Onun bir üzü, bir sifəti, bir sözü var
İnsanın taleyini böyük Yaradanımız yazır. O, sevib-seçdiyi hər kəsin alnına xoş tale, xoş bəxt yazır. Bu yazını oxuya bilmək, reallığa çevirə bilmək şansını isə insanın öz ixtiyarına buraxıram. Ulu Yaradan yalnız o şəxslərə əbədi yaşamaq haqqı verir ki, o insanlar həyatın müxtəlif sınaqlarından ləyaqətlə, mərdliklə çıxa bilirlər.
...Tanınmış qələm sahibi, publisist-şair, fəal ictimaiyyətçi, bacarıqlı təşkilatçı Təranə Cəbiyeva böyük Yaradanımızın xüsusi gözəllik, təravət və seçmək haqqı verdiyi xanımlardandır. İnsanın kimliyi üçün əsil-nəcabət vacib şərtdir. Təranə xanım Azərbaycanın əsrarəngiz təbiətə malik İsmayıllının gözəl məkanlarından biri olan Quşencə kəndində ziyalı bir ailədə, sayılıb-seçilən bir ailədə - Əmir kişinin ailəsində dünyaya göz açıb. Müxtəlif zamanlarda dövrün amansız sınaqları bu ailəni böyük çətinliklərlə üz-üzə qoysa da, həm Əmir müəllim, həm də onun ailə üzvləri bu sınaqdan ləyaqətlə çıxıblar.
Onun istər uşaqlıq, istər yeniyetməlik, istərsə də gənclik illəri bir-birindən fərqlənib. Qeyd edim ki, Əmir dayının bir ziyalı kimi hörməti, halal çörək yeməsi və kənddə kolxozlaşmadan tutmuş sovxoza çevrilməyədək bu proseslərin hamısında xüsusi zəhməti olub. Müxtəlif vəzifələrdə işləyən Ə.Cəbiyev bütün övladlarını, xüsusən də Təranə xanımı halal ruhda böyüdüb, ədalətin, həqiqətin zəfər çalması üçün onu mübariz və mətin olmağa səsləyib. Heç şübhəsiz ki, bu ailənin üzvlərinin statusunun başqalarından yuxarı olması şansını şərtləndirən cəhətlər Təranə xanımı da ruhlandırıb. Lakin Təranə xanım heç vaxt heç nə ilə digərlərindən fərqlənməyib, bu üstünlüyü hiss etdirməyib, bəlkə heç özü də hiss etməyib. Onu tanıyan dostların da şirin xatirələri bunu söyləməyə əsas verir. Səbəb isə çox sadədir. Əsilzadə nəcabəti, ailə tərbiyyəsi və şəxsi keyfiyyətlər. Məhz bu xarakter Təranə Cəbiyevanı bütün həyatı boyu müşayiət edib, onu pərəstişkarlarına sevdirib. Əbəs yerə demirlər ki, insanın böyüklüyü onun sadəliyindədir. Bir qələm sshibi, bir publisist, bir şair, bir ictimai fəal kimi qazandığı şöhrətinin ən yüksək zirvədə olduğu vaxtlarda da o, belə qalıb: qayğıkeş, mehriban, gülərüz xeyirxah...
Təranə xanım o insanlardandır ki, onun haqqında danışanda epitetlər əhəmiyyətsiz olur. Onu tanıyan hər kəsin yaddaşında “Təranə xanım” kəlməsi bəlkə də dünyanın ən qiymətli, ən uca sözüdür.
Belə bir deyim var ki, hər kəsin xöşbəxtliyinin ölçüsü başqalarını xöşbəxt etdiyi qədərdir. Nə qədər insana özünün dadlı-duzlu məqalələri, müxtəlif janrlı yazıları ilə sevinc bəxş etmək, bir-birindən maraqlı poeziya nümunələri ilə qəlbə işıq salmaqdan, fərəhləndirməkdən, sevmək, sevdirmək kimi insani hissləri şeirin gücü ilə həkk etdirməkdən böyük xöşbəxtlik, yaxşılıq nə ola bilər ki...
