dini radikalizm və ekstremizmlə mübarizə

Həsən ORUCOGLU poeziyasının inciləri



DENƏN...GÖZLƏRİNƏ MƏNƏ BAXMASIN
---------------------------------------
Bir bulaq gözüdür,mənim gözlərim
İçindən qaynayır,içindən gəlir.
Yoluma olubdur qənim gözlərim,
Bir sevgi-məhəbbət köçündən gəlir.

Gözlərim gözünə düşəndən bəri,
Sənin gözlərinə göz düşə bilməz.
Bəlkə də qəlbinin yoxdur xəbəri,
O qəlbə ayrı bir köz düşə bilməz.

Neynəyim...gözüm də sözümə baxmır,
Baxanda gözlərim elə qəm çəkir.
Nə qədər yalvarsam...üzümə baxmır.
Baxsa da,baxsa da...durub nəm çəkir.

Denən,gözlərinə mənə baxmasın
Baxanda sıçrayıb qığılcım düşür.
Tapşır mən tərəfə belə axmasın,
Ürəyim qovrulur,ürəyim bişir.

Bircə nəzərini,bircə baxışı
Bir eldə yığılsa döndərə bilməz.
Sənin göndərdiyin kiprik çaxışı,
Dəryanın suyu da söndürə bilməz!

Tapşır gözlərinə baxmasın mənə,
Hələ nə görmüşəm...külə dönməyim.
Hardan bu baxışı yığmısan mənə,
Ağlıma heç gəlmir...bir də sönməyim!

SƏN MƏNİ QOVMAQLA...YORA BİLMƏZSƏN!
---------------------------------------
"Nəfəsimizi daraldan... Çiyinlərimizə ağırlıq salan...Qəlbimizə yük olan...Uğurlarımıza kölgə salan hər nə varsa...hamısından bizləri xilas eylə,Ya Rəbbim!"
...Bir qızın ürək parçalayan,könül dağlayan məktubundan sətirlər

Mənim bir tutumum,bir də çəkim var
Tarixlər yaddaşı soyum-köküm var,
Ərənlər məskəni Oğuz türküm var,
Heç məni qovmaqla yora bilməzsən!

Biz yeddi qardaşıq,yeddi biləyik
Yağı başı üstə əsən küləyik,
Əl versən...tanısan... arzu,diləyik
Yoxsa...qolumuzu bura bilməzsən!

Biz Turan eliyik,amal da birdir
Dünyaya nə gizlin,nə də ki,sirdir
Bizim babaların ruhu diridir,
Nə qədər əysən də qıra bilməzsən!

Göz dikmə boş yerə...bəndə,bərəyə
Axı kim nə edər coşan ürəyə?
Sipərik...vermişik kürək-kürəyə,
Qoşunla gəlsən də yara bilməzsən!

Elə bir adımız...bir sanımız var,
Güneyli-qüzeyli ünvanımız var,
Vətənə tək qurban bir canımız var,
Ta özgə bir heç nə sora bilməzsən!

Gen...uzaq düşsək də yenə də birik,
Bizə xor baxanı əsla sevmərik,
Biz...yatmış Pələngik...Aslanıq...Şirik,
Oyansaq...yerində dura bilməzsən!

Bilmirəm şeytansan,iblissən...nəsən
Elə uğuruma sən tor hörürsən,
Nə qədər atılıb,düşsən və...ölsən,
Yenə qurduğumu qura bilməzsən!

MƏN SƏNİ AXTARDIM...MƏN SƏNİ TAPDIM
---------------------------------------
Üzümə gülmədi...bu,qara çuxam
İçmədim suyunu,dadmadım dadın.
Bəlkə də itmişəm,bəlkə də yoxam
Məni heç axtarıb...soraqlamadın.

Azından yüz kərə...olmasın yalan,
Səndən ötəri çox yolu sapdım.
Yoxuydu adını bir yada salan,
Mən səni axtardım...mən səni tapdım.

