KİÇİK KƏNDİN BÖYÜK ÜRƏYİ... "MƏNİM KÖVRƏK DUYĞULARIM..." SİLSİLƏSİNDƏN
...Həkəri çayı ilə Xan Arazın qovuşduğu yerin sol sahilində bir kənd yerləşir.Cəmi-cümlətanı 50-60 evli bir kənd...Babaylı kəndi.Bu kənd həm də kiçik Qafqaz sıra dağlarının ətəyində qərar tutmuşdu.Qənşərindən Həkəri-Bərgüşad çaylarının gümüşü rəngli gur suları axır...
Məmmədbəyli kəndi ilə bitişikdir.Əvvəldən bir inzibati ərazi vahidliyində olublar.
Kolxozu,sovetliyi,məktəbi,xəstəxanası və. s...Demək olar ki,bütün infrastrukturları dədə-babadan ortaq olub,bir olub.Xeyirlərini,şərlərini də birgə həll edib,bir yerdə "aşırıblar"...
Xalalarım,bibilərim,əmilərim Babaylı kəndində yaşadığından bu kəndlə ünsiyyətim,təmasım çox sıx olubdur.Qohum-əqrabalardan savayı sinif yoldaşlarımın çoxu da Babaylı kəndindən olub.Etibarlarını,dostluğa sədaqətlərini həyatda görüb təsdiq etmişəm...
Həmişə bu kəndə üz tutanda Məscidin yanından keçərdim.O vaxt bunun mənasını tam anlamasam da sonralar Məscid haqqında böyüklərin söz-söhbətinə qulaq asdıqdan sonra məndə bu səcdə yeri haqqında yeni-yeni fikirlər formalaşdı.Səhv etmirəmsə, Babaylı Məscidi 17-18-ci əsrə aiddir.Nədən ki,bu məbədin qədimliyi onun tikilişindən,arxitekturasından xəbər verirdi...
Qoca nənəm deyirdi ki,Babaylı Məscidi"Allahın evi"-dir.
Ora Peyğənbərlərin Məscididir.Orda çox ibadət, səcdə etmişik...
Elə Məscid sözünün mənasını da ondan eşitmişəm.Sonralar öyrəndim ki,Ərəb qrammatikasında Məscid-"İsmi-məkan"sayılır.Bu Məscidin içində çox olmuşam.İbadət edilən yerə diqqət də yetirmişəm.Qibləyə tərəf divarlarında olan taxçalarında "Qurani-Kərimdən" olan səhifələrini,hədislərini də gözlərimlə görmüşəm.Yol kənarında bir dikdir üstə qərarlaşan bu Məscid üzü Qibləyə tərəf tikilmişdir.
Arazın o tayında da-Güney Azərbaycanda da Babaylı (Kəleybər) adında bir kənd var.90-illərin ortalarında həmin kənddə səfər də etmişəm.Bir təpənin ətəyində yeləşir.Oxşarlıqları çoxdur bu eyni adlı kəndlərin...Bəlkə də vaxtı ilə qohumluqları da olub,amma dəqiq deyə bilmərəm.Bircə onu bilirəm ki,cəfakeş,istiqanlı,təəssübkeş və miili qürur hissləri güclü idi!...
Babayl kəndində Məmmədbəyli dəyirmanından bəlkə də qədim bir su dəyirmanının qalıqları hələ də durmaqdadır.
Həkəri çayının kiçik bir qolunun ağuşunda yerləşirmiş bu dəyirman..."Qamışlıq və qarğılıq"deyilən yerin ərazisində...
Bir də Babaylı kəndinə gedəndə ən çox yadıma həkk olunan yolun üstü də yerləşən möhtəşəm və əzəmətli "Ağ ev" canlanırdı!..
Bu "Ağ ev"in ucsuz-bucaqsız tut bağları,meyvə ağacları,xoş ətirli iydə çiçəyi və qızılgül kolları indi də gözlərimin önündədir.Bura Yusif Xudiyevin mülkü idi...
Nənəmin dediklərindən:
Nənəm danışırdı ki,bala,Yusif kişi çox qeyrətli,namuslu,işgüzar və fədakar bir kişiydi.Elə bu fərqli və üstün cəhətlərinə görə xalam oğlu,"Bakı fəhləsi"kolxozunun sədri işləyən Paşa Vəliş oğlu Piriyev Yusif Xudiyevi öz yanına gətirib,kolxozun ümumi yığıncağının qərarı ilə özünə birinci müavin seçdirdi.Mənim yoldaşım isə yəni,sənin baban...o vaxt kolxozda komsomol özəyinin katıbi idi.
Yusif Xudiyev kolxoza rəhbər vəzifəyə gətiriləndən sonra artel daha da dirçəlməyə başladı.Ruzi-bərəkət artdı,bolluq yarandı.Müharibənin ağır illərinə baxmayaraq camaatın dolanışığı,günü-güzaranı yaxşılaşmağa başladı..Üçü də birləşib çəkici bir yerə vura bildilər ki,çətin gündə,dar gündə el-obanın üzü güldü...O vaxt mən nənən də"Staxanovçu"idim.