İnsanlığı özündə ehtiva edən Təranə xanım daim yazıb-yaradır, insanların problemlərinə çıraq olmağa çalışır, dərd-sərini özününkü bilir. Məhz buna görə sadə adamlar da onu özününkü sayırlar. Məhz belə yorulmaz jurnalistlik fəaliyyətinə görə insanların sevincini görmək də ona nəsib olub. Heç kəsdən sağ ol ummayıb. Bilən bilsin, bilməyənin də öz işidir, - deyə üstündən keçib, bunu özünə dərd etməyib.
Təranə Cəbiyeva çox mükəmməl bir yazar, gözəl, yaraşıqlı qadın, qayğıkeş və mehriban ana, humanist qadın, fədakar insan, sevimli dost kimi xatirələrimizdə silinməz izlər qoyub.
Burada çox aktual bir misala müraciət etmək istəyirəm: “İnsanlıq üçün bir gözyaşı!..” adlanır o misal.
Kiçik bir oğlan anasından soruşdu:
- Nə üçün ağlayırsan?
- Çünki mən qadınam - , deyə cavablandırdı anası.
- Anlamadım! -, dedi uşaq. Anası uşağı qucaqlayıb:
- Və heç bir zaman anlaya bilməyəcəksən! -, dedi.
Atasına:
- Ata, anam nə üçün ağlayır? -, deyə soruşdu.
Atanın cavabı:
- Bütün qadınlar səbəbsiz ağlaya bilirlər -, dedi.
Kiçik oğlan böyüdü, yetkinləşdi, ancaq hələ qadınların nə üçün ağladıqlarını kəşf edə bilmədi. Nəhayət, öldükdən sonra cənnətə getdiyində Allaha üz tutub soruşdu:
- Allahım! dedi. Qadınlar nə üçün bu qədər asan ağlaya bilirlər?
ALLAH buyurdu:
- Mən qadınları xüsusi yaratdım!.. Bütün həyatın ağırlığını daşıya biləcək qüvvətdə olmasına baxmayaraq başqalarına təsəlli verəcək qədər yumşaqdırlar… Doğumun ağrısı olduğu qədər doğduqları övladlarının nankorluğuna söykənə biləcək iç qüvvətini verdim. Başqalarının qüvvətinin qalmadığında davam edəcək əzmi, ailəsinin xəstəliyində yorğunluğa buraxdırmayacaq qüdrəti verdim.
Ərlərini bütün qüsurları ilə sevmək qüvvətini verdim. Kişinin qabırğasından onları kişinin ürəyini qorumaları üçün yaratdım. Onlara yaxşı bir ərin yoldaşını əsla incitməyəcəyini, lakin bəzən dəstək və qüvvətini sınayacaq davranışlar da tapılacağını anlayacaq həssas bir zəka verdim. Tək zəiflik olaraq qadınlara bir göz yaşı verdim. Tamamilə özlərinin sahib olduqları, ehtiyacları olduğunda istifadə etmək üçün… İNSANLIQ ÜÇÜN BİR GÖZYAŞI! - deyə cavablandırdı.
Qadını gözəl edən şey nə saçı, nə bədəni, nə özünü nə şəkildə daşıdığıdır. Qadını əsas gözəl edən sevgisini paylaşa bilməsi, fədakarlığı,məsuliyyəti, anlayışı, yalnız məlumata deyil, eyni zamanda ürəyə də istiqamətli ağılıdır… Bu misalı haqqında yazdığım Təranə Cəbiyevaya ürəklə şamil etmək olar.
Təranə xanım bəziləri kimi üzdə bir, arxada bir söz danışmır. Kişi qeyrətli, kişi ağızlı bir xanımdır. Təəssüf ki, cəmiyyətdə, gündəlik yaşayışımızda üzdə bir söz deyib, arxada bıçaq saplamağa can atanlar da var. Amma Təranə xanımı çoxu ona görə sevir, ona hörmət edir ki, bir üzü, bir sifəti, bir sözü var. Bir üzü, bir sifəti, bir sözü olan bu xanımın ad günüdür. Bu xoş gün münasibətilə onu bağrımıza basır, ona cansağlığı, qadın xoşbəxtliyi, yaradıcılıq uğurları arzulayırıq. Sevimli balalarına nə qədər sevgi və məhəbbət göstərirsə, nəvələrinə də o jesti edir, bir arzumuz da odur ki, Allah ondan bu sevgi və məhəbbəti almasın.
Daşdəmir Əjdəroğlu
Oxunub: 314