dini radikalizm və ekstremizmlə mübarizə

ÇIXIŞ YOLU HƏMİŞƏ VAR


(Hekayə)

O, polis şöbəsinə rəis təyin olunan gündən işi-gücü əsasən idarə müdirlərindən, ticarət obyektlərindən, yanacaqdoldurma məntəqələrindən pul qopartmaq oldu. Bir sıra müəssisələrin rəhbərləri özləri onun yanına gəlirdilər, bəzilərini özü çağırırdı, bəzilərinin yanına özü gedirdi... Əlqərəz, necə deyərlər, hamı ilə dil tapa bilmişdi, hamını özünə ram etmişdi. Ancaq rayonda yeganə müəssisə idi ki, rəis ha fikirləşirdi, oranın qıfılını aça bilmirdi. Bu yer isə kimyəvi təmizləmə emalatxanası idi. Birincisi, ora elə bir “layiqli” obyekt deyildi. İkincisi, oradan nə alacaqdı ki? Üçüncüsü isə, ən başlıcası idi: rayonda ram edilməyən bir obyekt qaldımı, onun yuxusu ərşə qalxar, yediyini-işdiyini bilməzdi. Rəis belə rəis idi. Odur ki, bütün tədqiqat mexanizmini salmışdı işə. Çox fikirləşdikdən sonra axır ki, bir bəhanə tapa bildi...
Onun köhnə bir pencəyi vardı. Heç əyninə geymirdi. Atmışdı evin bir küncünə. Səhər onu götürüb apardı təmizləmə emalatxanasına.
Bir neçə gün ötəndən sonra pencəyin dalınca getdi. Emalatxananın işçisi pencəyi ona uzadanda polis rəisi onun üstünə qışqırdı:
-Bu nədir, pencəyimi nə kökə salmısan? Üç saata mənə təzə pencək verməsən, aparıb salacağam səni qoduqluğa! Bildin?
Haray-həşir eşidən emalatxana müdiri də haradansa peyda oldu. Onun artıq polis rəisinin necə adam olduğu haqqında məlumatı var idi və yaxşı başa düşürdü ki, bu rəisin qurmasıdır. Və onu da yaxşı başa düşürdu ki, əgər rəisə müəyyən məbləğdə pul verməsə, bir neçə aydan sonra “başı ağrayacaq”.
-Cənab rəis, - deyə ona müraciət etdi. – Xoş gəlmisiniz bizim obyektə, həmişə siz gələsiniz. İcazə verin sizə təzə kostyum alım.
...İki saatdan sonra təzə bahalı kostyum rəisin əynindəydi. Hələ kostyumun cibinə pul da qoyulmuşdu. O, kabinetindəki güzgünün qarşısında durub, özündən razı halda bahalı kostyumuna tamaşa edir, arabir də öz-özünə deyirdi: “çıxış yolu həmişə var”.
Fərhad Əsgərov (Ramizoğlu)

Oxunub: 173
Oxşar xəbərlər
SON XƏBƏRLƏR