dini radikalizm və ekstremizmlə mübarizə

Uşaqlar sağlam fiziki və mənəvi sağlam bir nəsil kimi yetişdiriməlidir"


Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyir ki, uşaqların və gənc nəslin sağlam fiziki, mənəvi inkişafının təmin olunması hər bir cəmiyyətdə ən vacib problem, əhəmiyyətli məsələdir:
“Azərbaycanda bu sahədə son vaxtlar vəziyyət yaxşı deyil. Etiraf edək ki, hər iki tərəfdə ciddi problem mövcuddur. Məsələnin iki aspekti var– fiziki və mənəvi inkişaf. Fiziki inkişaf uşaqların təhsil, yaşamaq, normal tibbi yardım almaq, normal qidalanmaq, təhlükəsizlik hüququ kimi təməl ehtiyaclarının lazımi qaydada təmin olunmasıdır. Məsələn, Sovet dövründə uşaqların həm dərsləri, həm də asudə vaxtları düzgün və səmərəli təşkil olunurdu. Uşaqlar pulsuz şəkildə məktəbdənkənar yaradıcılıq və idman kurslarına cəlb olunur, mərhələli şəkildə tərbiyə edilirdilər. Uşaqlıqdan sağlam ruhda tərbiyə aşılanırdı, gələcək üçün sistemli şəkildə kadrlar yetişdirilirdi. Son vaxtlar məsələ tamamilə aradan qalxıb. Adi insanların uşaqlarını idman kurslarına, yaradıcılıq mərkəzlərinə göndərmələri üçün maddi imkanları çatmır. Belə kurslar ayda minimum 50 manatdan başlayır. Nəzərə alsaq ki, bir ailədə iki və daha çox uşaq ola bilər. Onların hər biri kursa getsə, aya neçə yüz manat vəsait edir. Bu isə ailənin ümumi gəliri qədərdir. Deməli, əhalinin əksər hissəsi üçün bu, mümkün deyil. Belə bir halda narkomaniyanın yayılması, uşaq cinayətlərinin artması, uşaqların psixologiyalarının korlanması kimi problemlər açıq-aşkar özünü göstərir və artmaqdadır. Məsələ həll olunmalıdır. İnkişaf əsasən dövlətin üzərinə düşür. Təbii ki, valideynlərin də burada rolu var. Valideyn uşaqların sağlam qidalanmasını, sağlam tibbi yardım almasını təmin etməlidir. Amma bunu dövlətin yaratdığı imkanlar çərçivəsində edə bilər”.

E.Bayramlı uşaq və gənclərin mənəvi inkişafının təmin olunması məsələsinə də toxunub: “Mənəvi inkişaf üçün həm ailədə, həm məktəbdə uşaqlara “müasirlik” deyilən tərbiyə metodu yox, sırf ənənəvi, milli-mənəvi dəyərlər üzərində, düzgün tərbiyə verilməlidir. Ailələr isə artıq uşaq tərbiyəsini arxa plana, “azadlıq”, “sərbəstlik” adı altında tamamilə kənara atıblar. Uşaqların tərbiyəsi internetə həvalə olunub. Hərəsinin əlinə iri smartfon verilib. Azad internetdə - dəhşətli bir məkanda uşaqlar müdafiəsiz buraxılıb. Valideyinin ya buna bəzi hallarda vaxtı çatmır, ya da həvəsi yoxdur. Məktəblərin də əlindən tərbiyə funksiyası alınıb, yalnız təhsil verən funksiya qalıb. Uşaqlara məktəbdə kurikulum sistemi, yeni və müasir yanaşmalar – adı “innovativ yanaşma” qoyulsa da, bu, heç də yaxşı yanaşma deyil. Çünki uşaqlara məktəbdə həddindən artıq özbaşınalıq, sərbəstlik hüququ tanınıb. Müəllimlərin onları tərbiyə etmək, nəzarət etmək hüquqları isə tamamilə məhdudlaşdırılıb. Ətraf mühit də o qədər yaxşı deyil. Uşaqlar küçədə, eləcə də internet məkanlarında mənfi meyillərə məruz qalırlar. Bu məsələdə artıq dövlətin rolu üstündür. Eyni zamanda həm valideyinin, həm də cəmiyyətin”.

