dini radikalizm və ekstremizmlə mübarizə

Qərbin qərəzi: Uğursuz konfranslara yumulan gözlər COP29-da bərəldi - ŞƏRH

Qərbin qərəzi: Uğursuz konfranslara yumulan gözlər COP29-da bərəldi - ŞƏRH


Mübaliğəsiz deyə bilərik ki, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim maliyyəsində yeni eranın başlanğıcı oldu. İclasın yekununda İqlim üzrə Paris sazişinin 6-cı maddəsinin tam razılaşdırılması əldə edilən tarixi uğur kimi qiymətləndirildi. Bu maddə üzrə 10 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermirdi və bu da iqlim dayişiklikləri ilə mübarizəyə əlavə vəsait cəlb edilməsinə mane olurdu.

Ötən il Dubayda keçirilən COP28 zamanı Paris sazişinin 6.4 maddəsinin razılaşdırılmasına böyük ümidlər bəslənilsə də, bu, mümkün olmadı. Bakıda isə tərəflər Sazişin 6.2, 6.4 və 6.8 maddələrini razılaşdırmaqla karbon bazarının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tam nəzarəti altında fəaliyyətinə "yaşıl işıq" yandırdı.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq".

Bu tədbirin üzərindən bir neçə gün keçsə də, əldə olunan nəticə, təşkilatçılıq hələ də dünya mediasında, ekspertlər səviyyəsində müzakirələr davam edir. Əksəriyyətin də gəldiyi qənaət ondan ibarətdir ki, Azərbaycan ən yüksək səviyyədə tədbiri keçirməyə müvəffəq olub.

 


Ümumilikdə, Azərbaycanın sözügedən beynəlxalq tədbirə ev sahibliyi yüksək qiymətləndirildi. Bununla belə, qərəzli mövqelər də az olmadı. Məsələn, elə Fransa ilk gündən COP29-u, onun mahiyyətini bir kənara qoyaraq tədbirin keçirildiyi Azərbaycanı hədəfə aldı. Bu da qərəz və ikili standartların bariz nümunəsi idi. Tədbirin beynəlxalq, dünya üçün qlobal əhəmiyyətini vurğulamaq yox, onu aşağılamaq xətti əsas götürüldü. Süni maneələr yaradılmasına çalışıldı.

Yeri gəlmişkən, COP29-dan sonra keçirilmiş iki böyük beynəlxalq ekoloji konfrans uğursuzluqla başa çatıb. Cənubi Koreyanın Pusan şəhərində keçirilən danışıqlarda qlobal plastik çirklənməsi böhranını həll etmək üçün razılaşma ətrafında bir həftə gedən müzakirələr nəticə vermədi və danışıqları gələn il davam etdirmək qərara alındı. 100-dən çox ölkə plastika hasilatının məhdudlaşdırılmasına dair razılaşmaya gəlinməsini istəsə də, Hindistan, Səudiyyə Ərəbistanı, İran, Küveyt kimi ölkələr konsensusun əldə olunmasına imkan verməyiblər.

Cənubi Koreyada həftə ərzində plastik çirklənməsi qlobal böhranının həlli üçün razılaşma üzərində işləyən danışıqçılar razılığa gələ bilməyiblər və danışıqları gələn il davam etdirməyi planlaşdırırlar. Onlar müqavilənin Yerdəki ümumi plastik miqdarını azaltmalı olub-olmadığı və plastikin istehsalında istifadə olunan toksik kimyəvi maddələr üzərində qlobal hüquqi nəzarətin qurulması məsələsində dalana dirəniblər.

 


Cənubi Koreyadakı bu danışıqlar 2024-cü ilin sonuna qədər okeanlardakı plastik çirklənməsi də daxil olmaqla, ilk hüquqi məcburi müqavilənin hazırlanması üçün beşinci və son raund olmalı idi.

Səudiyyə Ərəbistanının nümayəndəsi bildirib ki, kimyəvi maddələr və plastik istehsalı müqavilənin əhatə dairəsinə daxil deyil. O, ərəb qrupu adından çıxış edərək bildirib ki, əgər dünya plastik çirklənməsi problemini həll edərsə, plastik istehsalı ilə bağlı heç bir problem olmamalıdır.

Küveytin nümayəndəsi bunu təkrarlayaraq deyib ki, məqsəd plastikin özünə deyil, plastik çirklənməsinə son qoymaqdır və mandatın ilkin təyinatından kənara çıxarılması etimad və xoş məramı sarsıdır.

