dini radikalizm və ekstremizmlə mübarizə

HÖRMƏTLİ HƏSƏN (Həsən Orucoglu) MÜƏLLİMİN "96" İLLİYİNƏ


Doğrusu qələm sahibləri, həm də Həsən müəllim kimi dərin mənəviyyatlı, yüksək təfəkkürlü, parlaq düşüncəli, hərtərəfli bilikli və savadlı qələm sahibləri haqqında nəsə yazmaq o qədər də asan məsələ deyil.

Etiraf edim ki, onunla qohumluq münasibətimiz olsa da, yaxınlığımız (yaxından tanışlığımız demək daha doğru olardı) olmayıb. Heç Bakıda olduğumuz bu 30 ildə də onunla axırıncı dəfə nə vaxt görüşdüyümüzü xatırlamıram.

Əgər 2-3 il bundan əvvəl telefonda "FB"-dan istifadə etməyə başlamasaydım, onun "imzalarına" rast gəlməsəydim, çox güman ki, elə yaddaşımda "Oruc dayımın oğlu Həsən müəllim" kimi qalacaqdı.

Amma... Sən demə, onda "Sirlər Xəzinəsi" var imiş.

Bu gün "FB" səhifələrində "imzasına" ən çox rast gəldiyimiz, müxtəlif ədəbi növlərdəki biri- birindən maraqlı yazılarını bizimlə demək olar ki, hər gün paylaşan, məhz Həsən müəllimdir. Həmin paylaşımları oxuduqca əmin olursan ki, o, öz varlığını sözdə tapıb, taleyini ədəbiyyata, yazıb-yaratmağa bağlayıb.

Təxminən 1 il əvvəl mənim hansısa paylaşımımı bəyənib, telefon nömrəmi öyrənib, mənə zəng vurmuşdu. Söhbət zamanı soruşdum ki,

"Həsən müəllim, bu cür şairlik, nasirlik Sizdə əvvəllər də var idi, yoxsa bu istedad Bakı mühitində formalaşıb?" (Rayonda olan vaxtlar

"Kənd həyatı" qəzetində hərdən onun imzasına rast gəlmişdim, amma bu dərəcədə təsəvvür edə bilmirdum).

Həsən müəllimin cavabından öyrəndim ki, həm orta məktəbdə oxuduğu dövrdə rayon qəzetində, həm də Gəncə Pedaqoji İnstitutunda oxuduğu illərdə institut qəzetinin səhifələrində müxtəlif yönümlü yazıları ilə ədəbi mühitə "ayaq açıbmış", elə o vaxtlardan da bu yolun yolçusudur.

Və... indiyə kimi onun bir neçə kitabının çap olunmasından da xəbərsiz olmuşam.

Kitabları ilə "rastlaşmasam" da, FB səhifəsində onun "imzasını" izləyir, müxtəlif sahələri əhatə edən paylaşımlarını həmişə maraqla oxuyuram.

Maraqlı odur ki, Həsən müəllim haqqında söhbət açdığı hadisələrin "sahilində gəzmir", əksinə dərinliklərə baş vurur, onların baş vermə səbəbini, onun elmi izahını verir.

Əgər kainat haqqında danışırsa, bu zaman Kopernik, Kepler, Qaliley, Nyuton və sair kimi alimlərin bu sahəyə aid qanunlarına istinad edir, misallar gətirir.

Yaxud, bal haqqında fikir bildirirsə, "gedib yarmarkadan bal almaqla" kifayətlənmir. Əksinə, balın tərkibi, insan üçün faydaları haqqında, balı

"istehsal edən" arıların instinkt fəaliyyətindən söhbət açır, gün ərzində neçə kilometr məsafə qət etməsini, neçə gül-çiçəkdən şirə çəkməsini, onların "ömür yolu" barədə məlumatları da oxuculara çatdırır.

Həkim haqqında yazarkən tibb sahəsinə aid terminlərdən, bu sahədəki yeniliklərdən, bioloq haqqında danışarkən bioloji qanunauyğunluqlardan xəbərdar olduğuna əmin olursan.

Həsən müəllim hər bir ixtisas, peşə sahibi ilə onun "öz dilində" danışmağı bacarır. Bu da onun çoxşaxəli biliyə malik olmasına dəlalət edir.
Eyni zamanda o, el dərdini, vətən həsrətini, ana yurdun təbiətini tərənnüm edir, elimizin adət- ənənələrini təbliğ edir, rayonumuzun elm, mədəniyyət, incəsənət adamları haqqında paylaşımlar edir, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, qazilərimizin qəhrəmanlığını ürək ürək ağrısı, həm də böyük qürur hissi ilə qələmə alır.