Sosioloq məsələdə medianın da rolunu xüsusi vurğulayıb: “İndi uşaqlar kitab oxumurlar. Kitab oxumadan böyüyən uşaqdan yaxşı heç nə gözləmək olmaz. Onların məşğuliyyətləri necə təmin olunur? Vaxtları ancaq internetdə mənasız videolara, aqressiv oyunlara həsr olunur, real ünsiyyət aradan qalxır, bir növ virtual dünyada yaşayır. Bu, zonbiləşməyə aparıb çıxarır, yad ideologiyaların təsiri altına düşür. Yerli istehsal çizgi filmlərimiz, demək olar, çox azdır. Uşaqlar körpəlikdən yad mədəniyyətlərin hazırladığı filmlərlə, tele-istehsallarla böyüyür, onları tanıyır və milli köklərindən aralı düşür. Fikir vermişəm, gənclərimizin çoxu klassik kinolarımızdan, ədəbiyyatımızdan, folklorumuzdan xəbərsizdirlər. Təbii ki, kiçik bir hissəni çıxmaq şərti ilə, yaxşı oxuyan tələbələr var. Sağlam gənclik, sağlam cəmiyyət istəyiriksə, uşaqları, gəncləri düzgün tərbiyə etməliyik. Cənab Prezidentimiz dəfələrlə vurğulayıb ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində bərqərardır və belə də inkişaf edəcək. Bu prinsiplə məsələyə yanaşılmalıdır. Valideynlər də məsuliyyətli olmalıdırlar. Təhsil sistemi də məsələyə düzgün yanaşmalı, son vaxtlar apardığı eksperimentlərə son qoymalıdır. Normal milli təhsil və tərbiyə sistemi formalaşmalıdır. Əks halda, sağlam gələcəkdən söhbər belə gedə bilməz. İndidən artıq əlamətlərini görürük. Sonrakı dövrdə elmə, idmana yönəldilmiş gənclərin işlə təminatına, elmi yaradıcılıqla, mədəni, idman sahələrində özünü realizə etməsinə imkan yaradılmalıdır. Məsələn, uşaq verilişləri yox səviyyəsindədir. Gənclərin asudə vaxtları üçün intellektual yarışlar keçirilməlidir. AZTV-də, İctimai TV-də bu, var. Amma özəl kanallar, kommersiya kanalları bu işdə maraqlı deyillər. Əksinə, gənclərin tərbiyəsini pozmağa yönəlmiş, milli-mənəvi dəyərlərimiz əleyhinə zərərli təbliğatla məşğul olurlar. Bu aparılan təbliğat qloballaşma proqramı çərçivəsində gedir. Milli dəyərlər sıradan çıxır. Nəticədə boşanmalar üzrə dünya “liderləri”ndən biriyik. Ailə institutumuz dağılır. Narkomaniya, işsizlik sürətlə artır. Bu isə milli genefondun zədələnməsi, məhv olmasıdır. Burada artıq kompleks yanaşma olmalıdır. Dövlət siyasəti müəyyənləşdirilməlidir. Uşaqların sağlam fiziki və mənəvi inkişafı ilə bağlı xüsusi dövlət proqramı elan olunmalıdır. Dövlət medianı da, cəmiyyəti də, ictimai institutları da buna məcbur etməlidir. Onlar da buna borcludurlar. Sosial məsuliyyət anlayışı var. Hətta şirkətlər belə bu işə dəstək verməlidirlər”.

Aytəkin Qardaşova
Pravda.Az

Oxunub: 223
Oxşar xəbərlər
SON XƏBƏRLƏR