dini radikalizm və ekstremizmlə mübarizə

Aysel Fikrətin şeirləri



Dədəmin sehrli kitab rəfləri

Ta uşaq çağından, möcüzəm idi,
Dədəmin,sehirli kitab rəfləri.
Şəklinə baxırdım gizlincə hər gün,
Hələ bilməyəndə mən hərfləri.


Səhərlər açarla qapi bağlansa,
Gedib pəncərədən seyr eləyərdim.
Sanki kitabların əlləri vardı,
Mənimlə birlikdə rəqs eləyərdi.

Rəngbərəng kitablar onda yaşardı,
Xoşbəxt çağlarını,xoş çağlarını.
Bizə bilik verdi , bizi böyütdü.
Gördü dərd çağımı,kədər çağımı.

Əsgər də göndərdi qardaşlarımı,
Qonaqlı-qaralı toy da eşitdi
Gəlin də köçürdü,nəvə də gördü.
Pis günü ,xoş günü bizlə eşitdi.

Özün fəda edib oğula ,qıza,
Sonra da şam kimi əridi dədəm.
Onda da kitablar çatdı dadına,
Başının ucunda gözlədi hərdəm.

Dədəm bu dünyadan köçüb gedəndə,
Kitablar bir küncdə soldu,saraldı,
Mənimlə bərabər boynunu büküb,
Kitab rəfləri də kimsəsiz qaldı.

İndi bir balaca komaya köçüb,
Dədəmin vüqarlı kitab rəfləri.
İndi nadan olub onun ətrafı,
Nankorun başqadir küt hədəfləri.

Kitabdan anlamaz əllər toxunur,
Solur barmaqları yad əllərində.
Kitab dolabınin həzin dərdindən,
Bu hay -kuy,taqqilti insanlara nə?

Alıb kitabları yorğun çiynimə,
Səmum səhrasında yola düşmüşəm,
Bir ev yoxa çıxıb doğmalar dolu,
Kitab bəhanədir dərddən bişmişəm.

Dədəmin sevgili kitab rəfləri,
Əziz əlləriylə düzdüyü rəflər.
İndi onun kimi öpür alnimdan,
Bir zaman əlimi uzdüyum rəflər.

Yuxuda qapının zili çalındı,
Oyandım hovlnak qapıya baxdım,
Qapını taybatay açdım Gunəsə,
Dədəli günlərə nə çox darıxdım.



Baxçalı ev

Bağçalı evin olsun, gül çiçəkli qoxulu,
Noğullu donun olsun, bənövşəli toxulu.
Isti bir yuvan olsun, soba yanında kətil,
Pəncərədən baxasan göy üzünə yuxulu .

Evin damı bacalı, həyətində bağ - bağat,
Darvazanın önündə it dayanmış farağat,
Boy -boy ağaclar olsun üstü çiçəkli barlı,
Həyətdə səhəhg,çatıl,babandan qalma heybə.

Darıxasan içində çağlayan sevgi üçün,
Nədən o atlı oldu mən piyada, de neyçün?
Heçmi sevmədi məni,ya sevdi öz sevgisin,
Indi necə unudum hec olmayan bir kəsi?

Bu yuvayla, ocaqla baş edən sevgi tapıb,
Ev-eşiyi suvayib daş edən əhdə çatıb.
Sevgidən yoğrulubdu həyətimizdə təndir,
Sevgi nənəm təndirə sevgiylə çörək yapıb.

Mənim niyə ruhumda tükənib sevgim,niyə,
Kim yeyib sevgi payım yara çıxıb dilinə?
Kimə ötürdün,Allah, ürəyimin naləsin.
Bu hay küyün içində daha çıxmayır səsim.


Bilmədi

Uşaq idim yumaq idim,
Bir sevdaya qonaq idim.
Palıd idim,qovaq idim ,
Dərdimi anam bilmədi.


Yudu yağışlar arzumu ,
Çəkdi qarğışlar nazımı,
Qış etdi fələk yazımı,
Dərdimi anam bilmədi.


Deyindi bəxtim,deyindi,
Qırmızı donun geyindi.
Ömrüm tələsik, yeyindi.
Dərdimi anam bilmədi.

İnlədim səsim batinca,
Ah-ufum ərşə çatınca,
Gözümü yumub yatınca,
Dərdimi anam bilmədi.

Torpaq altında çiçəyəm,
Bu gün sabah cücərəcəm,
Bir də dünyaya gələcəm,
Dərdimi anam bilmədi


Mənimdir

Nə mənim deyilsə mənim olmasın,
Nə mənim olmasa gözlər mənimdir.
Yanıb külə dönən hər nə var bitib,
Deyə bilinməyən sözlər mənimdir.

