dini radikalizm və ekstremizmlə mübarizə

BU DÜNYADA YOL QURTARMIR


(PRİTÇA)

...Nənəm həmişə mənə deyərdi ki, ay bala,sən bu,dünyaya gələndə...mənim əlim xəmirdəydi.
-Bilmirəm,deyəsən qonşunun kolpan saçlı,sarışın qızıydı.Elə əlim xəmirli-xəmirli sandığımı açıb ona könlümdən keçən bir kələğayı muştuluğu da verdim.
İndinin özündə həmin qız toya-bayrama gedəndə o zər-zibalı,butalı kəlağayını başına atır.
Nənəm əslən Qərbi Azərbaycanın Qarakilsə rayonunun Vaqudi kəndindən idi.1918-ci ildə erməni-müsəlman davasında Şərqi Zəngəzur mahalının Zəngilan bölgəsinə qaçqın düşmüşdü.O vaxt nənəmin 6-7 yaşı olardı.Mələk qocam deyərdi ki,bu tifili Zəngilana sağ-salamat gətirib çıxarınca...neçə dağ-dərə aşmışam.
Nə yaxşı ki,nənəm yetimçiliklə böyüyəndən sonra babam onu almışdı.Babam da yaxşı kişiymiş,əkib-becərən,malavan,ailəcanlı...Belə olmasaydı... yoxsa,nənəm onu bəyənməzdi!Düzdür,babam qoçaqlıqda,zirəklikdə nənəmə çatmasa da...ondan geri də qalmazdı.
Elə nənəmdən sonra bizim ev ruzili-bərəkətli,ocağmız gur çatılıb,damımızda həmişə dəstərxan açılıbdır...
Elə mənim də əl-ayağım yer tutandan nənəmin yanında olmuşam.Anam həmişə deyərdi ki, məndən çox-çox səni bax...bu, arvad istəyir,qədrini bilir...
Kənddə nənəmin əl buyruqçusu idim.Ocaq qalayıb sacı üstə qoyanda,təndirimizi çatanda,nehrə çalxalayanda böyründəcə bitərdim.
Nənəm mənim payımı kəsməzdi.Amma sizdən nə gizlədim...məni də yaman "ütərdi"...
-Al,bu fəsəlini apar ver...Abuzər arvada,kəndin sınıqçsıdır,hamya yaxşılığı keçib.
-Çörək dəsmalına bükdüyüm yağlı fətirləri də verərsən Telli qocana.Bir çətən külfəti var.Qəlbi sınıqdır.Əri müharibədən qayıtmadı...
-Bu,3-4 yuxanı da...şorla qarışıq nehrə yağını apar ver,Qumru arvada,kimsəsizdir...
Nənəm belə nənəydi.
Görəsən,indi belə nənələr varmı,İlahi?!
Ürəyi yuxa kimi yumşaq,gözləri bulaq kimi qaynar,çöhrəsi dan üzünün şəfəqləri kimi işıqlı və parlaq!
Nə deyim,vallah...
Pay daşımaqdan üst-başım "teyxa"yağ olardı,günlərlə onun nişanəsi,iyi məni tərk etməzdi...
Əlimə ilk dəfə jurnal alıb müəllim kimi sinfə girəndə də nənəmi xatırlayırdım...Öyüd-nəsihətləri...şirin-şirin nağılları,bayatıları,sayaçı sözləri,əməkçi nəğmələri...ta nələri,nələri hələ də qulağımdadır...
Hələ də elə bil yenə də məni hardasa səsləyir:
-Ay bala,gəl bu yağlı fətiri də apar ver,filankəsə...ağzının dadı dəyişsin.Elə alqışı bəsindir!
Yadımdadır,müəllim işləyəndə nənəmə bir şeir də yazmışdım."Ulduz" jurnalında poeziya şöbəsinə baxan şair Əhəd Muxtar çap eləmişdi: "Nənəmin gözləri yol çəkir hələ" şeirin adı beləydi.
Eh,nənəmdən mənə o qədər dəyərli,qiymətli söz mirasları qalıb ki...
Hansını deyim.
Nənəm deyərdi ki,oğul,göz nə qədər yol çəksə də onu intizarda qoymaz.Nə vaxtsa onu vüsalına,istəyinə qovuşdurar.
Təki gözlərin yol çəksin,yol kəsən olmasın.İndi nə çoxdur.. yol kəsən,yol bağlayan.
Yol kəsənləri,yol bağlayanları Tanrı bağışlamaz.Bu dünyada yol qurtarmır,elə uzanıb gedir...Bir də ki, bu dünyada su qurtarmır.
Yaxşı adamların ömrü su kimi uzun,yol kimi arzuları,istəkləri bol olsun!...

Həsən Orucoğlu

Oxunub: 358
Oxşar xəbərlər
SON XƏBƏRLƏR