dini radikalizm və ekstremizmlə mübarizə

VURĞUNUN HƏRBƏ VURĞUNLUĞU...VƏ DÖYÜŞLƏRDƏ İSƏ CƏSURLUĞU


1.BAŞLANĞIC

...Vətəni yaşatmaq üçün ömrünü,bütün həyatını torpağın müdafiəsinə həsr edən Qəhrəman oğullarımız az deyildir.44 günlük ikinci Qarabağ savaşının,Ali Baş Komandanın səsləndirdiyi "Dəmir Yumruq" əməliyyatının qəhrəman döyüşçülərindən biri də Tabor komandiri,mayor Əbilov Vurğun İdris oğludur.Biz hər zaman söyləyirdik ki,bizim necə əzmkar,fədakar xalqımız var...döyüşən Ordumuz var,qəhrəman,cəsur əsgər və zabitlərimiz var.Ən ümdəsi isə igid Vətən oğullarımız var.Bu kəlmələri biz sözdə deyil,döyüş meydanlarında,səngərlərdə və onların əməllərində gördük.
Nədən ki,bizim aslan ürəkli,şir ürəkli qəhrəman oğullarımız həm silahla,həm artilleriya ilə... gah da dərələrdə, dağlarda...aşınmaz qayalıqlarda belə düşmənlə əlbəyaxa döyüşməyi bacarırdılar.Dünya bu səhnələri gördükcə Azərbaycan dövlətimizin qüdrətini,igid döyüşçülərimizin necə cəsur olmasına heyran qaldılar.Və rəşadətli Ordumuz bütün gücünü ortaya qoydu və dünyaya bir gur səs saldı...

2.ONUN ARZUSU ÜRƏYİNİN İŞIĞI İDİ

44 günlük ikinci Qarabağ savaşının,Vətən müharibəsinin iştirakçısı,ömrünü hərb yoluna həsr etmiş Əbilov Vurğun İdris oğlu 4 iyul 1988-ci ildə füsunkar və ecazkar gözəlliyi ilə seçilən Zəngilan rayonunun Məmmədbəyli kəndində ziyalı ailəsində doğulmuşdur.1993-cü il Oktyabr ayının 30-da Zəngilan rayonu mənfur erməni hərbi birləşmələri tərəfindən işğalı zamanı 5 yaşında ailəsi ilə məcburi köçkün düşərək Bakının Sabunçu qəsəbəsində müvəqqəti məskunlaşmışlar.Yaşadığı əraziyə yaxın olan Xocavənd rayon 3 saylı tam orta məktəbi əla qiymətlərlə bitirmişdir.Onun ilk arzusu qəlbini işığı idi.Hərbi hazırlıq dərslərinə daha ciddi hazırlığı onun gələcəkdə peşəkar bir hərbiçi olmağından xəbər verirdi.O qədər bu peşəyə bağlı idi ki, yuxarı siniflərdə oxuyarkən belə hərbi paltar geyib məktəbə gedərdi.
"Mənim həyatımın mənası yalnız hərbiçi olmaqdır.Yurdumuzu azğın düşmənlərdən azad edib,öz torpağıma,yurduma dönüb orda yaşayacağam,-deyirdi"...
2006-cı ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul oldu.
2010-cu ildə isə təhsilini başa vurub,leytenant rütbəsi aldı.Uçmağa qanadı yox idi.Artıq Vurğun qəlbinin dərinliyində uzun illər oxşadığı,sevdiyi peşəyə yiyələnmişdi.
1 il MN-nin TTM-də kurs keçdikdən sonra xidməti yerinə Beyləqan "N" saylı hərbi hissəyə təyinat alaraq,tağım komandiri,bölüm komandiri olaraq çalışmağa başlayır.
2013-cü ildə baş leytenant rütbəsinə layiq görülür.Elə həmin il Vurğun Əbilov cəbhə bölgəsində yaxşı xidmət göstərdiyinə görə Müdafiə Nazirliyi tərəfindən III dərəcəli "Vətənə Xidmətə görə" medalı ilə təltif edilir.
Nümunəvi xidmətinə,ona deyilən bütün tapşırıqları yüksək səviyyədə həyata keçirdiyinə görə MMT rəisi vəzifəsinə təyin olunur.

3.MÜHARİBƏNİN NİŞANƏLƏRİ...

