dini radikalizm və ekstremizmlə mübarizə

Aksiya iştirakçılarının sayı getdikcə artacaq. Geriyə yol yoxdur



1. Aksiyada iştirak etməkdə əsas məqsədiniz nədən ibarətdir?

Laçın yolundakı Rusiya sülhməramlı kontingentinin (RSK) postu yaxınlığında keçirilən aksiya ilə bağlı vəziyyət ətrafında gərginlik davam edir. Dekabrın 12-də başlayan aksiya iştirakçıları tələb edirlər ki, RSK-nın məsuliyyət zonasındakı mədənlərə baxış keçirmək istəyən azərbaycanlı mütəxəssislər əraziyə buraxılsın. Aksiya keçirilən müddət ərzində bir sıra ölkə və beynəlxalq qurumlar tərəfindən Laçın yolunun açılmasına dair çağırışlar səslənir. Ermənistan və Azərbaycan nümayəndələri, o cümlədən BMT-də keçirilə müzakirələr vaxtı bir-birini təxribatlarda və 10 noyabr üçtərəfli bəyanatı pozmaqda ittiham edirlər. Ermənistan lideri bölgəyə BMT, ATƏT və ya ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyasının göndərilməsinə çağırıb.

2.Aksiya iştirakçılarının əsas tələbləri, şüarları nələrdən ibarətdir?

Gün ərzində davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunan fasiləsiz dinc aksiya iştirakçıları hər kəsi ekologiyanı qorumağa çağırırlar. Ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

3. Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması dedikdə əsas nəyi nəzərdə tutursuz?

Buqüvvələrhansıyollariləekolojiterrortörədirlər?

Bu gün Azərbaycan torpaqlarında törədilən bu çirkin əməllər təkcə Azərbaycan xalqına qarşı deyil, külli bəşəriyyətə və insanlığa qarşı yönəlmiş cinayətdir. Azərbaycan Respublikası ekoloji tarazlığın qorunması, vətəndaşlarının sağlam ətraf mühitdə yaşamasının təmini üçün daim çalışır və bu prosesdə də qeyri-hökumət təşkilatları yaxından iştirak edirlər. Biz bir qrup vətəndaş cəmiyyəti təşkilatları olaraq erməni əhalisinin Laçın rayonu və bütövlükdə Qarabağ ərazilərində apardıqları ekoloji terroru pisləyir və beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı dəyərləndirmə aparmalarını, eləcə də bu qeyri-insani əməllərin beynəlxalq səviyyədə qınanmasına dəstək göstərmələrini xahiş edirik. Ermənistan 30 ilə yaxın müddət ərzində işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılıb. Respublika əhəmiyyətli dəmiryolu xətləri sökülüb və yararsız hala salınıb. Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib.

4.Erməni tərəfin bu dinc və qanuni aksiyanı dünyaya istədiyi kimi təqdim etməsinə reaksiyanız nədir?

Ermənilər ümid edir ki, beynəlxalq ictimaiyyətin və rus sülhməramlıların təzyiqi ilə Azərbaycan geri çəkiləcək. Düzdür, ABŞ, Fransa, Rusiya, Avropa İttifaqı Laçın dəhlizinə çıxışı bərpa etməyə çağırıb. Lakin, Azərbaycan Xarici İşlər Nazirliyi də açıq mətnlə bildirir ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi Azərbaycanın daxili işidir. Qeyd olunub ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Azərbaycan öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini və bütövlüyünü qanuni əsaslarla təmin edir. Laçın dəhlizini aksiya iştirakçıları deyil, rus sülhməramlılar aksiyaya görə bağlayıb. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycana beynəlxalq miqyasda təzyiq üçün hər hansı ciddi əsas yoxdur. Elə bu səbəbdən dünya ictimaiyyəti Azərbaycanın ünvanına hansısa sərt ittiham səsləndirmir.

5.Qanuni aksiyanın etirazçıların sayı getdikcə artır. Bu haqda nə düşünürsünüz?

Bəli, aksiya iştirakçılarının sayı günbəgün artır. Yeni könüllü qrupları dinc aksiyaya dəstək vermək üçün Laçın-Xankəndi yoluna gəliblər. Əlbətdə ki, bu müsbət haldır. Yeni gələn könüllülər də aksiya iştirakçılarına qoşularaq Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarından irəli gələn ekoloji fəlakət və digər fəsadlar ilə bağlı ilkin monitorinqin aparılmalı olduğu barədə şüarlar səsləndirirlər.Etirazçılar tələb irəli sürərək bildiriliblər ki, təbii sərvətlərin qanunsuz istismarı və daşınmasına son qoyulmalı, Rusiya sülhməramlıları buna nəzarət etmədiyi üçün, onların olduğu bütün postlarda xidmət Azərbaycanın aidiyyəti dövlət qurumları ilə birgə təşkil edilməlidir.

6.Aksiyanın tələblərinə nə dərəcədə reaksiya verilir? Və bu iştirakçıları razı salırmı?