Allah hamısına rəhmət eləsin,ruhları şad olsun!..
Nənəm əslən Qərbi Azərbaycanın Sisiyan (Qarakilsə) rayonunun Vağudi kəndindən idi.1918-ci ildə ordan Zəngilanın Məmmədbəyli kəndinə qaçqın düşmüşdü...
Ömrünün sonuna kimi Bakıda,mənim yanımda yaşadı.
Məcburi köçkün düşəndə vəziyyətimizin çətin olduğunu duyub şalına büküb gətirdiyi və göz bəbəyi kimi qoruyub saxladığı balaca mücrüsünü-sandığını açıb mənə iki gümüş toqqa,bir gümüş başlıq, bir qədim qızıl qolbaq,qızıl saat və digər qızıl-zinyət əşyaları verdi ki,ehtiyaclarına xərcləyərsən.O anda nənəmin tir-tir əsən əllərinin və üşüyən dodaqlarının mərhəmətini heç cür unuda bilmirəm!...
Bu heyni yadıma nə vaxtsa oxuduğum bir hikmət düşdü:
"Bu dünyada nə mülk qalır,nə var qalır, bircə insana xoş əməli,yaxşılığı,xeyirxahlığı yadigar qalır"...
Mən də pulun çoxunu tamarzı qaldığım kitab,dəftər,qələmə,bir hissəsini isə doğma Yurduma yazdığım şeir kitablarının çapına və bəstələdiyim nəğmələrin işıq üzü görməsinə sərf etdim...
Babaylı kəndi yaddaşımda o qədər xatirələr buraxıb ki, hamısını sistemləşdirib ardıcıllıqla ipə-sapa da düzə bilmirəm...Nədən ki,xəstəliyim buna imkan vermir...
Bircə onu bilirəm ki,bu kiçik kəndin nə qədər böyük ürək sahibləri varmış,İlahi!..
Birinci Qarabağ savaşında Ağdərədə qalxana dönən tankçı igid Kərimov Qüdrət Əkbər oğlu Babaylıdan deyildimi?! 44 günlük Vətən savaşında ön cəbhəyə ard-arda yardımlar göndərən,əsgər və zabitlərin sevimlisi, "Medikal-Media" şirkətlər qrupunun rəhbəri Azər İbrahim oğlu Xudiyev kiçik kəndin böyük ürək sahibləri deyilmi?! Jurnalistika sahəsində külüng çalan,mediaya, efir-ekrana öz dəsti-xəttini,zəngin üslubunu, ilıq,həlim nəfəsini gətirən professor Qulu Məhərrəmli Babaylının bətnindən dünyaya göz açmaybmı?!
Teyfur Çələbi kimi təmənnasız,istedadlı şair-yazıçı, saysız-hesabsız kitabların müəllifi,hətta oğlu,bənzərsiz şair-bəstəkar Turan Teyfuroğlu Babayının yetişdirməsi,fəxri-fəxarəti deyilmi?!
Tanınmış hüquqşünas,18 saylı Vəkllər bürosunun sədri Qara Məmmədov,hüquq müdafiıçisi Azər Quliyev,
Hərbi jurnalist,neçə-neçə kitabların müəllifi Vahid Məhərrəmli,"Avtosfer.az" saytının baş redaktoru,DİN və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərində İctimai Şuraların tanınmış üzvü,istedadlı jurnalist Elməddin Muradlı,tanınmış stomotoloq həkim Aftandil Kərimov,Tarix elmləri doktoru Telman Nüsrətoğlu və neçələri Babaylının intellektləri,doğma torpağa hədsiz vurğunları və qəlbləri Vətən eşqi ilə döyünənlərin öncülləri deyilmi?!Xüsusi olaraq bir neçə mötəbər turnirlərin qalibi, Sidney və Afina Olimpiadalarının iştirakçısı,Cudo üzrə 5 qat Avropa çempionu,Respublikada təcrübəli məşqçi kimi tanınan Elçin İsmayılov da Zəngilan rayonunun Babaylı kəndinin yetirməsidir.Elçinin bu əlçatmaz uğurları ilə kim öyünmür ki?!..
Bu kəndin içgüzar,əməksevər,zəhmətkeş qadınlarını,qız-gəlinlərini barmaqla saymaqla qurtaran deyil...Telli nənə,Tavat nənə,Nərgiz nənə...neçə-neçə ağbirçək,sinəsi bayatı sözlü,köksü əkinçi-biçinçi nəğməlilər inanclı,inamlı,imanlı Babaylıdan deyilmi?...
Fizzəsi,Şahlığı,Mirvarisi,Firüzəsi,Münəvvəri,Dilarəsi,Hürüsü,Qızbəsi,Mayası,Sonası,Güllüsü,Məryəmi,Siyasəti və.sairi var, Babaylının!..
