dini radikalizm və ekstremizmlə mübarizə

Daşdəmir ƏJDƏROĞLU


Bəhruz Məmmədov - 50
MUSA YAQUB MƏKTƏBİNİN LƏYAQƏTLİ DAVAMÇISI
YAXŞI İNSAN DÜNYADA BİR YOLÇU KİMİ YAŞAR


Buynuz sənin 50 il öncə dünyaya gəldiyin qədim Oğuz yurdudu... Sən Allaha, atana, anana ona görə minnətdarsan ki, Azərbaycanın mirvarisi İsmayıllının Buynuz kəndində - yaşı min illərlə ölçülən bir diyarda doğulmusan, boy atmısan. Fəxr edirəm ki, İsmayıllıda ən qədim, ən ulu məkanlardan birində - ustadımız Musa Yaqubun vətəni Buynuzda dünyaya göz açmısan, onunla müəyyən bir dövrün yaşamını bölüşmüsən.
Səni – Bəhruz Hacıməmməd oğlu Məmmədovu tanıdığım gündən bilirəm ki, bütün müsbət cəhətlərinlə, xeyirxah, savab işlərinlə doğma kəndinə olan oğulluq borcunu qismən olsa da, ödəməyə çalışmısan. İsmayıllı, o sırada Buynuz kəndi də çox sayda söz sərrafı yetirib. Sən də bir qələm adamı olaraq söz qapısını açmaq istəmisən, çoxunun görüb, amma görmək istəmədiyi həqiqətləri qələmə almısan. Yazdıqların sinəndə qövr eləyən Vətən yaraları, göynəyən yurd ağrıları, tükənmək bilməyən dərdlərimiz, problemlərimiz, ictimai və sosial bəlalarımız olub.
Bəhruz Məmmədov elmi-ədəbi ictimaiyyətin, qələm sahiblərinin arasında olduğu kimi, eldə, obada da yaxından tanınan, sevilən, xətirli, hörmətli bir ziyalıdır. O bu xətir-hörməti, sevgini, ilk növbədə, qələmi ilə qazanıb. İşgüzarlığı, istedadı sayəsində oxucu qəlbində taxt qurub.
Bəhruz Məmmədovun yazılarını oxuyub, bədii yaradıcılığını izləyib düşüncəyə dalıram: görəsən o, tarixin yaddaşını yaradır, yoxsa yaddaşın tarixini? Bu qənaətə gəlirəm ki, tarix Bəhruzun mənəvi mahiyyətidir. Bəhruz həmçinin təbiətin, mənəviyyatın da yaddaşını yaradır. O, tarixi, təbiəti arayıb, darayıb hər dönəminə bələd olur. Yaratdığı isə sadaladıqlarımın özüdür...
Bəhruz qələmə aldığı hər mövzunu insaf tərəzisindən keçirəndən sonra ortalığa qoyur. Onun bədii yaradıcılığı çoxşaxəlidir. Müraciət etdiyi mövzunu təhlil süzgəcindən keçirərkən haqqı arada görüb. Mayası haqdan gələn bədii nümunələr isə sevilir, daha həvəslə oxunur. Həm də bir qələm sahibi olaraq gördüklərini yazmaq, cəmiyyətdə baş verənlərə biganə qalmamaq onun xalq və Allah qarşısında borcudur. Kim bilir, bəlkə elə dünyaya da bu borcu ödəmək üçün gəlib. Haçansa hamımız kimi, o da dünyadan köç edib gedəcək. Buynuzda anası, atası uyuyan torpağa qovuşacaq, bir ovuc torpaq olacaq. Əgər qimət olsa, torpağa qarışıb Vətənin müqəddəs torpağını bir ovuc da çoxaldacaq. İnanıram ki, gəlimli-gedimli dünyamızda onun yazdıqları əbədiyyət qazanacaq.