Duman da üzünü çevirib məndən,
Bu dağdan...o dağa aparmır məni.
Boylanıb uzaqdan...durub lap gendən,
Nəmli gözlərimdən qoparmır məni.

Nədən xəyalların buruq-buruqdur,
Deyəsən qurtarıb...hər dərdi-sərin.
Sənin heç özündən xəbərin yoxdur,
Məndən necə olsun...axı xəbərin?!

Nə yaman dəyişdin...rəngini belə
Ötən günlərini nə tez unutdun.
Bəlkə xatirəmi ötürüb yelə,
De,hansı illərin əlindən tutdun?

Çiçək də könlümü almayır mənim,
Çiçəyin özünün bənizi solub.
Həsrət də vüsala olub bir qənim,
Salxım söyüdlər də saçını yolub!

Bir işıq səpmişdim cığıra,izə
Çək...gətir təzədən gözümə qaytar.
Məni itirmisən... dəymirəm gözə,
Gələndə tap gətir...özümə qaytar!

BƏXTƏVƏR BAŞINA
---------------------------------------
...Yenə təzələndi könül rübabım,
İstədim bir nəğmə yazam adına.
Bəs nədən çatmadı...dözümüm,tabım
Əl atdım yetmədi...sənin sevdana.

Gözümdən su içdi bulağın gözü,
Ovcumum içi də boşuna qaldı.
Hey çaşdım bu yolda itirdim izi,
Eşqim bir baharın qışına qaldı.

Nədənsə düşmüşəm bərəyə,bəndə
Qovur yal-yamacda çiçək-çiçəyi.
Elə ki,bu yandan sizə dönəndə
Sözümlə uçurtdum göyə göyçəyi.

Sən məni sevmədin...mən sevən kimi
Durub sənin təki sevməyə nə var.
Almısan əlimdən çoxdan qəlbimi,
Haraya aparıb səni buludlar!

Vuruldum çəmənin naxışlarına,
Dərmədim çiçəyin,gülün tərini.
Baxışım yad oldu baxışlarına,
Qınadım özümün nəzərlərini.

Yolunda düşsəm də əgər ki,heydən.
Xətrinə dəymərəm küləyin,yelin.
Ayağım üzülsə bu yerdən,göydən
Əlimin üstədir yenə də əlin...

Bir sevda yoluna çox göz dikənin,
Sənin halından da halı betərdi.
Özün tək eşq dərdi belə çəkənin,
Bəxtəvər başına...axı nə dərdi?!

BİR KÖNÜL BAYATILARI...
---------------------------------------
...Zərrə işıq saçmamış,
Hələ çiçək açmamış,
Yara ürək açmamış,
Öz rəngimdə solmuşam!

Nə şad gördüm,xoş gördüm
Elə köçhaköç gördüm,
Hara baxdım, boş gördüm,
Ah,necə də bolmuşam!

Dərdi verdim içimə,
Tən gəlmədim biçimə,
İndiyəcən gör,kimə...
Nökərmişəm,qulmuşam!

Ağlım kəsməz kolları,
Gördüm neçə yolları,
Açdı mənə qolları,
Özüm bir yol...yolmuşam!

Çox qaynayıb-qarışdım,
Küsənlərlə barışdım,
Yersiz yerə yarışdım,
Mən də belə olmuşam!

Hey gəzdim rəvanlığı,
Yox...ömrün yavanlığı,
İtirdim cavanlığı,
Yarı yolda qalmışam!..

Keçdim suçdan,günahdan
Qurtarmışam bu, ahdan
Elə günü sabahdan,
Bir doğru yol bilmişəm!..

Darıxmayım,neynəyim
Yenədəmi göynəyim?
Ta daralıb köynəyim,
Yazdan qışa dolmuşam,
Gəlib,yaşa dolmuşam!..

Oxunub: 212
Oxşar xəbərlər
SON XƏBƏRLƏR