Onun yazdıqlarını səciyyələndirən cəhətlərdən biri də odur ki, oxuyanda yorulmursan, əksinə bir rahatlıq, sakitlik tapırsan. Bəzən onun yazılarında heç vaxt oxumadığın, eşitmədiyin tarixi faktlar, gözəl kəlamlarla, qədim və müasir filosofların fəlsəfi fikirləri ilə rastlaşırsan. Bunlar da oxucunun ruhunu qidalandırır, rahatlandırır.

Həsən müəllim yaşadığımız müasir cəmiyyətin bütün keyfiyyətlərini, millətimizin zəngin mənəvi dəyərlərini bilir, tarixi şəxsiyyətlərimizi tanıyır və onları təbliğ edir.

Bir sözlə, bilmirəm, Həsən müəllim "rəssamdır, yoxsa partizandır".

Bir neçə müddət əvvəl Həsən müəllimin yazılarından birinə rəy bildirərkən həmin yazını Jül Vernin "Kapitan Qrantın uşaqları " romanı ilə müqayisə etmişdim. Həmin romanı oxuyarkən fikirləşirsən, müəllif ayrı-ayrı fənlər üzrə hansı səviyyədə mükəmməl biliyə, geniş dünyagörüşünə malik olmalıdır ki, belə bir romanı ərsəyə gətirsin.

Mübaliğəsiz deyirəm, hər dəfə Həsən müəllimin müxtəlif sahələrdə çalışan insanlar haqqında yazdığı təhkiyələri, aldığı müsahibələri, kiçik hekayələrini, şeir və təmsillərini, bəzən satirik, bəzən yumoristik tərzdə olan paylaşımlarını oxuyanda mən həmin romanı xatırlayıram.

Belə demək mümkünsə, Həsən müəllim bu gün "sözün cıdır meydanında at oynatmağı" bacaran qələm sahiblərindəndir.

HAŞİYƏ: 40-50 il bundan əvvəl oxuduğum Salam Qədirzadənin "Ulduzlar sayrışanda" romanında belə bir epizod var:

Rayonun ən yaşlı insanlarından biri haqqında yerli qəzetə məqalə yazan müəllif yazır ki, "Bu il filankəs (adını unutmuşam) babanın düz doxsan yaşı tamam olur. Buna baxmayaraq, o, çox gümrahdır. At belində belə gəzir, dəryazla belə ot biçir və s...."

Qəzet çapdan çıxdıqdan sonra görürlər ki, çap zamanı "düz" sözü səhvən "yüz" yazılıb. (Yəni yüz doxsan). Müəllif redaktordan xahiş edir ki, qəzetin sonrakı nömrəsində bu səhvə düzəliş verilsin. Amma redaktor məsələni "açıb ağartmamağı" məsləhət bilir.

Bir neçə gün sonra "yüz doxsan" yaşlı kişi haqqında ətraflı məlumat almaq üçün müxtəlif yerlərdən redaksiyaya zənglər olur, məktublar göndərilir. Hətta onunla şəxsən görüşmək üçün xarici ölkələrdən qonaqlar da gəlir.

AMMA... mən "o redaktorlardan deyiləm"... Yəqin ki, bu paylaşımın "papağında" yazdığım "96" ədədi Sizləri təəccübləndirdi... Elədir ki, var: - ya rəqəmlərin yerini dəyişmək, ya da hər birini "öz oxu ətrafında" 180 dərəcə döndərmək lazımdır. Onda Həsən müəllimin əsl yaşını biləcəksiniz.

Oktyabr ayının 30-u onun doğum günüdür. 69 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, ən xoş və səmimi arzularımı bildirirəm.

69 yaşınız mübarək, hörmətli Həsən müəllim!

Paylaşımların birində yazırsınız ki, "Mən gedirəm yetmiş gilə".

Xoş gəlirsiniz, Həsən müəllim! Qədəmləriniz bütün yetmişdəkilər üçün düşərli olsun. "Yetmiş gildə" keçirəcəyiniz illərin hər bir günü xoş xatirələrlə dolu günlər kimi yaddaşınızda qalsın.

ULU TANRIDAN SİZİ "YÜZ"GİLDƏ GÖZLƏMƏK DİLƏYİ İLƏ....

İ N Ş A L L A H !!!

Vidadi HACIYEV

Oxunub: 145
Oxşar xəbərlər
SON XƏBƏRLƏR