dini radikalizm və ekstremizmlə mübarizə

Qara



Sovet dövründə inzibati binaların hamısında xırda detalları çıxarsaq demək olar ki, binanın quruluşundan tutmuş mərtəbələrin sayına və otaqların qapısına kimi hərşey eyni idi. Binaya daxil olmamışdan balaca, hər tərəfdən şüşəli olan, içərisinə iki nəfərin güclə yerləşəcəyi bir “domik”in pəncərəsinə yaxınlaşıb nə üçün gəldiyini bildirmək lazım idi. Elə o andaca sənin o qüssəli və şıx duruşuğun iki hissəyə bölünürdü. Çünki həmin “domik”də oturan növbətçiyə özünü təqdim edib, nə səbəbə gəldiyini izah etmək üçün adətə uyğun olmayaraq iki qat əyilməli və başını imkan olarsa azca da o quş yuvasından içəri soxmalı idin. Qeyri-rus millətlərinin yaşadıqları ərazilərdə olan inzibati binalarda adətən həmin “domik”lərə elə növbətçilər təyin olunurdular ki, onlarda insana məxsus 5 hissdən ən azı biri çatışmırdı. Bəzən görmə qabiliyyəti zəif, bəzən sözü iki dəfə təkrarladacaq və ya qulaq ardına vuracaq dərəcədə eşitmə qabiliyyəti zəif, bəzən o balaca yerdəki dəhşətli ufunəti hiss etmək üçün iy bilmə hissi olmayan biri ilə rastlaşmaq mümkün idi. Bugün Qaranın bəxtinə deyəsən görməkdə çətinlik çəkən birisi çıxmışdı. Həmin növbətçi Qaradan bir neçə yaş böyük olardı amma yanaqlarının qıpqırmızı olmasından görünürdü ki, heçvaxt yemək cəhətdən özünə korluq verməyib. Qara əlindəki sənədləri ona uzadıb işə qəbul üçün gəldiyini bildirəndə, növbətçi Qaranın sadəlövh bir olduğunu görüb özünü çox məlumatlı, savadlı, işinin peşəkarı olduğunu göstərmək üçün cır-ha-cır edən stulunda biraz da gərnəşməyə başladı, əgər Qara ondan çəkinməsəydi və ya özünə yaxın biri kimi hiss etsəydi çox güman ki, stulun ayağının birinin çat-çat olduğunu və tezliklə qırılacağını xəbərdarlıq edərdi. Növbətçi sənəddən başı çıxanlar kimi sənədi o tərəf bu tərəfə çevirərək nəsə deməyə cəhd edirdi, düşünmək olardı ki, orta təhsili olmadığından Qaraya sənəddə olan rəqəmlərdən sual verdi, cavabına da heç qulaq asmadı. Sonra Qaraya paltarını səliqəyə salmasını, üst-başını düzəltməsini, qalstukunu sıx bağlamasını əmr edib, digər növbətçiyə onu əvəz etməsini əmr etdi, digər növbətçi də jarqon ifadələrlə tez gəlməsini, onu gözləyə bilməyəcəyini arxalarınca donquldansa da, fikir vermədən birlikdə binaya getdilər. Binaya daxil olan kimi Qaranın üzərinə bir tənhalıq hissi çökdü, sağ və sol tərəflərə enli və geniş dəhlizləri uzanan bu binada iş günü olmasına baxmayaraq heç kim yox idi, bina tər-təmiz olmasaydı düşünmək olardı ki, uzun müddətdir istifadə olunmur, tərk edilib. Bütün işçilərin harada olmağını düşünə-düşünə növbətçinin ardınca gedən Qara onun “ayaqlarını yerə yavaş vur!” ifadəsindən diksindi. Qara bu qaranlıq dəhlizdə ona düşmən kimi baxan, əlləri çox böyük olan, dildən anlamayan bu növbətçi ilə baş-başa qalmaq istəməzdi. Ona görə də, asta-asta arxasınca irəlilədi. Bir otağın qarşısında dayandılar. Qapıda “qəbul otağı”yazılmışdı. Qaraya biraz həyacan gəldi amma hələ də bu kimsəsiz boş binada kiminlə söhbət edəcəyini bilmirdi. Növbətçi qapını tıqqıldadaraq “Gəl” sözündən sonra Qaranı itələyib içəri ötürdü özü də elə bil heç orda olmamış kimi bir andaca yox oldu, Qara macal tapıb içəridə kiminlə danışacağını soruşa bilmədi.

İçəri dekorativ mebel ilə yığılmış, hər tərəfi eyni rəngdə olan divarlardan, divarın baş tərəfində böyük plakatdan, səliqəli şəkildə düzülmüş stullardan ibarət idi. Böyük stolun üzərində isə Qaranın televizorda bir dəfə gördüyü zəhmli bir şəxsin portreti var idi. Qəbul edən şəxs Qaranın 1.80 metr olan boyunu aşağıdan yuxarı süzərək, onun dik duruşuğuna, özündən əmin formasına baxaraq dedi:

- Özünüz haqqında məlumat verin...

- Mənim adım Qaradır, əslən Azərbaycanlıyam, ali təhsilliyəm, iş üçün gəlmişəm...və.s

- Adınızın mənası nədir?

Bu sual Qaranı çox dərin fikirlərə apardı. Müsahibənin ilk mərhələsində artıq ikinci sualda ilişmişdi. Ağlında ona veriləcək bütün suallara qarşı hazırcavablıq olduğunu düşünsə də, belə bir sualla qarşılaşacağını düşünməmişdi. Belə bir sual nə məqsədlə verilə bilərdi?
Son bir saat ərzində yaşadıqları ilə yanaşı iş haqqında düşüncələrinin və hazırlaşdığı sualların qarşılığında belə sual verilməsi Qaranı məyus etmişdi. “Qara” elə qaradır, rəngdir, başqa nə mənası ola bilərdi ki?

Uzun illər sonra Qara Moskva bazarında ticarətlə məşğul olan zaman həmin məsul şəxsin o sualı ona nə üçün ünvanladığını anlamışdı.

Elvin Mikayılov

Oxunub: 276
Oxşar xəbərlər
SON XƏBƏRLƏR