dini radikalizm və ekstremizmlə mübarizə

Yeni qanun əməkdaşlığın güclənməsinə mühüm töhfə verəcək ŞƏRH



Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə, Azərbaycanda siyasi partiyalarla münasibəti tənzimləyən, iqtidar-müxalifət dialoqunu yeni müstəviyə daşıyan hüquqi-normativ aktın bazası daha da gücləndirildi. Artıq bir neçə ildir ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Həmçinin dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, eləcə də, müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Muasir Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Bu gün Azərbaycan dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Buna görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi. Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür. İslahatlar Azərbaycan yeni inkişaf mərhələsinə çıxarıb, ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. Hazırda ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə bir vaxtda “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi müsbət haldır. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 3 iyun 1992-ci il tarixində qəbul edilmişdir. Azərbaycan formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bütün bunlar Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti yaratdı.Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş, 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb. Bu qanun layihəsinin hazırlanması zamanı Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl sənəd parlamentin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən layihədə əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq təklif olunan layihə ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə təşkil olunub. Dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə 40-dək əlavə və dəyişiklik edilib. Ümumilikdə sənədə 110 düzəliş edilib. Daha bir demokratik addım isə Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si layihədə nəzərə alınıb. “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zamanın tələbidir və Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Diqqət çəkən məqamlardan biri də, yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Eləcə də, dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Həmçinin, siyasi partiyaların müxtəlif məqsədlərlə təsis edilməsi və fəaliyyəti də qanunda öz əksini tapıb. Öncəki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.Yeni qanun layihəsi cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Oxunub: 170
Oxşar xəbərlər
SON XƏBƏRLƏR