(Uşaq bağçası müdirinin monoloqu)
Axı mən kim idim? Orta məktəbi “3” qiymətlə bitirdim. Dərslərimdən çox vaxt “2” qiymət alırdım. Sinif yoldaşlarım mənə kütbeyin deyərək, ələ salırdılar. Hə, nə olsun? Siz “4”, “5” qiyməti alırdınız. Sonrası nə oldu? Müəllim, tibb bacısı, jurnalist, nə bilim, nə. Hə, bax, indi deyin, kim yaxşı yaşayır?
Yaxşı ki, məktəbi bitirdikdən sonra atam mənə görə rüşvət verib kollecə daxil etdirdi. Heç orada da yaxşı oxumurdum. Bütün zaçot və imtahanlar zamanı müəllimlərə rüşvət verib qiymət alırdım.
Axı mən kim idim? Heç yerdə mənə hörmətlə yanaşmırdılar. Savad yox, yaradıcılıq yox, özüm də həyasızın, şantajistin biri. Kolleci ölüm-zülüm bitirdikdən sonra uşaq bağçasında tərbiyəçi işləyirdim, maaş az olduğundan çətinliklə dolanırdım.
50-dən çox kişi ilə əyləndim. Əclaflar, hamı etibarsız çıxdı. Keflərini çəkəndən sonra nəyisə bəhanə edib məndən aralanırdılar. O kaftara can sağlığı arzulayıram. Nə yaxşı ki, onunla “dostlaşdım”, yaxınlıq etdim. Mənim kimi etibarsıza, fırıldaqçıya, ha, ha, ha, haaa, inandı, var-dövlətini mənim üçün xərclədi. Sən nə yamansan, a pul; canlar alansan, a pul; evlər yıxansan, a pul; evlər tikənsən, a pul. Deyirlər, adamın gərək dayısı olsun. Qələt edib deyirlər. Dörd dayım var. Hə, nə olsun ki... Dördü birə dəyməz, biri heç nəyə. Nə etdilər mənim üçün? Heç nə... Pulun var, deməli daydayların da var. Adam tapıb, pulumu verib, işimi gördürəcəyəm. Qoy bir az da pul yığım, lap böyük vəzifəyə gedəcəyəm, hələ bir dayanın, baş idarəyə rəis təyin olunmalıyam. Böyük vəzifəyə təyin olunmaqdan ötrü qarşıma məqsəd qoymuşam. İndi də yaxşı dolanıram, amma bax, onda qaz vurub, qazan dolduracağam.
Neçə-neçə məmur fırıldaq yollarla qazandığı pullarla xarici ölkələrdə mülklər alıblar. Axı, mən kimdən əskiyəm? Nə olsun ki, evim, bağım, maşınım var. Hələ bir dayanın, hesablamalarıma görə mənim 45 yaşım olanda, mən də xaricdə ev alacağam. Amma mənə orada 2-3 mülk lazım deyil, biri bəsdir, mən çox gözütox adamam. Vaxtilə mənə kütbeyin, qancıq deyənlər, indi varlı qadın olduğuma görə qabağımda ikiqat olub, xanım, - deyə müraciət edirlər. Ha, ha, ha, haaaa...
Amma, vəzifə nə gözəl şeymiş. 22 işçim var. Onlardan 5 nəfər ölücanlardır, qurban olaram o ölücanlara, ümumiyyətlə işə gəlmədiklərinə görə maaşları bütünlüklə mənlikdir. Digər işçilərdən hər ay haqqımı alıram. O köpəkoğlunun qızının torbasını hökmən tikməliyəm, durnabaş köpək qızı. O gün mənə deyir ki, mən ali təhsilliyəm, az maaş alıram, çətinliklə dolanıram, vicdanla işləyirəm, işimə də məsuliyyətlə yanaşıram, hər ay məndən niyə qeyri-qanuni pul alırsan? Dedim əcəb edirəm, get hara şikayət edirsən, et. Hara şikayət edir-etsin. Məni yoxlamağa gələnin cibinə xərclik qoyub yola salacağam. Gələn kosmosdan gəlmir ki? Məni yoxlamağa gələn də, mənim kimi fırıldaqçının biridir də. Dolanıram, dolandırmalıyam... Dayan, durnabaş, səni əsassız işdən çıxarmaq üçün şıxış yolu axtarıram, 2-3 aya bu məsələ həllini tapacaq. Kül sənin başına, dilini qoy o dar yerinə, dilini dinc saxla, işini işlə də. Axı, sənin müdirlə nə işin var? Səni işdən çıxaracağam, başqasından yüksək pulu alıb işə götürəcəyəm... Vallahi, billahi, vəzifə gözəl şeydir. Bağça uşaqları üçün verilən ərzağın 50 faizini evimə aparıram, ailəliklə yeyib-içib kef edirik. Çox olanda satıram. Bağça üçün verilən yumşaq, quru inventarları da satıram, onun yerinə elə köhnələri hesabdan silsəm də, işlədirəm. Ha, ha, ha, haaa...
Bayquşu çox istəyirəm. O, da məni çox istəyir. Xadimə işləsə də yaxşı qadındır. Quzu kəsərəm sənə. Niyə də istəməyim axı? Kollektivdə mənim haqqımda olan söz-söhbətləri mənə çatdırır – bu bir. Evimdə təmizlik işlərini görür – bu iki. İşçilər evə getdikdən sonra uşaqlar üçün ayrılmış ərzağın bir hissəsini zəmbillərlə evimə gətirir – bu üç. Yazığı hələ bağçanın həyətində bağban kimi eşşək kimi işlədirəm – bu dörd. Belə işçiyə canım qurban.
Ha, ha, ha, haa, o gün məktəb yoldaşımla təsadüfən yolda görüşdüm. Məni artıq rüşvətxor, fırıldaqçı kimi tanıdığını üzümə dedi. Ay-hay, söz altında qalmadım, dedim ki, indi hansı məmur rüşvətlə dolanmır? Bağça müdiri balaca bir vəzifədir, bağça müdirləri az qazanırlar, sən hər ay bir evin pulunu qazananlardan danış. Köpək qızı, sözlərimi eşitcək sağollaşmadan getdi.
Məni tanıyan müəllimlərə, tibb işçilərinə, mədəniyyət işçilərinə, ancaq maaşla dolananlara demək istərdim ki, gördünüz, orta məktəbdə “2”, “3” qiymətlər alsam da, indi varlı bir qadınam. Nə olsun ki, savadlı və ağıllısınız? Varlı olmaqdan, yaxşı yaşamaqdan ötrü çıxış yolu tapmaq lazımdır. Mənim savadım olmasa da, həm bicəm, həm də ağıllı. Tək ağıllı olmaqla qabağa getməzsən, həm də gərək bic olasan. Yalan danışmağı qəşəng bacarıram, lazım gəlsə yaltaqlanıram, lazım gəlsə şər ataram, xoşum gələn kişiyə özümü sevdirə bilirəm, beş kişini əlimdə elə fırladıram ki... Ha, ha, ha, haaa. Gedin, gedin işinizlə məşğul olun, işinizə məsuliyyətlə yanaşın, ha, ha, ha, haaaaa...
Fərhad Əsgərov,
yazıçı-jurnalist
Oxunub: 299