Aksiyaçılar yüksək vətənpərvərlik nümayiş etdirirlər. Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir. Onlar Xankəndi-Laçın yolunda Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olmayaraq, haqlı, sivil qaydada toplaşıb qanunsuzluqlara etiraz səslərini ucaldırlar. Aksiya iştirakçıları əmindirlər ki, haqlı tələbləri yerinə yetiriləcək. Azərbaycan hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquqa tam əməl edir. Keçirilən bu dinc aksiya öz ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarına qarşıdır ki, bu da tam haqqımızdır. Bəzi beynəlxalq təşkilatların bu hadisəyə iki münasibəti riyakarlıqdır və ikrah doğurur. Çünki onlar uzun illər ərzində Qarabağda sərvətlərimizin talanmasına, şəhər və kəndlərimizin, o cümlədən abidələrimizin ermənilər tərəfindən dağıdılmasına göz yumublar. İndi qanunsuz istismara qarşı keçirilən aksiyanın bu dərəcədə şişirdilməsi “düşmən dəyirmanına su tökmək”dən başqa bir şey deyil.Aksiya səbəbi ilə Laçın-Xankəndi yolunun Rusiya sülhməramlıları tərəfindən bağlanması nəticəsində Qarabağda qanunsuz şəkildə hasil edilən əlvan metal filizlərinin emal edilmək üçün Ermənistana göndərilməsi mümkünsüz olub. Nəticədə, bölgədəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti ötən gün mədən fəaliyyətinin dayandırıldığını açıqlayıb.Baş verənlər azərbaycanlı eko-fəalların öz məqsədlərinə addım-addım çatdığını göstərir və proses son nəticə əldə olunanadək davam edəcək.

7.Sizcə, bu aksiyalar Azərbaycanın təbii sərvətlərinə qarşı aparılan terrora son qoyacaqmı?”

“Qızılbulaq” qızıl yatağı Qarabağ separatçılarının nəzarəti altında olan keçmiş Ağdərə rayonu ərazisindəki eyni adlı kənddə yerləşir. Qızılbulaq kəndi hazırda Kəlbəcər rayonunun inzibati ərazisinə daxildir. “Dəmirli” mis-molibden yatağı isə Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxildir. Vaxtilə keçmiş Ağdərə rayonuna daxil olan Dəmirli kəndi Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə Tərtər rayonunun inzibati tərkibinə verilib. Azərbaycanın ən böyük mis yataqlarından biri məhz bu kənddə yerləşir. Hələ 2019-cu ildə "Azersky" peyklərinin təsvirləri vasitəsilə “Dəmirli” mədən yatağının 740 hektar ərazisində ermənilər tərəfindən qanunsuz olaraq geoloji kəşfiyyat, qazıntı-hasilat işlərinin və yeni infrastruktur elementlərinin (yol, bina, qurğu və s.) tikintisinin aparıldığı müəyyənləşmişdi.“Qızılbulaq” və "Dəmirli" yataqları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə illər öncə bağlanılan sazişə uyğun olaraq ABŞ-ın "R.V.İnvestment"in şirkəti tərəfindən istismar olunmalıdır. Lakin həmin ərazilər uzun illərdir işğal altında olduğundan, "R.V.İnvestment"in şirkəti orada fəaliyyət qura bilməyib. Məlumatlara görə, ermənilər işğal dövründə hər iki yatağın qanunsuz istismarına xarici şirkətləri cəlb ediblər. Bir-birindən 15 kilometr uzaqlıqda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarında qanunsuz işlər İkinci Qarabağ Müharibəsindən sonra dayandırılmışdı. Lakin son vaxtlar – rusiyalı milyarder Ruben Vardanyanın Qarabağ separatçılarının rəhbərliyinə - qondarma “dövlət naziri” postuna gətirilməsindən sonra orada yenidən qanunsuz fəaliyyətə başlanılıb. Laçın yolunda etiraz edən ekologiya aktivistləri tələbləri yerinə yetirilməyənə qədər aksiyaları dayandırmayacaq.

8.Sülhməramlılarla aksiya iştirakçıları arasında bir ünsiyyət varmı?

Sülhməramlılarla aksiya iştirakçıları arasında heç bir ünsiyyət qurulmur.Sadəcə olaraq Azərbaycan vətəndaş cəmiyyəti həmişə olduğu kimi, bu aksiyadada böyük hümanizm nümayiş etdirərək Rusiya sülhməramlarına ehtiyac olacağı təqdirdə,həkim və qidalanma üçün öz yardımlarını təklif ediblər.Qeyd etməliyəm ki, bu aksiya dinc askiyadır. Onlarla fəal bir neçə saatda bir-birini əvəz edərək yolu tutmağa davam edir.Laçın dəhlizi humanitar təyinatlı maşınlar üçün tam olaraq açıqdır.

9.Soyuq hava şəraiti aksiya iştirakçılarının motivasiyasına təsir edirmi?