2016-cı ilin məşhur aprel döyüşlərində iştirak edir.
2017-2018-ci illərdə göstərdiyi cəsurluğa,nümunəvi xidmətlərinə görə isə kapitan rütbəsinə yüksəlir.2020-ci ilin sentyabrın 27-də ikinci Qarabağ müharibəsi başlayan zamanın ilk günlərindən kapitan Əbilov öz taboru ilə savaşa qoşularaq Füzulinin azad olunması uğrunda gedən döyüşlərə qatılır.Oktyabr ayının 7-də Horadiz döyüşlərində sol ayağından qəlpə yarası alır,qospitala təxliyə olunmaqdan isə imtina edir və döyüşlərini davam etdirir.O,çox məsuliyyətli və ciddi bir hərbiçidir.Daim əsgərlərin qayğısına qalar,deyirdi ki,mən taborumun döyüşçülərini heç kəsə etibar edə bilmərəm.Və döyüş yoldaşlarımı da tərk edə bilmərəm,son nəfəsimə kimi onlarla çiyin-çiyinə vuruşacağam.Bu,onun qəlbinin səsi idi.
Hadrut qəsəbəsinin,Cəbrayıl rayonunun,Xocavəndin,Füzuli rayonunun bir çox kəndlərinin azad olunmasında əsl şücaət və cəsurluq nümayiş etdiribdir.Hətta döyüş yoldaşları və taboru ilə Füzuli rayonunun Pirəhmədli kəndini düşmənlərdən təmizləyibdir.Azərbaycan bayrağını ən yüksək zirvəyə sancırlar.Lakin oktyabr ayının sonlarında ağır döyüşlərin birində yaralanaraq...çox qan itirdiyindən Horadiz qəsəbəsindəki qospitala köçürülür.
3 gün sonra isə Bakı şəhərinə-Tibb Universitetinin Cərrahiyə Klinikasına göndərilir.Müalicəsi başa çatdıqdan sonra Qubadlı rayonuna göndərilərək,tabor qərargahı rəisi vəzifəsini icra edir və Qubadlı rayonunda döyüş yolunu davam etdirir.
Əbilov Vurğun İdris oğlu Ali Baş Komandanın qərarı ilə "Füzulinin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə","Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilir.O,həmçinin "Azərbaycan Ordusunun yaranmasının 100 illiyi","Şücaətə görə","Cəsur döyüşçü","Müharibə iştirakçısına görə" medalları ilə mükafatlandırılmışdır.2021-ci ilin fevral ayından isə işini Dövlət Sərhəd Xidmətində davam etdirir.Həmin il V.Əbilov xidmətini böyük həvəslə 30 il həsrətini çəkdiyi öz doğma Zəngilan yurdunda-Vejnəli və Ağbənd kəndlərində davam etdirir.Elə həmin ildə onun Vətənə layiqincə xidmətlərini,keçdiyi döyüş yollarının uğurunu nəzərə alaraq mayor rütbəsi ilə görəvləndirirlər.

4.VƏ BAŞLANĞICIN SONU

...Bəli,Vurğun Əbilov artıq orta məktəbdə xəyal etdiyi arzuların bir çox qisminə çatmışdı.Hərbçi olmuşdu.Etimadı doğrultmuşdu.Torpaqları azad etmişdi.Kifayət qədər təltifləri,mükafatları onu sevindirməyə bilməzdi.Gələcək arzularını düşünərkən,görəsən fələk nə düşünürmüş...Deyir,sən saydığını say,gör fələk nə sayır?!
2022-ci ilin aprel ayında döyüş tapşırığını yerinə yetirərkən mayor V.Əbilov piyada əleyhinə minaya düşür,hər iki ayağından ağır yaralansa da...çox təəssüf ki,sağ ayağını itirməli olur.Yenə də yeryən bir ayağını itirsə də ürəyi həmişə döyüş yoldaşlarının yanındadır,onun! Qəlbi sonsuz həyat eşqi,Vətən sevgisi ilə döyünənlərin amalı,kredosu bax budur!
Vətəni sevmək hələ şərt deyil.Gərək Vətəni qoruyasan,dünyaya tanıtdırasan.Bu Vətən igid,qəhrəman oğulların çiyinləri üstündə bərqərar olar,ucalar.Vaxtı ilə Anaların qucağında hələ körpə ikən öz doğma torpaqlarından məcburən çıxardılan bu cür oğullar düşmənə nifrət hissi ilə böyüdülüb cəngavərə döndülər.Və döyüş meydanlarında mənfur ermənilərə qan uddurdular.
Elə mayor Vurğun İdris oğlu Əbilov kimi!..

Səbirə Ələkbərova,
KTN-yi yanında AXA-nın Zəngilan rayon şöbəsinin əməkdaşı.

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR