dini radikalizm və ekstremizmlə mübarizə

DƏRMAN QOXUSU



( Novella)


...Təzəxan öz doğma rayonundan qaçqın düşəndən sonra şəhərdə xırda sahibkarlıqla-ticarətlə məşğul olmağa məcbur oldu. Alverlə o qədər arası olmasa da ailəni dolandırmağın çıxış yolunu bunda tapdı.Minbir əzab-əziyyətlə tibb bacısı ixtisası olan həyat yoldaşı Səlminazla əl-ələ,kürək-kürəyə verərək torpaq sahəsi aldılar...geniş və yaraşıqlı ikimərtəbəli həyət evi də tikdirdilər.Üç uşaq böyüdüb tərbiyə etmiş,onlara yetərincə, yaxşı da təhsil vermişdilər.Özləri isə çox mehriban,maraqlı,sakit həyat tərzi sürürdülər.Nədən ki,bir-birlərini anlayır,başa düşürdülər.Elə ailədə birinci əsas şərt bu,idi!
Təzəxan sübh tezdən evdən çıxıb işinə gedər, axşam şəvnik düşəndə isə evə,ailəsinin yanına-öz ocağına qayıdardı.Xoşbəxt o adamdır ki,evdən çıxanda iş üçün,işdən qurtaranda isə evə getməyə tələsər,can atar.Təzəxanın da təbiəti,xasiyyəti beləydi.Kənar işlərə,izafi yerlərdə gəzib-dolanmağı,vaxt itirməyi əsla sevməzdi.Evdən-işə,işdən də-evə.Onun daimi hərəkət marşrutunun sabit qrafiki beləydi!
Evin bütün yır-yığışı,dəm-dəstgahı,gəlib-gedəni qarşılayıb yola salmağı,necə deyərlər...ağır şələsi isə ömür-gün yoldaşı Səlminazın çiyinlərinə düşmüşdü.
Səlminaz da ki, maşallah,zirək,qoçaq idi.Əlindən nə gəlmirdi ki, onun! Gəlin ocağa gələr,-deyiblər.
Elə bu ocaq da kənddən belə gur çatılmışdı!Gəlimli-gedimli...İzdihamlı və təntənəli.
Səlminaz həm də çox xeyirxah,əldən tutan,qohumcanı,təəssübkeş,istiqanlı bir qadın idi.Fədakarlığı,zəhmətkeşliyi öz yerində.Tibb bacısı olmağı isə onun işini,qayğılarını daha da artırırdı.Amma neynirsən...həkimdən də çox bilirdi.Bu bilgini,fərasəti,hörməti rayonda xəstəxanada işləyərkən yiyələnib qazanmışdı,Səlminaz!
Əli də ki,çox yüngül,düşərli idi.Elə yaşadıqları məhəllədə bir ağır xəstəni sağaldıb ayaq üstünə qaldırandan sonra daha da məşhurlaşdı.
İmkansız,özəl xəstəxanalarda yatıb müalicə almağa maddi-imkanı çatmayanlara tez-tez əl tutar,təmənnasız iynəsini vurar,dərman-dəvalarını verər,damarlarına həkimin yazdığı sistemlərini köçürdərdi,Səlminaz...
İki daşın arasında ev işlərini tərgidib onun hüzuruna imdada,köməyə,diləyə gələnləri qətiyyən əliboş qaytarmazdı!
Əri Təzəxan da bunu bilirdi,xasiyyətinə bələdiydi...Amma nə etsin ki, bilirdi ki,yaman günün,ağır günün ömrü az olar.
Təzəxan hər axşam evə gələndə həyat yoldaşının yenə də hansı qonşudasa xəstənin başının üstünü kəsdirdiyini bilirdi.Bilirdi ki,elə əsl savab,xeyirxahlıq,yaxşılıq budur.Odur ki,heç bir söz-söhbət,danışıq,dedi-qodu salmaz,onun xətrinə dəyməzdi...Nədən ki,Təzəxanın da ipək kimi həlim xarakteri,körpə uşaq tək kövrək qəlbi var idi.
...Bu gün Təzəxan yenə də işdən evə tez gəlmişdi.Alqı-satqı xeyli zəiflədiyindən neçə gün idi ki,belə vədələr evə üz tuturdu.
Bir az yorğun-ağrın olsa da öz otağına keçib rahatlanandan sonra:
-Orda kim var,mənə bir stəkan çay gətirsin,zəhmət olmasa,-dedi.
Qızı Nərgiz atasının səsini eşitcək əlüstü çayı süzub onun hüzuruna gətirdi.
Təzəxan qızına xoş bir təbəssümlə baxıb dedi:
-Qızım,anan niyə çayı gətirmədi ki?
Nərgizin əli üzündə qaldı.
-Bıy,Ata,sən hardan bildin ki,anam evdədir?Axı,sən onu gələndə görmədin.Anam elə indicə...lap təzə gəlib.Mətbəxdədir.Sənin bacın,mənim isə sevimli,istəkli bibim Çinarə müəllimlə şirin-şirin ayaq üstə söhbət edirlər.
-Ata,indi bildim ki,sən anamı necə də ürəkdən bərk sevirsənmiş!
Onu görməyə-görməyə,səsini belə eşitmədən, evdə olmağını belə hiss etdiyindən, duyduğundan ta sənə sözüm yoxdur,atacan!
-Düz deyirsən,qızım!Ananı sevib almışam,özü də dəlicəsinə! Onu rəngindən,yerişindən,səsindən tanıyıram.
Amma səndən nə gizlədim? Evə girəndə dərmanların iyi burnuma yaman gəldi və bu qoxu məni elə vurdu ki, əmin oldum ki,anan yüz faiz evimizdədir!
Bir azdan bu,duzlu- məzəli söhbəti...içi Səlminaz qarışıq--hamısı eşidib xoş ovqata köklənmiş,çöhrələrə xəfif bir təbəssüm qonmuşdu... Və otağı isə başdan-başa gülüş sədaları bürümüşdü!..

Həsən Orucoğlu

Oxunub: 556
Oxşar xəbərlər
SON XƏBƏRLƏR