Lal baxar,lal gəzər ruhum dünyanı,
Deyərlər burdaydı, bəs indi hanı,
Tanıya bilirsen gəl indi tanı,
Yanıb külə dönən közlər nənimdir.

Günahı olmayan saman dünyada,
Biz ötüb gedərkən qalan dünyada.
Bu sönük,bu yamaq,yalan dünyada,
Heç nə mənim deyil,nə var mənimdir.

Son dayanacaq

Bir yoldu gedirik dayanacaqdı,
Nə olsun kül olub, yenə ocaqdi.
Gözüm gözlərinə dəymir haçandı,
Sazağa dönūrsən,yada dönūrsən.

Ömrün bu çağında məhəbbət olmur,
Kuzə boşaldıqca yenidən dolmur,
Son eşqdən gör neçə il keçib indi ,
Dodaqda,damaqda dada dönūrsən.

Deyəsən gəlişin Allaha qaldı,
Bu nə oyun oldu ,nə qeylū qaldı?
Düşüb şəkillərdə cansız kağıza,
Dilimdə bir quru ada dönürsən.

Işin-gücün çoxdu getdiyin yerdə,
Ora niyyətinə yetdiyin yerdi,
Mən olmayan yerdən, itdiyim yerdən.
Dərd olub üstümə qada donursən.

Gözləyən

Adamın gedəni ola,
Gəldiyi günü gözləyə.
Məktublar gələ uzaqdan,
Gördüyü günü gözləyə.

Gözləyə gözlərindəki,
Qəmdən şəkil çəkə -çəkə.
Gözləyə dərdi çücərdib,
Ürəyində əkə -əkə.

Uzaqlar ola uzaqlar,
Uzaqdan baxan gəlməyən.
Bir dəfə üzünə həsrət,
Bir daha elə gülməyən.

Adamın gedəni ola,
Gəldiyi günü gözləyə.
Baq-bağat sala dünyada,
Əkdiyi gülu gözləyə.

Gözləyə gözüňu tutan,
Tor aləmi bürüyüncə.
Gözləyə gözləyə onu,
Yaşayınca, həm ölüncə.

Adamın gedəni ola,
Çıxa qatarın yoluna.
Təyyarənin zolağına,
Həsrətlə onu gözləyə.

Dənizim

Dəniz yenə dalğalı, nəsə sözü var mənə,
Qağayılar didişir bir qırıq çörək üstə.
Sən də gendə dayanıb özgə ulduzu sayma,
Məndən qağayı olub bir qırıq çörək istə.

Yağış ol ya da bulud,bir duruşdan anlaram,
Qışda salxım buza dõn pəncərəmdə keşik çək.
Xəyalımin içində yaşlanmaqdan doymadın ?
Çıx bir az təbiətə sevgimizdən şəkil çək.

Bürü yeri,göyü sən alqırmızı laləyə,
Lalələri çələng hõr saçlarıma bağlayım.
Hərdən yoxluğun ilə barışıram bilirsən,
Hərdən görün gözümə qucaqlayım,ağlayım.

Yuxuma da gəlirsən tox dururam yuxudan,
Sevgin neçə var olan həqiqətdən əzizdir.
Mən səni dərməyəcəm bu qarışıq dünyadan.
Qağayı ol,yağış ol,dənizim ol bəsimdir.

Bəm

Saçlarıma ulduz kimi dən yağıb,
Qocalıram bu dünyanın xətrinə,
Könlüm daha zil ötəni bəm sayır,
Başa düşmür söhbəti nə, xətri nə.

Sıx meşədə bir canavar uladı,
Qoca qarı eşitmədi, bilmədi.
Yalqızlıği düşəcəkdi yadına,
Bilmədi ki, göz yaşını silmədi.

Büküb dördkünc gül qoxulu yaylığın,
Itkin düşən balasına səsləndi.
Dağ-dərələr utandilar bu ahdan,
Göy yamaclar göz yaşına süsləndi.

Qaytarırdı quzuları çobanlar,
Yağış yağıb dağ yolunu kəsirdi.
Qocalmağa bir addımdır bu aləm,
Ürəyimdə bir cavan qız pəs edir.

Boz rənginə bürünməmiş bu dünya,
Pəmbələri gozlərindən at getsin.
Yaqis yağır,unut bəri-bərəni,
Pəncərəni möhkəm bağla yat getsin.

Aysel Fikrət

Oxunub: 214
Oxşar xəbərlər
SON XƏBƏRLƏR