Azərbaycanın, eləcə də Türk dünyasının tanınmış şairəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xuraman Muradova Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
Djb.az xəbər verir ki, Özbəkistan Yazıçılar Birliyində təşkil edilmiş tədbirdə ölkənin tanınmış şair və yazıçıları, ədəbiyyatsevərlər, aparıcı media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Özbəkistanın Xalq şairi, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Seyyid sözügedən qurumun tarixindən, ədəbiyyatın inkişafında, qələm ustadlarının yaradıcılığında, onların birləşməsində, daha səmərəli fəaliyyət göstərmələrində oynadığı roldan söz açıb. Özbəkistan Yazıçılar Birliyinin fəaliyyətinin təkcə Özbəkistanla sərhədlənmədiyini qeyd edən S.Seyyid, bu qurumun beynəlxalq əlaqələrin yaradılması, ələlxüsus da Türk dünyası qələm əhli ilə münasibətlərin qurulması, bu sahədə birləşdirici bir təşkilat olmasından da söz açıb.
Qardaş ölkə olan Azərbaycandan da şair və yazıçıların bu təşkilata üzv olmalarıının əhəmiyyətindən söz açan S.Seyyid Xuraman Muradovanın Özbəkistan Yazıçılar Birliyinə fəxri üzv seçilməsini böyük sevinclə qarşıladığını vurğulayaraq üzvlük vəsiqəsini şairəyə təqdim edib.
Daha sonra çıxış edən şairə Xuraman Muradova qardaş özbək xalqına doğma Azərbaycan xalqının salamlarını çatdıraraq özbək oxucuları, poeziyasevərləri tərəfindən qarşılaşdığı böyük maraq və sevginin onda sonsuz məmnunluq hissi oyatdığını vurğulayıb. X.Muradova Özbəkistan Yazıçılar Birliyi tərəfindən ona göstərilmiş etimadı yüksək qiymətləndirərək gələcəkdə daha böyük həvəs və əzmlə çalışacağını, iki qardaş ölkə poeziyasevərlərinin zövqünü oxşayacaq əsərlər qələmə alacağını söyləyib.
X.Muradova şəxsinə, eləcə də yaradıcılığına göstərilmiş böyük diqqətə görə özbək ədəbiyyatsevərlərinə və Özbəkistan Yazıçılar Birliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Çıxışının sonunda Xuraman Muradova Özbəkistana və özbək xalqına həsr etdiyi şeirlərindən nümunələri də səsləndirib.
Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib.
Qeyd edək ki, şairə Xuraman Muradova eyni zamanda Türk dünyası Elmlər Akademiyasının fəxri professoru, Türk dünyası Altın yıldız və Onur medalı, “Humay” milli mükafatı laureatı, “Vektor” Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Özbəkistan Beynəlxalq Ədəbiyyat Sənət İctimai Elmlər Akademiyasının fəxri akademiki, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin fəxri professoru və s. kimi bir çox təltiflərin sahibidir.
5 kitabın müəllifi olan Xuraman Muradovanın əsərlərinə çox sayda musiqilər bəstələnmiş, şeirləri müxtəlif türk dillərinə çevrilərək çap olunmuş, eləcə də qələmə aldığı poetik nümunələrdən ibarət “O‘zbekiston ham vatanimdir” adlı kitabı da özbək dilində nəşr edilib.
Oxunub: 213