aİ “müşahidəçiləri”nin sərhəd “ralliləri” - Ermənistanın Ukraynaya çevrilmək təhlükəsi - TƏHLİL

 
Regionda gərginliyi artırmaq məqsədilə Ermənistana yerləşdirilən Avropa İttifaqının (Aİ) “mülki missiyası”nın Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. “Missiyan”ın Azərbaycanla şərti sərhəd əraziləri boyunca yürüşlərinin növbəti ünvanı Qazax istiqaməti olub.

Bununla bağlı mediada yayılan görüntülərdən də aydın olur ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə yerləşdirilən Aİ "missiyası"nın üzvləri durbinlə Azərbaycan ərazilərini müşahidə ediblər.

Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu “missiya” ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.

Görünən odur ki, sözügedən “missiya” təxribatlarına ara verməyəcək.

Maraqlıdır, Vaşinqtonda Atlantik Şurasında çıxış edən baş nazir Nikol Paşinyan bildirir ki, Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin "mülki missiya"sını yerləşdirməməyə hazırdır.

Digər tərəfdən isə “missiya” sərhədboyu yürüşlər edir, “binokl”la ərazilərimizin müşahidəsini aparır.

"Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik", – Pşinyan qeyd edib. O vurğulayıb ki, Ermənistan hakimiyyəti problemlər yarandıqca həll edir: "Problemli vəziyyətlər yarananda biz onları bu mərhələdə həll edirik. İndi bu baxımdan yanaşmamız mərhələlidir. Avropa İttifaqı ilə yaxınlaşmamız məhz belə bir süjetə malikdir".

Maraqlıdır ki, baş nazir bir tərəfdən belə bir açıqlama verir, digər tərəfdən “missiya”nın sərhədboyu yürüşlər keçirməsinə rəvac verir.

Qeyd edək ki, Avropa İttifaqı Ermənistandakı müşahidə missiyasının fəaliyyət müddətini daha iki il uzadıb. Bu qərara əsasən, avropalı müşahidəçilər 2027-ci il fevralın 19-dək Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarında qalacaqlar. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur.

Xatırladaq ki, daha öncə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistanda mülki missiyasının mandatının daha iki il müddətinə uzadılmasını təklif etmişdi.

Azərbaycan dəfələrlə bəyan edib ki, “mülki missiya”nın sərhəddə yerləşdirilməsinin əleyhinədir. Azərbaycan tərəfi bu missiyanın regionun təhlükəsizliyinə təhdid yaratdığını dəfələrlə həm Avropa İttifaqı, həm də Ermənistanın diqqətinə çatdırıb. Buna baxmayaraq, "missiya"nın nümayəndələri Ermənistanla Azərbaycan arasında müvəqqəti şərti sərhəddə təxribat xarakterli səfərlər edərək regionda hərbi-siyasi sabitliyi təhdid altında saxlamağa çalışırlar.

Prezident İlham Əliyev də bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında Azərbaycanla Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb.

Məlumdur ki, həmin "missiya" sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir və təxribatlar törədir. Azərbaycanı haqlı olaraq narazı salan hal ondan ibarətdir ki, Aİ "missiya"sı Azərbaycanın razılığı olmadan fəaliyyət göstərir, tərkibi genişlənir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iki Azərbaycan sərhədində üçüncü ölkə qüvvələrinin yerləşdirilməsinin narahatedici məsələ olduğunu bəyan edib. O qeyd edib ki, Ermənistanla Azərbaycan sərhədində Avropa İttifaqı missiyasının yerləşdirilməsinə lüzum yoxdur:

"Bu missiyanın fəaliyyəti artıq başa çatmalıdır. Missiya həmin ərazilərə yerləşdirilən zaman Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının həmin dövrdəki prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçirilirdi. Bu missiyanın qısamüddətli olacağı razılaşdırılmışdı. Amma göründüyü kimi, bu missiya davamlı xarakter alıb, hətta onun tərkibi, mandatının əhatə dairəsi də genişləndirilir".

Ermənistan isə hələ də anlamır ki, bu “missiya”nın fəaliyyəti sülh prosesinə zərər verir. Üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir.

Missiyanın 2027-ci il fevralın 19-dək regionda qalması Ermənistana heç nə qazandırmayacaq. Ermənistan bu "missiya"ya “təhlükəsizlik çətiri” kimi baxsa da, əslində, bu, Ermənistanın özü üçün yeni təhlükə yaradır. İrəvan anlamalıdır ki, Aİ missiyası regionda sülhün bərqərar olmasına kömək edən mexanizm deyil.

Erməni tərəfi bəyan edir ki, "missiya" delimitasiya və demarkasiya prosesi başa çatana qədər bölgədə fəaliyyətini davam etdirəcək. Halbuki, sərhədlərin delimitasiya və demarkasiya prosesi iki ölkənin işidir və üçüncü tərəfin mövcudluğu gərginliyin artmasına səbəb olur.

Yeri gəlmişkən, “missiya”nın tərkibində fransız nümayəndələrin kifayət qədər çox olması və Fransa rəsmilərinin "missiya"nın fəaliyyətinə yaxından maraq göstərməsi, hətta regiona səfərlər edərək "missiya" üzvləri ilə görüşlər keçirmələri də maraqlıdır.

Fransa Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilir. Dəfələrlə Azərbaycanın Qarabağda separatizmə qarşı çıxmasını tənqid edib, ölkəmizi sanksiyalarla hədələyib. Bu kimi məqamlar da "missiya"nın bitərəfliyini şübhə altına alır və onun konkret siyasi maraqlara xidmət etdiyini göstərir. Belə bir vəziyyət regionda sabitliyə deyil, əksinə, əlavə gərginliyə səbəb ola bilər.

O ki qaldı Avropa İttifaqı nümayəndələrinin Azərbaycanın Ermənistanı "təhdid etdiyi" və yalnız bu "missiya"nın fəaliyyətinin İrəvanı bu təhdidlərdən "sığortaladığı" iddialarına, belə yanaşma həqiqəti qətiyyən əks etdirmir və region üçün əlavə təhdid törədir.

Bütün bunlar onu deməyə əsas verir ki, Aİ "missiya"sının yuxarıda qeyd olunan “avtoralliləri” bölgəni gərginliyə sürükləməyə yönəlib. Hədəf Qafqazda “ikinci Ukrayna ssenarisi”ni reallaşdırmaqdır və "missiya"nın fəaliyyətinin uzadılması da yeni təxribatlara hazırlığın göstəricidir.(Report)

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR