dini radikalizm və ekstremizmlə mübarizə

Mətbuat cəmiyyət həyatının, o cümlədən mədəni inkişafın əksidir


22 iyul tarixində Azərbaycan milli mətbuatının 148 yaşı tamam olur. Görkəmli maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci ildə yaratdığı “Əkinçi” qəzeti ilə başlanan mətbu yol sonrakı dövrlərdə vətənsevər ziyalılarımızın ərsəyə gətirdiyi digər qəzet və jurnallarla davam etdirilib.
Mətbuat cəmiyyət həyatının, o cümlədən mədəni inkişafın əksidir. Bu baxımdan mətbuatı ötən tarix boyu həm də mədəni irsin, milli-mənəvi dəyərlərin təbliğatçısı olub. Mətbuatımızın yaradılmasının 148-ci ildönümü müasir müstəqil Azərbaycanın qurucusu, həmçinin mediamızın böyük himayədarı olmuş ulu öndərin 100 illik yubileyi, “Heydər Əliyev İli” ilə əlamətdardır. Kütləvi informasiya vasitələrində ümummilli liderin adı ilə şərəflənən bu ildə böyük şəxsiyyətin siyasi və dövlətçilik fəaliyyəti haqqında silsilə materiallar yayımlanır, onun Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri minnətdarlıqla yada salınır.
Müasir tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi zamanı, eləcə də ondan sonrakı mərhələdə Azərbaycan mediası üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlib, Azərbaycanın haqq mübarizəsinin beynəlxalq aləmə çatdırılmasında peşəkarlıq və operativlik nümayiş etdirib. Artıq üç ildir Vətən müharibəsində qazandığımız şanlı Zəfər, eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda yerlə yeksan edilən yaşayış məntəqələrimizin, tarix-mədəniyyət abidələrimizin dövlət tərəfindən yenidən qurulması və bərpası mediamızın əsas mövzusuna çevrilib.
Söz-sənət beşiyi Şuşa şəhəri üçün də bu il yaddaqalandır. Geniş bərpa-quruculuq işləri aparılan mədəniyyət paytaxtımızın işğaldan qurtuluşunun üçüncü ilində “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir, müxtəlif ölkələrdən qonaqların iştirakı ilə rəngarəng tədbirlərə ev sahibliyi edir. Azərbaycan mətbuatı əzəli yurd yerlərimizin həqiqi sahiblərinin doğma ocağa qayıdışını böyük qürur hissi ilə tarixin yaddaşına yazır.
Tarixə nəzər salsaq görərik ki, hələ 148 il əvvəl “Əkinçi”ni yaradanda Zərdabi maarifçi və mütəfəkkir alim kimi xalqın mənəvi köklərinə də diqqət ayırır, mədəni irs və dəyərlərimizi təbliğ edirdi. Eləcə də, folklor nümunələrimizi toplayır və “Əkinçi” qəzetində dövrün ziyalılarına bu yöndə çağırışlar edirdi. Bütün bunlar bir mətbuat xadiminin, ziyalının xalqın milli ruhuna yaradıcı münasibətinin göstəricisi idi. Zərdabidən qalan bu mədəni-maarifçilik irsi bu gün mətbuatda yaşadılır.
Milli mətbuatımızın bayramı münasibətilə bu sahədə qələm çalan media mənsublarını səmimi-qəlbdən təbrik edir, cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

Fərid MUSTAFAYEV,
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 98
Oxşar xəbərlər
SON XƏBƏRLƏR