dini radikalizm və ekstremizmlə mübarizə

QOCALMAĞA APARILAN ÖMRÜM...


(Pritça)


Səssiz-səmirsiz...eləcə kirimişcə yerimdə oturmuşdum.Arabir düşünüb-daşınıb... yaddaşımda ilişib qalan acı xatirələrimi asta-asta qələmə alıb... ağ kağıza köçürürdüm.Qəfil bir səsdən diksindim:
-Dur,tez elə...əynini,başını geyin...gedirik.Amma əmr kimi olsa da...insafən bir az yumşaqlıq,həlimlik vardı bu sözlərdə.
Özümdən asılı olmayaraq:
-Xeyir ola,hara gedirik?-dedim.
-Qocalmağa...
Nə...qocalmaq nədi,ay kişi!
Ətrafıma boylandım,bir kimsə yox idi.Elə bil məni qarabasırdı.Gözlərimi ovuşdura-ovuşdura qalmışdım.Kərəvəngi qaldığımdan ora-bura devikirdim.Bir anlıq mənə elə gəldi ki,cavanlığımla qocalığım qapıbir qonşudurlar...
Bir azdan qeybdən gələn səs yenə peyda oldu:
-Hazırsanmı,gedəkmi?
Deyəsən...bu "gözəgörünməz" məni diri gözlü basdırmaq istəyirdi.
Tamam özümdən çıxartmışdi məni.Yavaş-yavaş hirsləməyə başlamışdım:
-Rəhmətliyin oğlu,nə yatdım ki,nə də yuxu görəm.Əl çək,yaxamdan...Nə tez qurtardı,sənin işin-peşən? Özgə bir dərdin-azarın yoxmu,-deyə "gözəgörünməzə" həm acıqlandım,həm də gileyləndim.
Ancaq məni rahat buraxmırdı,hardan zühur edib,doğulmuşdu bu səs...
Üçüncü səfər üstümə hücum çəkəndə bir səs böyürdən çıxıb köməyimə,imdadıma çatdı:
-Əə,nə istəyirsən,bu tifildən? Qoysana...öz ömrünü bildiyi,sevdiyi kimi,həyatını öz həyatı kimi yaşasın?Görmürsən,ona verilən bu,yarı-yarımçıq həyatdan hələ doymayıbdı?
Nə olsun ki,vaxtsız,vədəsiz saçı-saqqalı ağarıb...Bu yetim,fağır-sağır cavanlığını heç keçirtdi ki,indidən iki ayağını bir başmağa dirəmisən ki,gəl səni aparıram qocalmağa!...Gözünə döndüyüm məni təkləyən o qeybdən gələn səsi aldı,nə aldı... Necə deyərlər,vallah...Onu
quru yuyub,yaş sərdi də...
Başımın üstünü Ərəbzəngi kimi kəsdirən bu vahiməli,qorxulu səs bir anda gözümdən ilim-ilim itdi,qulağımın dibindən isə yox oldu.
"Üstümü unlu görüb,adımı dəyirmançı çağırmaq istəyirdi",bu zalım oğlu,elə bil...Nə yaxşı ki,Tanrıdan gələn heybətli səs hayıma-harayıma yetdi.
Həsrətini,intizarını çəkdiyim,keçirdə...yaşaya bilmədiyim gəncliyimə birdən -birə qayıtdım.Ruhumu təzələdi,ruhumu dirçəltdi,qadasını aldığım.Yenidən həyat eşqimi,dolu sevgimi içimə hopdurdu!
Uşaq kimi elə sevinib,atılıb-düşürdüm ki...
Sanki bu,qocalığımda mən itirdiyim cavanlığımı tapmışdım!

Oxunub: 344
Oxşar xəbərlər
SON XƏBƏRLƏR