Cənubi Koreyanın xarici işlər naziri Cho Tae-yul isə qeyd edib ki, Pusanda çoxlarının ümid etdiyi razılaşmaya nail ola bilməsələr də, onların səyləri dünyanı qlobal plastik çirklənməsinə son qoymaq üçün vahid həllə yaxınlaşdırıb.

 


Digər iqlim tədbiri - BMT-nin Bioloji Müxtəliflik haqqında Konferensiyası (COP16) Kolumbiyada keçirilib. Burada da maliyyə öhdəliklərinə dair razılığa gəlmək mümkün olmayıb və hətta səsvermə belə keçirilməyib, çünki nümayəndə heyətlərinin yarıdan çoxu tədbiri tərk edib. Nəticədə tədbir absurd şəkildə sona çatıb. Gözlənilir ki, COP16-nın davamı 2025-ci ilin fevralında Romada olacaq.

Bu iki uğursuz tədbirə qarşı Qərbdə hansısa bir kampaniya və yaxud tənqidi reaksiya oldumu? Xeyr! Sanki heç belə bir tədbirlər olmayıb. Halbuki, Bakıda keçirilən tədbirə qarşı Qərb mediasında ilk gündən, hətta daha əvvəl çirkin kampaniya başladıldı.

COP29-un başlamasına iki gün qalmış Bakıya səfərini ləğv edən Avropa Komissiyasının rəhbəri, xanım Ursula fon der Lyayendən tutmuş, Norveç, Fransa kimi ölkələrin tədbirə siyasi don geyindirmək cəhdinin şahidi olduq. İqlim problemlərinin həllinə biganə yanaşan ABŞ, Avropa İttifaqı və onun əsas rupor dövləti Fransa növbəti dəfə göstərdilər ki, onlar üçün əsas olan siyasi maraqlardır, digər problemlər əhəmiyyət kəsb etmir.

Bu sırada Aİ-nin aparıcı dövlətlərindən olan Almaniyanın mövqeyi isə sadəcə qərəz və riyakarlığın pik həddi idi. Bu ölkənin xarici işlər naziri Annalena Berbokun COP29 konfransı adı altında Bakıdakı destruktiv fəaliyyətini qeyd etməmək olmur. Ermənistandan sonra Azərbaycana gələrək COP29-un iclaslarına qatılan Berbokun səsləndirdiyi bəyanatlar göstərdi ki, onu iqlim problemi yox, siyasi məsələlər maraqlandırır.

 


Bütün bunlar Avropa İttifaqının, Qərbin riyakarlığını, ikiüzlülüyünü, yaratdıqları bəşəri problemlərin, iqlim fəlakətinin məsuliyyətindən yayınmaq və bu məsuliyyəti digərlərinin üzərinə yıxmaq istəyini aydın göstərdi. Halbuki, məhz onlar planetin əsas çirkləndiriciləri kimi iqlim fondlarının maliyyələşdirilməsində aparıcı rolu öz üzərlərinə götürməlidirlər. İqlim konfransında da xüsusi qeyd edildi ki, inkişaf etmiş ölkələr tarixən ətraf mühitin əsas çirkləndiriciləridir və məhz onlar iqlim problemlərinin həllinə əhəmiyyətli töhfə verməlidirlər.

Bəs bütün bu qərəzli yanaşmanın nəticəsi necə oldu? Azərbaycana qarşı təzyiqlər və geosiyasi ziddiyyətlərə baxmayaraq, COP29 konsensusa nail oldu. Ən yüksək səviyyədə - BMT Baş katibindən tutmuş, ABŞ Prezidentinə qədər - Azərbaycana təşəkkür edildi.

Bütün bunlara baxmayaraq, COP29-dan sonra ən müxtəlif dairələrdə ölkəmizə qarşı qərəz davam etdi və bu kampaniya hələ də səngiməyib.

Yuxarıda qeyd olunan iki uğursuz beynəlxalq tədbirlərlə bağlı Qərb mediası, dövlətləri, siyasi dairələrindən heç bir reaksiyanın olmaması isə göstərir ki, Azərbaycana qarşı kampaniya sifarişlidir və ikili yanaşmanın bariz nümunəsidir.(Report)

Oxunub: 16
Oxşar xəbərlər
SON XƏBƏRLƏR