Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlunun qanunsuz əməlləri barədə toplanmış materiallar əsasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
APA-nın yerli bürosu xəbər verir ki, istintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar respublikada müvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasını vətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlif məbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib alması sübut olunub.
İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunmaqla cinayət işi aidiyyəti üzrə Naxçıvan şəhər Məhkəməsinə göndərilib.
Oxunub: 17