dini radikalizm və ekstremizmlə mübarizə

PAKİSTANIN XARİCİ SİYASƏTİ

PAKİSTANIN XARİCİ SİYASƏTİ

Pakistan yarandıqdan sonra ilk illərdə ölkənin xarici siyasətində təbii olaraq Britaniya təsiri hələ güclü idi. Ancaq 1950-ci illərin ortalarından etibarən Pakistanın digər Avropa ölkələri ilə, eləcə də ABŞ-la siyasi-hərbi münasibətləri formalaşmağa başladı. Pakistan qoşulduğu hərbi-siyasi bloklarda daha çox ABŞ-ın maraqlarını dəstəklədi, bu birtərəfli mövqe əlbəttə onun diplomatik əlaqələrə malik olduğu bəzi ölkələrlə, o cümlədən SSRİ ilə əlaqələrinə mənfi təsir etdi. Lakin, bu siyasətin zərərini başa düşəndə Pakistan rəhbərliyi 1960-cı illərdə xarici siyasətdə çox vektorluluğu üstün tutmağa başladı.
Pakistanın xarici siyasətində məhəlli və qlobal çağırışlar mühüm yer tuturdu. Bunlar Hind okeanının hərbisizləşdirilməsi, ümumi və tam tərkisilah, Orta Şərqdə vəziyyətin normallaşdırılması, dinc-yanaşı yaşamaq, nüvə silahını yaymamaq kimi mövzular idi.
1960-cı illlərdə Pakistanın xarici siyasətində Asiya və Afrika ölkələri ilə, SSRİ və Şərqi Avropa ölkələri ilə münasibətlər yaxşılaşdırıldı. Pakistanın qoşulduğu bloklarda iştirakı daha çox formal xarakter daşımağa başladı. Ərəb ölkələri ilə əməkdaşlıq gücləndi, Pakistan İsrailin Fələstin torpaqlarını işğalını, ABŞ-ın Vyetnamda başladığı müharibəsini pislədi.
1960-cı il sentyabrın 19-da Pakistanla Hindistan arasında su ehtiyatlarının bölünməsi, çaylardan istifadənin nizamlanması barəsində Müqavilə bağlandı. 1966-cı ildə baş verən Pakistan-Hindistan müharibəsi də xarici siyasət-də müəyyən dəyişiklərin edilməsinə zəmin yaratdı.
1971-ci ildə Şərqi Pakistanın ayrılması və Banqladeş Respublikası qurulması, bu zəmində meydana çıxan Pakis-tan-Hindistan qarşıdurması da xarici siyasətdə təsirsiz ötüşmədi. 1972-ci ildə Pakistan CEATO-dan çıxmaq haqqında qərar verdi və bir il sonra bu reallaşdı. 1974-cü ilin 9 aprelində Daşkənddə Pakistan, Hindistan və Banqladeş arasında imzalanan Bəyannamə ilə nəhayət, münasibətlər normal vəziyyətə düşdü, qarşılıqlı humanitar addım-lar atıldı, 400 min nəfər öz yurduna qayıda bildi.
1979-cu ilin dekabrında SSRİ-nin Əfqanıstanı işğalı və İranda baş verən İslam inqilabından sonra ABŞ və Qərbin siyasətində Pakistana münasibət xeyli dəyişdi və Pakistan ABŞ-ın Sovet İttifaqına qarşı dəstəklədiyi əfqan müqavimət hərəkatının mərkəzinə çevrildi.
Bundan sonra Pakistanın ABŞ-la, Səudiyyə Ərəbistan, Yaponiya ilə və Fars körfəzi ölkələri ilə əlaqələri intensivləşdi. SSRİ ilə münasibətlər isə xeyli soyudu. Ancaq Pakistanın Mərkəzi və Cənubi Asiyada mövqeyi möhkəmləndi.
1980-cı illərin axırlarına doğru Pakistan hökuməti həm B.Bhuttonun, həm də N.Şərifin zamanında SSRİ və Hindistan ilə əlaqələri normallaşdırmaq üçün təşəbbüslər etdi. 1990-1991-ci illərdə Pakistan hökuməti İraqın Küveyti işğalını pisləyərək bu xüsusdakı BMT qətnamələrini dəstəklədi.
Pakistanın 1990-cı illərdə ABŞ-la yanaşı, Almaniya Federativ Respublikası, Yaponiya, Kanada, İtaliya ilə əlaqələri genişləndi. Pakistana yardım konsorsiumu çərçivəsində Pakistana qərb dövlətləri köməklik göstərdilər. Çin Xalq Respublikası ilə ənənəvi dostluq münasibətləri daha da inkişaf etdi.
Lakin qeyd edilməlidir ki, Sovet qoşunlarının Əfqanıstandan çıxmasından sonra ABŞ-ın Pakistana marağı tədricən azalmağa başladı və ABŞ daha çox Hindistana yönəldi. 15 yanvar 1998-ci il tarixində Pakistan, Hindistan və Banqladeşin hökumət başçıları Dəkkədə görüşdülər. Əsasən, iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bu görüş əhəmiyyətli oldu.
Pakistanda yönətimin tez-tez dəyişməsinə baxmayaraq, ölkənin müdafiə gücünün artırılması, ordunun həm yerli, həm də müasir xarici döyüş texnikası, silah sursatlarla təmini, yeni silah və texnologiyaların əldə edilməsi hər zaman diqqət mərkəzində olmuşdur. Uzun illər ölkənin nüvə dövlətinə çevrilməsi proqramı çərçivəsində görülən işlər 1998-ci ilin mayında Pakistanın nüvə sınaqlarının uğurla keçirilməsi ilə nəticələndi. Hindistanın beş nüvə bombası sınağından az sonra Pakistanın altı nüvə bombasının sınağını keçirməsi artıq Pakistan-Hindistan arasında qarşıdurmalarda sözün əsl mənasında bir “çəkindirmə amili” ortaya qoymuş oldu.
Paksitanın Belucistan əyalətinin Çaqay dağlarındakı poliqonunda keçirdiyi bu sınaq ABŞ, Yaponiya və bəzi digər ölkələrin Pakistana beynəlxalq səviyyədə sanksiya qoyulmasını təklif etməyə şərait yaratsa da, buna nail ola bilmədilər. Bundan əvvəl Hindistana da sanksiya qoyulması tələbi irəli sürülmüşdü, lakin keçməmişdi. Rusiya Hindistanın və Pakistanın nüvə silahının yayılmaması müqaviləsinə qoşulması təklifini irəli sürməklə daha konstruktiv mövqe sərgiləmiş oldu.

Vüsal Hümbətzadə
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli sabiq səfirinin köməkçisi

Oxunub: 47
Oxşar xəbərlər
SON XƏBƏRLƏR