dini radikalizm və ekstremizmlə mübarizə

QƏRİB DURNA QATARI


Bu dünyada insanlar, dağlar, dərələr kimi talelər də müxtəlifdir. Kama çatmış insanlarla bərabər nə qədər desən nakam talelər də var bu fani dünyada. Ramiz Rövşən deyir ki, bu dünyadan qaçmağa bircə ömür bəs imiş. Bəli, sadəcə bircə ömür...Bu bircə ömür isə təkcə kəmiyyətcə - illərin çoxluğu ilə deyil, keyfiyyətcə - ömrün ötən illərinin faydalılığı ilə ölçülür. Səksən il, yüz il, elə lap yüz əlli il yaşayan var. Amma nə yazıq ki, bu çoxluq içərisindəki illərin fiziki kəmiyyətcə faydalı iş əmsalı sıfıra bərabər olur. Təbii ki, belə ömürlər eləcənə yaşadığı illərdə, var olduğu zamanda yada salınır, xatırlanır. Dünyadan köçdüyündə özüylə bərabər yaşantıları da, xatirələri də özləriylə bərabər torpağa gömülür, unudulurlar. Amma elələri də vardır ki, qısa zaman kəsimi, pərvanə ömrü yaşasa da, onun yaşantıları illərlə xatırlanır, yada salınır və təbii ki, nə qədər insan oğlu, insanlıq var xatirələriylə bərabər ölümsüzlük qazanır, əməlləri sahibini yaddan çıxarmağa qoymur. Bax beləcə insan xatırlandığı qədər yaşayır.

Həmişə insan ömrü, insan taleyi ilə təbiət arasında bir paralellik , bir harmoniya axtarmışam. Bu harmoniyanı, bu paralelliyi sonucda tapmışam da. Çünki insan bir varlıq olaraq təbiətin bir parçası, bir hissəsidir. Elə bundan dolayı da insan oğlu yaşanan illərini təbiətlə təmasda başa vurur. Ona görə də tale payı , qədər, alın yazısı olan ömür illərinin yaşanmasında, necə deyərlər, xərclənməsində təbiətin də rolu çox böyükdür. İnsan var qanqal ömrü, insan da var ki, qızılgül ömrü yaşayır və elə yaşantılarına uyğun da xatırlanır, yada salınır...

Hər payız gələndə kövrəlmişəm. Bunu bir tərəfdən təbiətdə erkən yazdan başlayan dinamik inkişafın yavaş – yavaş sona çatması, bu rəngarəngliyin qüruba enməsi ilə əlaqələndirirəmsə, digər tərəfdən isə dəstə - dəstə durna qatarının qərib – qərib bu yerlərdən yol alaraq isti ölkələrə, isti məkanlara köçməsi ilə əlaqələndirirəm. Çox vaxt bu qatara səflənən durnaların qərib – qərib ötmələrinin, qərib səs çıxarmalarının şahidi olmuşam. Həmişə fikirləşmişəm ki, bu qərib durna qatarının ötüb keçməyini gördüm, ya qismət, dönməyini, qayıdışını görə biləcəyəmmi görən..? Kim bilir...

İnsanlar da belədir. Nə qədər ki, bizimlə birlikdə yaşayırlar qədrini bilmir (kimə sağlığında dəyər vermişik ki..), itirəndən sonra yanıb – yaxılır, kövrəlirik. Beləcə itirdiyimizin qiymətini, ağırlığını dəyərləndirə bilirik. Yenə də paralellər burulğanında çaba verir və eldə, obada tanınan, öz xeyirxah əməlləriylə bu maddi dünyada özünə əbədiyaşarlıq qazanan Umudəli əminin taleyi ilə qərib dürna qatarı arasında uyğunluq, oxşarlıq tapıram. Umudəli əmi ömrünün serenadasını oxuya – oxuya ötən qərib durna qatarını daha çox xatırlayıram.

Yaxşılar unudulmur heç vaxt. Çünki yaxşıları unutmağa heç haqqımız da çatmır. Gəlimli-gedimli, təlatümlü dünyamızda elə insanlar var ki, sanki onların yaradılışı, Tanrı tərəfindən yer üzünə - dünyaya göndərilməyi yalnız xeyirxahlıq üçündür. Elə bil ki, belə insanlar Tanrı tərəfindən Yer üzünə göndərilərkən qarşılarına yalnız bir missiya- yalnız yaxşılıq etmək missiyası qoyulub. Tanrının əziz bəndəsi olaraq belə insanlar yaşadıqca yaxşılq etməkdən , əl tutmaqdan doymur, yorulmurlar. Bu qədər xeyirxahlıqlarına rəğmən onların kimsədən nəsə ummaqları da olmur heç vaxt. Amma heç özləri də bilmədən belələri dəyər verməyi bacaran insanların qəlbində özlərinə əbədi bir abidə ucaldırlar. Belə insanlardan biri idi Umudəli əmi. Yardımlı rayonunun Anzov kəndində anadan olsa da Umud əmi gəncliyindən ömrünün sonuna qədər Bakı şəhərində yaşamışdır. Bu günün özündə Bakı şəhərində məskunlaşan anzovluların sayı kənddə yaşayan əhalinin sayının iki mislindən də artıqdır. Amma Bakı şəhərinə kənddən ilk cığırdaş Umudəli kişi olmuşdur. Həmkəndlilərimizin köçüb Bakı şəhərində məskunlaşması bu kişinin həyanlağı , hamiliyi sayəsində baş vermişdir. Bütün şəhərə gələn həmyerlilərinə həyan durmuş, onlara öz doğma balası kimi qulluq göstərmişdir. İşlə, evlə, yataqxana ilə təmin olunmalarında, təhsil almalarında əməyi ölçüyəgəlməzdir onun. Xeyirxahlığı ilə təkcə Anzovda deyil, ətraf kəndlərdə və rayonlarda da xatırlanır Umud əmi.

Umudəli əmi əməksevər, mehriban, vətənpərvər, sadə təbiətli, hər kəsə qarşı lütfkar,səmimi, bir insan idi. Haqqında danışanda, onu kiminləsə müqayisə etməkdə çətinlik çəkirəm. O, əməlləriylə özünə ölümsüzlük qazanaraq bu gün onu görüb tanıyanların qəlbində yaşayır və yaşayacaq da.. Onun haqqında söylənən xatirələr böyük bir insanın mənalı ömrü barədə dillər əzbəri olan dastan parçaları kimi danışılır, maraqla dinlənilir. Allah ona rəhmət eləsin. Ruhu şad olsun.

Malik Balaşov

Oxunub: 347
Oxşar xəbərlər
SON XƏBƏRLƏR