dini radikalizm və ekstremizmlə mübarizə

Şirvan şəhərində baş leytenant Fuad Bağırovun xatirəsi yad edilib.


2022-ci ilin yanvarın 29-da Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar qar çovğununda itkin düşərək şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Bağırov Fuad Allahverdi oğlunun anım günü qeyd edilib.
1 fevral 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Əhmədov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, Şirvandan olan və Şəkidən gələn şəhid ailələri, şəhidin ailə üzvləri, dostları ilə birlikdə baş leytenant Fuad Bağırovun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Fuad Bağırovun məzarı qarşısında çıxış edərək, bütün şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirib, Fuad Bağırovun valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edib və Allahdan ailəsinə səbir diləyib. Öz arzusu ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olan Fuadın, hərbiçi peşəsinə dərindən yiyələndiyini, Vətəninə ləyaqətlə xidmət etdiyini, onun xidmətlərinin ölkə başçısı tərəfindən dəyərləndirilərək bir neçə dəfə təltif edildiyini diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən və qazandığı tarixi Qələbədən söz açıb. Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə hər birimizin qürur duyduğunu söyləyib. Fuad Bağırovun xatirəsinin hər zaman uca tutulacağını, hörmət və ehtiramla xatırlanacağını vurğulayıb. Onların ömür yolunun gənclərə nümunə olduğunu, gələcək nəsillərin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacağını bildirib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlət səviyyəsində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Şəhid adlarının əbədiləşdirilməsi və ailələrinin diqqət və qayğı ilə əhatə olunması sahəsində Şirvan şəhərində görülən işlərdən danışıb. Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işləri, “Şəhid anası”memorial abidə kompleksi, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında qurulan Zəfər və Qarabağ Xiyabanları, “Zəfər abidəsi”, ordenlə təltif edilmiş 9 Vətən müharibəsi şəhidinin adının küçələrə verilməsi, xatirə guşələrinin yaradılması və digər görülən işlər barədə məlumat verib. Əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində məzarlarının izdihamla ziyarət olunduğunu bildirb. Şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
YAP Şirvan təşkilatının sədri Zahir Qəhrəmanov, Vətən müharibəsinin şəhidi Zeynal Zülfüqarlının atası Alim Zülfüqarov, Fuadın vaxtilə təhsil aldığı 18 nömrəli humanitar təbiət təmayüllü məktəb-liseyin direktoru İsmayıl Yusifov, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yahyayeva, din xadimi Hacı Vasif şəhid Fuad Bağırovun həyat yolundan, şəxsi keyfiyyətlərindən, mübariz, mərd, dözümlü xarakterindən, Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətindən danışıblar. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Fuadın xatirəsinin daim əziz tutulacağını bildiriblər.
Sonra Şirvan Dövlət Rəsm Qalereyasının direktoru, Vətən müharibəsinin şəhidi Nicat Hüseynovun bacısı Çinarə Vəliyeva Fuad Bağırovun portretini anasına təqdim edib.
Ziyarətin sonunda şəhər məscidin imamı Əvəz Mehralıyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
Şəhidin valideynləri ağır itki olmasına baxmayaraq, Fuadın şərəfli ölümü, şəhidliyi ilə ailəsinə və xalqına başucalığı gətirdiyini qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!











Oxunub: 143
Oxşar xəbərlər
SON XƏBƏRLƏR