Dizi dirəkli,polad biləkli
Kərim kimi,X.İbrahim kimi,Cəmil kimi,Gürşad kimi, Məhərrəm kimi,Rəsul kimi,Qərib kimi,Surxay kimi,Nəci kimi,Vahib kimi,İsmayıl kimi,Mehdi kimi,Sahib kimi,Dadaş müəllim,Mamed müəllim,Müqabil müəllim kimi və adlarını unutduğum neçə-neçə təpərli,hünərli el-oba oğulları olub Babaylının!..
İndinin özündə də Babaylı kəndini gözümün önündən keçirəndə elə bil bir filmi xatırlayıram...Elə bir filmi ki,orda yalnız insan taleyi,insan ağrı-acısı,onun həsrəti,nisgili yaşayır...
Bu insanın isə qüruru,məğrurluğu mənə əyilməzlik,sarsılmazlıq təlqin edir...Bir də onu öyrədir ki,əsl ocağın külü də sən demə, sönməzmiş!..
Və sonda Babaylı kəndinddən həmişə söz-söhbət düşəndə Professor Şamil Yusif oğlu Xudiyevi xatırlamaya bilmirəm.
Nədən ki,Şamil müəllimlə atam Quliyev Oruc Əli oğlu eyni ildə,1928-ci ildə anadan olmuşdur.On bir il Məmmədbəyli kənd orta məktəbində bir sinifdə oxuyublar.Hətta bir partada əyləşiblər.
Atam sağlığında Şamil müəllim haqqında sinif yoldaşlığından,dostluğundan,dəyirmanda dən üyütmələrindən,ot biçməklərindən,dərz bağlamaqlarından,bostan qorumalarından və digər maraqlı söhbətlər edərdi...Mən isə acgözlüklə onların uşaq dünyasına həsəd aparardım!...
Artıq o kövrək duyğular bir xatirəyə,bir memura çevrilib mənim üçün...Bu hisslərlə yaşamağım da ürəyimdə belə əbədi yaşarlara qoyduğum yaşıl bir abidə ilə üz-üzə,göz-gözə dayanıb danışmağımdır!...
Nəinki doğulduğu Babaylı kəndini,üstəlik Zəngilan rayonunu Respublikaya tanıtdırmağa qadir oldu,Şamil müəllim!
Bəlkə də onun haqqında bu fikirlər dönə-dönə xatırlanıb,deyilibdir.
Amma mən elə düşünürəm ki,qısa bir ömür yaşayan Şamil Xudiyev az müddət içində nəhəng işlərə imza atıb.Onun elmi monoqrafiyaları,iqtisadi təhlilləri,diaqonostik qiymətləndirmə metodları böyük bir kəşfdən xəbər verir.
Əsərlərinə xüsusi diqqət yetirəndə görürsən ki, çağdaş dünyamızla necə də bir səsləşir,bir köklənir.
Əsasən elmi iqtisadi kitablarının bütöv istiqaməti yoxsulluğun aradan qaldırılmasına,rentabelliyin yüksəldilməsinə,əmək və zəhmət adamlarının maddi-rifah halının-güzaranının yaxşılaşdırılmasına və bu kimi faydalı,səmərəli işə yönəlmişdir.
Böyük istedad və talant sahibi olan Şamil Xudiyev uzaqgörənliklə "Beynəlxalq uçot" kitabını ərsəyə gətirməklə əsl xeyirxahlıq və savab bir əmələ müsbət dərkənar qoymuşdur.
Belə ki,istər tələbə,istərsə də aspirant olarkən dərslik,vəsait acısını yaşadığından tələbələrin gələcək həyatını düşünərək və onların çətinliyini aradan qaldırmaq üçün belə bir dərsliyi-"Beynəlxalq uçotu"n həyat vəsiqəsini möhürləmişdir!
Hələ yaşasaydı,gör nələr yaradardı!..
Vətənin iqtisadi qüdrətinin möhkəmlənməsinə nə qədər töhfələr verərdi!
Bir təsəlli odur ki,unudulmaz alim Şamil Xudiyevin ən şedevr əsərləri içində həyat yolunun davamçıları və ömür kitabları onun bu gündə bizimlə birgə yaşamaq duyğularını qazana biliblər!...
Nə yaxşı ki,İbrahimi,Fəridəsi,Xavəri,İzzəti,İlqarı var Şamil müəllimin!
Budur,onun həyat kitabları,ömür kitabları!...
...Bir də,bir də...yenə də Azərbaycan adlı məmləkətimizdə,bu məkanımzda qəlbən sevdiyimiz,bu diyarın Azər adlı ilk kəlməsi olan dəyərli Azər nəvəsinin doğal nəfəsinin dolu-dolu doyumluğu,nə yaxşı ki,var imiş!..
Oxunub: 367