dini radikalizm və ekstremizmlə mübarizə

Lalə İsmayıl poeziyasının inciləri


30 il sonra o yerlərdə..

Sinən üstə mən qəribə,
bir qucaqlıq məzar ver.
Nə verirsən ver bu cana,
lap qəm yüklə, azar ver.
Ayağına gəlmişəm..

Dünya yalan, əcəl vərdiş,
Edib tərsə, düzə gərdiş,
Cismim kölə, ruhum dərviş,
Nəşimə yer çıxmır yiyə,
Otuz ildir ölmüşəm..

Daş tulladı hər yetənin,
Yol bağladı yol ötənin,
Qərib oldum, bu vətənin
Mən halına ağlasam da,
Taleyimə gülmüşəm...

Öz Lalənəm, köksüm yara,
Al bəxtimə çəkmə qara,
Dərdlərimə dərman, çara,
Aramadım özgə əldə,
Əlac səni bilmişəm.
Ayağına gəlmişəm..

Uğruna çəksəm qəhəri

Mizrab toxundu simə,
nalə çəkir saz yenə də,
Əriyib damlaları,
köz- köz olur qəm sinədə,
Neyləyim, böylə yazım,
gözləmək düşmüş mənə də?!
İllərin yorğunuyam,
yol gedirəm son səfəri,
Mənimtək bəxtiyara etmə
Xudam kimsələri.

Ayları illərə verdim,
sovurub etdi hədər,
Yaşadım səksəkədə,
yordu məni zülmü-qəhər,
Deyirəm bəlkə yenə
taleyimin çərxi dönər,
Asimandan Günəşin
nur ələyən zərərləri,
Nəqş olub gözlərimin
didəsinə dönsə geri...

Gülünün sevdasına
bülbülü olmuşdur əsir,
Əyan olmuş cahana,
naləsi dünyanı gəzir,
Lalələr bağrına çəkmişsə dağı,
burda nə siir?!
Əlində bal sanaram içməyə
versən zəhəri,
Nigaran olma könül
uğruna çəksəm qəhəri.

Neyləyim, bir diləyim var sənə,
sən görmə qəhər?!
Uğruna canımı istə,
verərəm, sanmam hədər.
Rəbbimin mərhaməti
hər iki dünyaya yetər,
Uzanan hər gecənin
ondadır aydın səhəri,
Mümkünü yox üzünə
bağlana könlüm şəhəri.

Mən dənizin qəmiyəm

Fırtına qollarında, arzuları döyülən,
Bir sahibsiz gəmiyəm, çırpılıram sahilə.
Küləklər rəndəsində, ləpirləri yeyilən,
Mən dənizin qəmiyəm, çırpınıram ah'ilə.

Bilmirəm qaya qərib, yoxsa ləpə naşı mı?!
Qağayı harayında ovundurur başımı,
Xırçınlaşan ləpələr, qurudur göz yaşımı,
Buludam, içim dolu, yağıram günah ilə.

Sular yuyub izini, nə Tanrı var, nə bəndə,
Hisslərimi xəyallar çəkib salır kəməndə,
Günah, vəfasız gülüm, nə səndədir, nə məndə,
Unuduldum yiyəsiz, içimdə Allah ilə...
Lalə İsmayıl. 24 01 2020

Bir dostu dəfn etdim

Bir dostluq dəfn etdim içimdə dünən,
Qazıdım qəbrini özüm özümdə.
Məzarı könüldən, kəfəni güldən,
Boğuldu, tükəndi nitqim, sözüm də.

İnsan, tək nifrətdən qaçmazmış Allah,
Sevgidən gizlənmək nə ağır şələ!
Bəndəyə bəndə sirr açmazmış Allah,
İslanmış ruhuma qar yağır hələ...

Yükümü çiynimə alıb birtəhər,
Vəfasız dünyadan qoparacağam.
Kimsələr eşqimdən tutmamış xəbər,
Goruma bir məzar aparacağam.

Sirri Xudadır ki, sıradan deyil,
O, taxta tabuta sığmaz ey naşı.
Nahaqdan toprağa salmasın meyil,
Cismim məzarıdır, ruhum- baş daşı!..

Oxunub: 290
Oxşar xəbərlər
SON XƏBƏRLƏR