Bəhruzun iç dünyasına bələd olmayanlara tanıtma: Bəhruz Hacıməmməd oğlu Məmmədov 16 noyabr 1973-cü ildə İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Orta məktəbi 1991-ci ildə Bakı Dövlət Universitetinin nəzdindəki 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbdə bitirib. Elə həmin il Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) İPA fakültəsinə daxil olub. Həmin dövrdə başlanan Qarabağ münaqişəsinə biganə qalmayan Bəhruz torpaqlarımızın azadlığı uğrunda gedən mübarizəyə qoşulub və döyüş bölgəsinə üz tutub. Onu da qeyd edək ki, Bəhruzun döyüş xidmətləri az olmayıb.
1991-1996-cı illərdə Əsgəran, Ağdam, Füzuli istiqamətlərində gedən döyüşlərdə xüsusilə fərqlənib. Qarabağ döyüşlərində əmisi oğlanları Rəhman Şükür oğlu Ocaqov, İlham Ağaməmməd oğlu Ocaqov və dayısı oğlu Elbruz Şıxı oğlu Həsənov qəhrəmancasına şəhid olublar.
1996-cı ildə Birinci Qarabağ Müharibəsindən geri qayıdan Bəhruz təhsilini davam etdirməklə yanaşı mətbuat sahəsində də çalışmağa başlayıb. “Gənclik”, “Həqiqətlər və faktlar”, “Nyu Media” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. 2001-ci ildə ADNA-nın avromatika və idarəetmə ixtisasına yiyələnib.
2003-cü ildə “Yeni Carçı” qəzetini və jurnalını təsis edib, baş redaktor kimi bu qəzetin respublika miqyasında çıxmasına baxmayaraq İsmayıllı rayonunun müstəqil qəzeti olmasına çalışıb.
2004-cü ildən isə o həm də Neft Daşlarında mətbuat sahəsində çalışır, “Neft daşları” qəzetinin sayılıb-seçilən əməkdaşıdır. Bu sahəyə üz tutmaqda məqsədi də bu olub ki, o ağır Qarabağ müharibəsindən sonra müharibə veteranı kimi şərəfli bir işdə çalışsın, ona bəslənilən ümidləri doğrultsun. Həm də ölkəmizin tərəqqisinə, neft sənayesinin inkişafına özünün layiqli töhfələrini versin. Təbii ki, öz qələmi və beyninin məhsulları ilə.
“Neft daşları” şeirində qara şəhərin möcüzələrini, möhtəşəmliyini belə tərənnüm edir:

... Qalxır “uçan xalça” üzü küləyə,
Fələk özü çatsın darda köməyə,
Alqış belə işə, belə əməyə,
Möcüzə sayılır bu Neft Daşları.
Gör nələr yaradıb Odlar diyarı,
Bu da Neft Daşları, möhtəşəm şəhər,
Xəzərin incisi, kəhkəşan şəhər.
Fırtına qoynunda çarpışan şəhər,
Sevir ərənləri, bahadırları,
Gör nələr yaradıb Odlar diyarı...



