Yaraşır
Gözügöyçək ellər qızı,
Baxışına var yaraşır.
Ağ əllərə təzə çiçək,
Gül qəlbinə yar yaraşır.
Yasəmənin, qızılgülün,
Qönçəsisən təzə gülün.
Gül qoxulu şirin dilin,
Şah baxçana bar yaraşır.
Qurbanoğlu deməz yalan,
Getdi ağlım olan-qalan.
Dərdə düşsün dərdə salan,
Dağ zirvənə qar yaraşır!..
Ömrüm
İlahi, bu necə istəkdir, bu necə sevgi,
Gecikən qatara tələsir ömrüm.
Lal olub, danışmır, küsübdü sevgi,
Eşqə möhtac olan, eyy...əsr ömrüm!.
Yuxulu gözlərin həsrətdən solub,
Dəli bir ayrılıq saçını yolub.
Gülüm, kövrəlibsən, gözlərin dolub-
Hicranı qucmağa tələsir ömrüm.
Çiçəklər əkmişdim yolunda gülüm,
Büründü həsrətə, yolun da, gülüm.
Ölüm qucağında, qolunda gülüm-
Vüsaldan qaçmağa tələsir omrüm.
Bu yorğun gözlərin əsrinə bax sən,
Arzumun tikdiyi qəsrinə bax, sən!.
Sevgimin kəminə, kəsrinə bax sən,
Bilmirəm, heç hara tələsir ömrüm!..
Oxunub: 301