Xeyr, havanın soyuq olması aksiya iştirakçılarını qorxuda bilməz. Hava şəraitinin dəyişkən olmasına baxmayaraq, aksiyaya qoşulanların sayı getdikcə artmaqdadır.Çünki qardaşlarımız şəhid, qazi olaraq bu torpaqları azad edib. Biz gəncliyin də borcu bu torpaqların təbiətini, ekologiyasını qorumaqdır. Odur ki, heç kimdən çəkinmirik. Əlisilahlı rus sülhməramlısı da bizi qorxuda bilməz.Könüllülər aksiyanın ümumi mənzərəsini ifa etdikləri vətənpərvər ruhlu mahnılarla canlandırırlar.Onların yüksək əhvali-ruhiyyədə olduqları açıq-aydın görünür. Tələblər isə dəyişməz olaraq qalır – ekoloji terrora son qoymaq, sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdə yerləşən faydalı qazıntı yataqlarımızın monitorinqinin aparılmasına icazə vermək.

10. Ruben Vardanyanın “Azərbaycanlılar kimdi ki, o yolu bağlayıblar” sözlərinə münasibətiniz necədir?

Cavab olaraq deyə bilərəm ki, Azərbaycan Vardanyankimilərin Qarabağı təsiri altına almasına heç vaxt imkan verməyəcək və bununla bağlı qəti tədbirlər görəcək. Bu, ölkəmizin beynəlxalq səviyyədə tanınan hüququdur.Qeyd edək ki, yol humanitar məqsədlər üçün açıqdır. Aksiya iştirakçıları buradan bütün mülki ermənilərin, o cümlədən köməyə ehtiyacı olan dinc ermənilərin - yaşlıların, qadınların, uşaqların da keçidinə eyni şəraiti yarada biləcəklərini bildirirlər.Təəssüf ki, bədnam rusiyalı milyarder Ruben Vardanyan onları buraxmır, bura gəlmələrinin qarşısını alır və qəsdən saxta məlumatlar tirajlayır ki, Azərbaycan tərəfi dinc ermənilərə qarşı humanitar böhran yaradır. R.Vardanyanın məqsədi regionda gərginliyi artırmaq, Qarabağ ermənilərini əsarətdə saxlamaq və aldatmaqdır. Vardanyanın buraya gəlməsinin məqsədi Qarabağ ermənilərinin həyat şəraitini yaxşılaşdırmaq deyil. Çünki, sentyabrdan Qarabağa gələn Ruben Vardanyan ermənilərə bir qəpik də pul xərcləməyib, heç bir yeri bərpa etməyib, heç bir sosial məsələ həll olunmayıb. Halbuki, bu şəxs milyarderdir. Ruben Vardanyanın əsas məqsədi Azərbaycanın qızıl və mis mədənlərini öz nəzarətinə keçirməkdir. Bu vəziyyət qarşısında aksiyaların keçirilməsi onun planlarını alt-üst etdi.

Ekoterrora son qoyulması məqsədilə Şuşada - Xankəndi üzərindəki Laçın yolu istiqamətində toplaşmış yüzlərlə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin, ekoloqlarının, fəal insanlarımızın Vardanyana olan cavabı belədir - əslində, sənin bu kimi fikirlər bildirməyə nə hüququn, nə də ixtiyarın var. Yolu isə əsla Azərbaycan tərəfi bağlamayıb. Çünki belə halda humanitar yüklərin Xankəndiyə buraxılmasına şərait yaradılmazdı.

Cinayətkar və quldur Vardanyan oynadığı oyunun uzun müddət davam etməyəcəyini ya anlamır, ya da hər şeyi çox gözəl anlayır. Sadəcə, heç nə əldə etməyəcəyini, əksinə, hər şeyini itirəcəyi ilə nəticələnəcək oyunu bilə-bilə davam etdirir. Yəni hər iki halda bu, belədir. Bakı isə öz mövqeyini ən yüksək, qətiyyətli səviyyədə bəyan edib - heç bir separatçı, terrorçu və quldurla danışıqlar aparılmayacaq. Və ən maraqlısı budur ki, Kremldə planı cızılmış Vardanyan oyununun iflasa məruz qalacağı halda, alternativ plan hazırlanmayıb. Beləliklə, aksiya iştirakçıları bu planı yerli-dibli puç edib! Ruben Vardanyan, sən isə kim olmağımızı gəlib öz gözlərinlə görə bilərsən. Vardanyan, yol elə də uzaq deyil, aksiya iştirakçıları ilə Xankəndi arasındakı məsafə cəmi 14 kilometrdir, gəl və cavabını al, əgər cürətin çatırsa...
Laçın yolu istiqamətində vətəndaş cəmiyyətinin aksiyaları davam edir. O da məlumdur ki, nəticə olmadan kimsə heç yerə getməyəcək və əksinə, aksiya iştirakçılarının sayı getdikcə artacaq. Geriyə yol yoxdur.

Fərid MUSTAFAYEV,
Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu.


Oxunub: 267
Oxşar xəbərlər
SON XƏBƏRLƏR