dini radikalizm və ekstremizmlə mübarizə

ETİBARIN MƏNASI...YOXSA "AY ETİBARSIZ" MAHNISI?!


Orta məktəb illərindən dolaşıq,qarmaqarışıq və məntiqsiz suallardan uzaqlaşan,qaçan adamam.Yoox...sualdan əsla qorxmuram və çəkinmirəm də.Amma bu tip suallar məni özü- özündən durduğum yerdə qaçaq salıbdır.
"Hər şeyi bilirəm" xəstəliyindən də həmişə aralı,gen durmuşam.Düzdür,paronnoya- nigarançılıq,narahatlıq xəstəliyi bizi bürüsə də özümdə bir renessans,yəni ruh yüksəkliyi tapmağa və yenidən doğulmağa çalışıram.Ruhum oyaqdırsa...deməli,mən də varam!Gərək...qoymayasan ruhun çökə,başının üstünə buludlar çətir çəkməyə!
Sokratın məşhur kəlmərindən biri də buydu ki, "Bilirəm ki,heç nə bilmirəm"...
İndi də mən də onu təkcə bilirəm ki,bütün duyğulardan,hisslərdən ən çinlisi,rütbəlisi eləcə etibardır.
Sözün kökündən,mənşəyindən göründüyü kimi-istər gizli olsun,istərsə də açıq...hər təmayülündə adama güvən təlqin edən bir anlayışdır...bu,etibar!
Etibarlı adam; içi-çölü bir olan əmniyyət varlığı deməkdir.Bu,dəyər...xəzinə...sərvət hər kəsə qismət olmur,alın yazısına həkk olunmur.Əmanəti də həmişə etibarlı adama edərlər.Hətta ən etibarlı qapıdır...etibarlı adamın qapısı.Fikir və düşüncələr yeri gələndə nə qədər xaotik və diffuz olsa da belə etibar öz şəffaflığını,duruluğunu qoruyub saxlayandır.
Qərəzli yanaşma,adamı "iqnor etmə" xoş təsir bağışlamasa da...bir etibarlı söz adama güc verər,qüvvət verər.
Etibar qazanmaq hər kəsin öz əlindədir.Gərək doğru-dürüst olasan...bərkə-boşa dözümün olsun və sözünə sadiq və sədaqətli olmağı bacarasan.Etibar çox fərqli bir mədəniyyət,fərqli bir dünyagörüşdür!
Etibar babalardan bizə qalan bir mirasdır.Etibarı heç nə əvəz edə bilməz.
Nəyə görə köhnə kişilərin etibarından bu gün də ağızdolusu danışırlar?
Sözünü tutan...sözünün üstündə duran,sədaqətli adamlar keçmişdə daha çox olubdur.Bu,bir sevgidir,bu...bir ilahi duyğudur!
Bəlkə deməzdim...bəlkə də dünyada ən inanılmış,xoşbəxt adamlardır...elə etibarlı adamlar!
Bu,kiçik yazımla heç kimə "dərs" vermək...yol göstərmək niyyətində də deyiləm.Və kimsəni də etibarsızlıqda qınamıram.Bir də ki,biz də bir etibar qoydular ki,indiyə qala...ya qalmaya! Amma biz nə olursa-olsun...yenə də etibarımızı özümüzə qaytarmalıyıq.Var-dövlət,mal-mülk,pul-para tükənəndir.Bir həqiqət var ki,etibar qorunub saxlandıqca...qaldıqca öz dəyərini daha da dəyərli edər.Bəlkə də pul "qazanmaq xəstəliyi" çoxunun qafasını,gözünü pərdələmişdir,örtmüşdür...nə bilim, qlaflamışdır?Pulun çoxluğu da adamı manqurtlaşdırır,zehni düşüncədən...dərk etmədən məhrum edir...çox dəyərlərdən uzaqlaşdırır.Bu,uzaqdan qızaran elə bil ki,üfüq kimi görünür.
Həm də onu da deyim ki, zəkasızlıq,geri təfəkkür etibar,sədaqət hissini məhv edir, öldürürür...Elə ki,bu eyforik...aldadıcı zənginliyin sonu çatdı...ilk yada düşən isə yenə də etibarlı "etibarsızlar"olar.
Nə vaxtsa,hardasa oxumuşdum ki,pul çox şeyi həll edir...amma hər şeyi həll etmir.Təəssüf ki,İtirilmiş etibarı belə hətta geri qaytara bilmir.
Etibarı yox edib...bitirsək,gələcək nəsillər qarşısında cavabdehlik daşıyırıq.Bunu biləsiniz.
Bu etibarnamə bizə necə verilibsə... onu da olduğu kimi gəncliyə daşımalıyıq!
Etibar bir-birini qarşılıqlı anlamaq,dərk etmək və yanlışlığı,səhvi bir yerdə aradan götürmək deməkdir.O,bir xəzinədir,sərvətdir!
Nənəm həmişə deyərdi ki,bala,çiy süd əmən adamdan etibar gözləmə.O vaxtdan yadımda bir neçə atalar sözü də qalmışdı:"Elin etibarı qızıldan da qiymətlidir",Özünə inamı olmayan adamda etibar olmaz","Nəyini itirsən də etibarını itirmə" və.s.
Bir də eşitmişdim ki, "Özünü çox tərifləyən adama etibar etməzlər".
Gərək ki,bu ifadə də yapon xalqına məxsusdur.Yerində deyilmiş sərrast və inandırıcı kəlamdır.
Sonradan mən də həyatımda müşahidə etdim ki,atamın dostları mənim dostlarımdan qat-qat etibarlıdır.Nədən ki,onların köhnəsi...indikilərin təzəsindən təzədir!
Az-maz etibardan söz açsam da...yenə də könlümdən "Ay etibarsız"mahnısı gəlib keçdi.Çox güman ki,nəqlimin nədən getdiyini tutan az olmayacaqdır.
İndi isə seçim sizindir.Özünüz bilərsiniz.Ya etibarın mənasını seçin...ya da ki,mahnısını!
Bu,sizin mənəvi haqqınızdır.Amma qadağa da qoya bilmərəm,nədən ki,buna nə ixtiyarım...nə də qanuni hüququm çatmaz.Uzaq başı...lap ikisini də birdən seçə bilərsiniz...ürəklə,-deyə bilərəm!

Oxunub: 156
Oxşar xəbərlər
SON XƏBƏRLƏR