dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD Təbriz Cüməzadənin ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN DÖRD İL ÖTÜR…


44 günlük Vətən müharibəsin 43 gününü qəhrəmancasına döyüşən şəhid.
Mingəçevir şəhərinin (əslən Oğuz ) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz Cüməzadənin Anım Günü qeyd edilib.
Şuşa fatehi Təbriz Cüməzadənin torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından 4 il ötür. Dörd il öncə-bu gün, 26 noyabr tarixində nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Əslən Oğuz rayonunun Xaçmaz kəndindən olan Təbriz Cüməzadə 2000-ci ilin fevralın 2-də sadə, zəhmətkeş bir ailədə dünyaya göz açıb.Ailədə iki qardaş olublar.Ali təhsilli Qorxmaz evin böyük, Təbriz isə ailənin kiçik oğlu olub. Təbriz orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.2019-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinə, Mingəçevirinə dönüb.Bir müddət işsiz qalıb.2020-ci ilin sentyabrın 29-da isə könüllü-səfərbərliyə cəlb olunub, müharibəyə, cəbhə, döyüş bölgəsinə göndərilib. Döyüş yolu isə uzun, Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində olub. Noyabrın 8-də, Şuşa işğaldan azad olunan gün, müharibənin başa çatmasına iki gün qalmış isə ağır döyüşlərdən birində qəhrəmancasına həlak-Şəhid olub. Nəşi düz 17 gün sonra, ayın 25-də, Şuşa şəhərində tapılıb və noyabrın 26-da Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Anım Günü ilə bağlı Təbrizin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub. Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Həmçinin, ailəsinə başsağlığı verilib, səbr arzulanıb. Anım mərasimində şəhid ailələri çıxış ediblər.Anım tədbirində Mingəçevir şəhəri və Oğuz rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları iştirak edib, İcra başçıları adından şəhidin ailəsinə başsağlığı veriblər.
Qeyd edək ki, Təbriz Cüməzadənin atasını illər öncə itirmiş xalası oğlu, ailənin iki övladından biri, subay, ali təhsilli Oğuz rayonundan olan Orxan Rəhimli də onunla eyni gündə Şuşa istiqamətində döyüşlərdə Şəhid olub. Onun nəşi isə 8 gün sonra Oğuzun Xaçmaz kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb. Şəhidliyindən sonra Təbriz Cüməzadə 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Təbriz də subay olub.
Allah rəhmət eləsin.

Esmira Hidayətova,Mingəçevir.



Oxunub: 38
Oxşar xəbərlər
SON XƏBƏRLƏR