“Ruhum işıq kimi qalxsın göylərə”, “Xəzan yarpağı” şeirlər kitabının müəllifidir Bəhruz qardaşımız. Yaşanmış bu əlli illik ömründə yazdıqlarını yazıb, hələ yaşanacaq ömründə nə yazacaqlarını bilmir. Bəlkə elə yaşanacaq ömründə yazacaları ilə dünyada izi alacaq, sözü qalacaq. Bu, hələ gələcəyin işidir. Söhbət isə əllinci payızını yaşadığı bu günlərdən gedir. Oxucularla, dostlarla bu ərəfədəki görüşlərdən gedir. Bilirəm ki, bu görüş ürəyinizə yatsa, Bəhruz şair taleyindən gileylənməyəcək. Onu da bilirəm ki, adi bir sərçənin belə ac qalmasına, anası ölmüş bir quşcuğazın belə göz yaşlarına dözə bilmirsən. Qəhər səni boğur. Hönkürmək, bu dünyadan baş götürüb qaçmaq istəyirsən. Axı sən şairsən... Axı sən Musa Yaqub ədəbi məktəbinin ən ləyaqətli nümayəndəsi, Musa Yaqubun sədaqətli, vəfalı davamçısısan. Şairlik taleyidi və sən də bu taleyi yaşaya-yaşaya cəmiyyətin əxlaqında əmələ gələn qorxulu çatlar üçün, Vənənində baş verən haqsızlıqlar üçün cavabdehsən.
Söz adamları Allaha yaxın bəndələrdir. Uzun illərdir ki, daxilində gedən hisslərini, duyğulaını tıma çəkən şairliyinlə jurnalistliyin arasında gedən mübarizə və mübahisə səni rahat buraxmır. Şeirlərin gah poetik nəfəsinlə “yoğrulub” çap olunur, gah da şair-jurnalist nəfəsinlə. Bu yaşadək sənin heç bir kitabın çap olunmayıb. Özün buna cəhd etməmisən. Çünki bir çoxundan fərqli olaraq arsız, sırtıq, özünü gözə soxanlardan deyilsən. “Xəzan yarpağı” kitabında ruhunun, mənəvi, daxili aləminin müqəddəs nümunələri toplanıb. Bu qədər təbiətə bağlılığın sonunda da təbiətin əsrarəngiz sirrlərinə doğru gedən bir yolun başlanğıcı gözə dəyir. Və o başlanğıcda yenə Bəhruz Məmmədov var. Üzünü insan ayağı dəyməyən həmin yerlərə tərəf tutub pıçıldayır:

Mənim də bu ömrüm bir yarpaq ömrü,
Körpə bir tumurcuq, sonunda xəzan.
Yaşayıb budaqda, torpaqda çürü,
Onunla bir yazıb bəxtimi yazan.


Günün qürub anlarında onu əllərini belində daraqlayıb fikirli-fikirli gəzdiyini çox görmüşəm. “Mən sözdən qorxuram, Tanrıdan qorxan kimi” deyən Bəhruzu tənhalığından və duyğularından, düşüncələrindən ayırmamaq üçün yaxınlaşmamışam, eləcə uzaqdan seyr eləmişəm. Niyəsini bilmirəm, amma həmin anlarda o mənim gözlərimdə Yunus Əmrə kimi haqq aşiqini xatırladıb. Fəqət arıq və uzun boyuyla xatırladığımız Y.Əmrədən fərqli olaraq Bəhruz dağ cüssəsi və ləngərli yerişiylə diqqəti cəlb edir. Sözdən Tanrıdan qorxduğu kimi qorxan şairin şeirlərində Tanrı-söz paralelləri ilə tez-tez qarşılaşırıq. Onun üçün “Şair Tanrı ruhu, söz şairin ruhudur”.
İstər yazıçı ol, istər şair ol, kim olursan ol, yetər ki, insan kimi insan olasan. Görkəmli mütəfəkkirimiz C.Məmmədquluzadə deyirdi: “Elə yaşa ki, öləndən sonra da ölməyəsən”. İnsanlığa və insan mənəviyyatına dəyər qatanlar bu şöhrətə layiq olacaqlar.
Kainat elə yaradılıb ki, həyat və insan amili bir-biri ilə sıx əlaqəlidir. İnsan həyatın bir parçası, həyat isə insanın dərs kitabıdır. Getdikcə çətinləşən və maddiləşən həyatımızda hər şeyin kökü, qiyməti mənəviyyatdadır. Mənəviyyat cəmiyyətin daim tələb duyduğu bir idrakdır. İnsan özü yaşadığı cəmiyyət haqda rəy yaradır, fikir formalaşdırır: istər yaxşı, istərsə də pis. Hər iki tip insan məmləkətimizdə mövcuddur. Lakin həyatda elə insanlar da var ki, onlar tarixdə qoyduğu izləri, mənəvi dəyərləri, ədalətə pərəstiş, cəhalətə nifrətləri ilə qəlblərdə ümid çırağı yandırıblar. Bu cür insanlar əsrlər keçsə də, könüllərin fatehi olaraq cəmiyyəti təravətləndirib insanlığa ilham verirlər.
Təbiətcə incə və zərif, əqlcə müdrik və kamil olan bu insanlar öz şəfqətləri ilə insanlığı Tanrı qarşısında böyük sərvətə çeviriblər. İstər siyasətçi ol, istər filosof, istərsə də adi vətəndaş - əsas odur ki, insan adını şərəflə daşıyasan. Bugünkü, yəni bu yazıdakı qəhrəmanım Bəhruz Hacıməmməd oğlu Məmmədov kimi…
Yaxşı insanlar bilinməyən, bitib-tükənməyən xəzinə, hədsiz cəsarət və şücaət sahibidirlər. Qorxaq, zəlil, adam yaxşı insan ola bilməz! Zalımları, naqisləri, qafilləri, münafiqləri tərifləməz yaxşı insan, onlara yaxşılıq belə etməz. Bu dediklərim pislərin sifətləridir. Yaxşı dediyimiz kimsə qətiliklə haram tikə yeməz, quru çörəyə möhtac olmağa razı olar ki, harama əl uzatmaz. Nəinki haram olduğu qəti şəkildə bilinən, hətta halallığı şübhəli şeylərdən də uzaq dayanar.
Özünün orta məktəb müəllimi Xeyrulla Ağayevdən soruşur:

