dini radikalizm və ekstremizmlə mübarizə

İran səfirinin saxtakarlığı - xülyadan ayılmayan erməni lobbisinin oxşarı - TƏHLİL


İranın Ermənistandakı səfiri Mehdi Sübhani növbəti dəfə Ermənistan-Azərbaycan münasibətlərinə yersiz müdaxilə edib.
Bu ilin fevralında o, ermənisayaq mövqe tutaraq Ermənistana Hindistan silahlarının tədarükünə dair sualı cavablandırarkən demişdi ki, Tehran Ermənistanın gücləndirilməsinin, regionda sülh və sabitliyə kömək edəcək həll yollarının tərəfdarıdır: “Biz Ermənistanın möhkəmlənməsi və güclənməsinin tərəfdarıyıq. Regionda sülh və sabitliyə kömək edəcək hər şeydə ona kömək etməyə hazırıq”.
O, Azərbaycanın da iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinə qarşı çıxaraq Ermənistandan keçəcəyi arzulanan ideyaya üstünlük verdiklərini vurğulamışdı.
Səfir Sübhani avtomobil yolları ilə bağlı məsələyə münasibət bildirərək demişdi ki, yollar ölkənin suverenliyi altında olmalıdır.
O, Azərbaycanla Ermənistan arasında sərhədyanı ərazidə Avropa İttifaqı mülki müşahidə missiyasının yerləşməsinə qarşı heç vaxt mənfi münasibət bildirməyib. Habelə, ABŞ dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 5-də keçirilən üçtərəfli görüşlə bağlı da açıqlama yaymayıb.

Bununla belə, o, birmənalı olaraq Ermənistanın silahlanması kimi məsələlərdə rəsmi İrəvanı müdafiə edib. Bunun üçün bir çox hallarda İrəvanın özündən də çox canfəşanlıq göstərib. Yuxarıda göstərdiyimiz örnək bunu təsdiqləyir.
Mehdi Sübhani regional münasibətləri və vəziyyəti nəzərə almadan verdiyi şərhlər və açıqlamalarla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə qarşı çıxır, başqa sözlə, təxribatla məşğul olur.
Mehdi Sübhani jurnalistlərə deyib: "İran tərəfinin mövqeyi budur ki, Ermənistanla Azərbaycan arasında sərhədin bu şəkildə demarkasiyası Ermənistan və Gürcüstan arasındakı hökumətlərarası marşruta (Veskpar kəndi yaxınlığındakı hissə, İran yüklərinin də keçdiyi hissə) təsir göstərə bilər".
Aprelin 20-dən Ermənistan Azərbaycanın işğal altında saxladığı 4 kəndini geri qaytarır. Aşağı Əskipara kəndi yaxınlığından Ermənistan-Gürcüstan avtomobil magistralı da keçir. Səfir bu yolun Azərbaycana aid olduğunu bilsə də, deyib: “Bizə verilən məlumata görə, beynəlxalq avtomobil yolu hissəsi Azərbaycan Respublikası ilə delimitasiya sazişlərinə daxil deyil”.

Vaxtilə İran işğal altında olan Gorus-Qafan avtomobil yolu ilə Ermənistana yük daşıyıb və s. Onda rəsmi Bakı həmin ərazinin Azərbaycana aid olduğunu bildirəndə də Tehran hay-küy salmağa çalışdı. Saxtakarcasına mövcud olmayan sənədlərdən bəhs etdi. Ancaq məlum oldu ki, o, yoldan Azərbaycan yalnız Ermənistanın yük daşımaları üçün istifadə etməsinə icazə verib. İran hakimiyyəti isə işğal altında saxlanıldığı 30 ilə yaxın müddət ərzində Azərbaycanın avtomobil yolundan qanunsuz, qaçaqmalçı kimi yararlanıb. O, bununla da respublikanın torpaqlarının işğal altında qalmasına göz yumub və beynəlxalq normaları pozub.
Ermənistan-Gürcüstan yolu kimi tanınan ərazi ilə bağlı rəsmi Bakı hər hansı sazişin bağlanmasına münasibət bildirməyib. Belə olan halda səfir ictimaiyyətə yalan məlumat verməklə iğtişaş üçün şərait yaradır.
Mehdi Sübhani Qarabağı könüllü tərk edən erməni sakinlərin də “cəfakeşi” rolunu oynamağa çalışıb. O deyib ki, “Dağlıq Qarabağ sakinlərinin hüquqları qorunmalı və nəzərə alınmalıdır”. Onun bu açıqlaması “qaşınmayan yerdən qan çıxarmağa” daha çox oxşayır.

Axı erməni sakinlərin hüququnun qorunmasına və təhlükəsizliyinin təmin edilməsinə, habelə Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına rəsmi Bakı dəfələrlə təminat vermişdi. Ancaq onlar ölkə ərazisini könüllü olaraq tərk etməklə bu təminatlardan imtina etdilər. Deməli, onlar Azərbaycan cəmiyyətinə inteqrasiya olub, ölkə konstitusiyasını qəbul etməyə razı olmayıblar. Sübhaninin bu iddiası isə Azərbaycana qarşı aparılan təbliğatdır. O, bununla Ermənistanın havadarı Fransa hakimiyyətinin dediklərini təkrarlayır. İranla Fransa anti-Azərbaycan çıxışları 44 günlük müharibədə də özünü göstərmişdi.
Sübhaninin son açıqlamasından belə çıxır ki, Parislə Tehran Azərbaycana qarşı tezisləri birgə hazırlayır. Bu azmış kimi, Sübhani erməni sakinləri “Qarabağ xalqı” kimi təqdim edir. Səfirin çıxışı İran hakimiyyətinin rəsmi mövqeyidir. Bu baxımdan, Sübhaninin açıqlaması ölkənin ali rəhbərinin mövqeyi kimi də qəbul olunur. Odur ki, Sübhani çıxış və açıqlamaları ilə İranın Azərbaycan-Ermənistan münasibətlərinə mane olduğunu isbatlayır.
Torpaqlar işğal altında olanda İslam Respublikasının tanınmış hərbi-siyasi xadimlərindən biri, keçmiş vitse-prezident, İqtisadi Əlaqələndirmə Şurasının katibliyinin əməkdaşı Möhsün Rezai də Qarabağla bağlı Ermənistanın, erməni lobbisi və havadarlarının arzu-istəklərini dilə gətirmiş, bildirmişdi ki, “Dağlıq Qarabağa muxtariyyət verilməlidir”.
İran rəsmiləri belə anti-Azərbaycan çıxışlarla Cənubi Qafqazda Ermənistan vasitəsi ilə özlərinə yer eləmək istəyirlər. Ancaq Tehran nümayəndələrinin belə çıxış və davranışları regionda təhlükəsizliyi, əməkdaşlığı təhdid edir. Bu kimi qıcıqlandırıcı çıxışlar İranın Cənubi Qafqazda sıxışdırılmasına əsas və təkan verir. Odur ki, Sübhani kimi diplomatlar və rəsmilər Azərbaycanla münasibətlərin bərpasına çalışmaqdan, mövcud problemləri aradan qaldırmaqdansa, özlərini hələ də xülyadan ayılmayan erməni lobbisi kimi aparırlar.

Oxunub: 45
Oxşar xəbərlər
SON XƏBƏRLƏR