Yalan gəzir ayaq üstə,
Əyri düzü kəs ha kəsdə.
Dünya belə niyə xəstə?
Söylə mənə, müəllim.

Yaxşı insan mütləq şəkildə doğru və dürüstdür. Axı xislətində əyrilik olan kimsə necə yaxşı ola bilər? Yaxşı insan dünyada bir yolçu kimi yaşar. Ömrünün 50-ci payızını yaşayan Bəhruz Məmmədov kimi!
Əziz və dəyərli qardaşım! Səni sevən, xətrini çox istəyən, yaradıcılığına və şəxsiyyətinə hörmət edən dostların, o cümlədən Təranə Cəbiyevanın, Xeyrulla Ağayevin, Nizami Mirzənin, Yusif Məhəmmədoğlunun, Dönməz Abasovun və öz adımdan təbrik edir, sənə gözüdolusu sağlam yaşam, bərəkətli, halal ömür arzulayıram. Qəlbindəki arzular Xəzan yarpağı kimi heç zaman solmasın. İstəkli balalarının xeyir işlərini sənə, ailənizə və bizə nəsib eləsin. Özü kimi, onun “Ötən günlərinə boylanıram mən”...

Ad günüm adımı yadıma salıb,
Əllərim cütlənib çənəmdə qalıb.
Xəyallar içində xəyala dalıb,
Ötən günlərimə boylanıram mən.

Xoş günüm xoşuma gəlməyir indi,
Yaman gün qəlbimdə qəzəbdi, kindi.
Fələyin əlində əkin-bimindi,
Biçilən zəmimə boylanıram mən.

Durna atarından səf düşən kimi,
Sarmaşıq budaqsız bitişən kimi.
Vaxtından daha tez yetişən kimi,
Ağarmış saçıma boylanıram mən.

Yaxşısı yamandan yaman az imiş,
Gecəm də, gündüz tək bəmbəyaz imiş.
Bəxtim bəxtsizlikdə bəxtəvər imiş,
Atılan zərimə boylanıram mən.

Sıxılır ürəyim, sıxılır yaman,
Qarşımı tutubdur bir qara duman.
Yetişib, deyəsən çatıbdı zaman,
Uçan ulduzuma boylanıram mən.

Oxunub: 154
Oxşar xəbərlər
SON XƏBƏRLƏR